• 23 Sentyabr 2019

Tövbə

Möhtərəm müsəlmanlar, Uca Allah bəşər övladını həm yaxşı, həm də pis əməllər törətməyə qadir yaratmışdır. İnsanoğlu ağıl və iradənin gücü ilə dinin buyurduğu gözəl əməlləri həyata keçirdiyi kimi, bəzən nəfsinin və mənfi duyğularının təsirində qalaraq günah işlər də görür. Bu baxımından dinimiz insanın törətdiyi günahlara görə, Uca Yaradan qarşısında peşmançılıq hissi çəkməyi vacib sayır ki, buna tövbə deyirik.

Günah əslində insanın mənəvi dünyasını qaraldan ləkədir. Bağışlanma diləmək isə ləkəni təmizləyən suya bənzəyir. Əgər bu ləkələr təmizlənməzsə, getdikcə insanın daxili dünyası tamamilə qaralar və ruhu ülvi duyğulara qarşı təsirsiz  qalar. Bu baxımdan, qul haqqı xaricində günah ləkəsindən təmizlənmək üçün yeganə çarə olan tövbənin müəyyən şərtləri vardır:

1 Günah əməldən tamamən uzaqlaşmaq;

2 Törədilən günaha görə səmimi peşman olmaq;

3 Və bir daha eyni günahı etməmək.

Əgər  törədilmiş günahda qul haqqı  da varsa, halallaşaraq həmin haqqı ödəmək lazımıdır.

Dinimiz inanan insana etdiyi günahlara görə, ümidsizliyə düşməməyi buyurur və ilahi rəhmət duyğusunu daim qəlbində daşımağı vurğulayır. Bununla bağlı Uca Yaradan Qurani-Kərimin “əz-Zümər” surəsinin 53-cü ayəsində bəndələrinə belə müraciət edir: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir”

Ayənin məntiqindən aydın olduğu kimi, insan günahın böyüklüyünə baxıb ümidini itirməməli və Allah-Təalanın rəhmətinin genişliyi barədə düşünməlidir.

Həmçinin, unutmamaq lazımıdr ki, Uca Yaradan insanın gördüyü işin günah olduğunun mahiyyətinə varıb səmimi tövbə edənlərdən ötrü sevinir. Həzrət Peyğəməbər (s) bir hədisində tövbəyə görə, Rəbbimizin sevincinin kimsəsiz səhrada dəvəsini itirib onu təkrar tapan insanın sevincindən qat-qat yüksək olduğu bildirmişdir.

Əziz möminlər, bəzən tövbə məqsədi ilə pir və ziyarətgahlara gedib, birbaşa oradan günahların bağışlanmasını diləyən insanlara rast gəlirik. Bilməliyik ki, dinimiz belə əməlləri qətiyyən doğru saymır. Çünki İslama görə, tövbə yalnız Allahla bəndə arasında reallaşan  məsələdir. Ona görə də günahları bağışlayan yeganə varlığın Uca Yaradan olduğunu dərk etməli və bağışlanma üçün başqa yardımçıya ehtiyac duymadan yalnız Allaha güvənməliyik. Müqəddəs kitabımızın “Ali-İmran” surəsinin 135-ci ayəsində buyurulur: “…Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.”

Tövbə üçün hər hansı ziyarətgaha getməyə ehtiyac yoxdur. İslam alimləri bağışlanmaq üçün sadəcə tövbə namazı qılmağı məsləhət görürlər. Günah iş görmüş müsəlman tövbəyə niyyət edib dəstəmaz almalı, sonra iki rükət namaz qılıb, günahın bağışlanması üçün dua etməlidir. Təbi ki bu namazı qılmaq da şərt deyildir. Əsas məsələ odur ki insan etdiyi günaha görə peşman olub və bir daha onu etməməyə Uca Allah söz versin.

İslam mənbələridən müxtəlif tövbə duası vardır. Onlaradan biri bu şəkildədir: “Ey eyibləri örtən, günahları bağışlayan Rəbbim! Bu ana qədər mənim əlimdən, dilimdən, gözümdən, qulağımdan, ayağımdan meydana gələn bütün günah və xətalardan tövbə etdim, peşman oldum. Küfr, şirk, üsyan, günah və hər nə qəbahət iş gördümsə,  hamısından utanır və bir daha onları etməməyə söz verirəm. Sən mənim bu tövbəmi qəbul et. Nəfsimə və şeytan uyub eyni günah və qüsurları bir daha təkrar etməyə imkan vermə!

Bir daha  iman edib təsdiqləyirəm ki, Həzrət Adəmlə (ə) Həzrət Muhəmməd (s) arasında çoxlu sayda peyğəmbərlər gəlib ilahi kitablar təbliğ etmişlər. Onların hamısını haqq sayıb, şəksiz iman gətirdim. Yenə dilimlə şəhadət verib, qəlbimlə təsdiqləyirəm ki, sonuncu səmavi kitab Qurani-Kərim, axırıncı peyğəmbər isə Həzrət Muhəmməddir (s)

Əziz qardaşlar, törətdiyimiz xətalı əməllərə görə, bu qədər mərhəmət qapısı açan Uca Yaradana necə tövbə etməyək, günahdan necə təmizlənməyək? Axı  bəndə tövbə ilə Rəbbinə yönəldikcə Allahın rəhmət dəryası coşaraq günah ləkəsini yuyar, gözdən axan bir damla peşmanlıq yaşı qarşılığında ilahi rəhmət yağışı yağar. Deməli, tövbə bəndə üçün təkcə rəhmət deyil, həm də onun ruhunu sıxınıtılardan xilas edən məlhəmdir. Yetər ki, can boğaza dirənmədən bunun fərqinə varaq.

      Tevbe

4 May  2012 / 13  C. Axir  1433

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 391 dəfə.

Müşfiq Xəlilov

Read Previous

May 2012

Read Next

İslamın Aborta münasibəti 1-ci hissə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.