• 29 Mart 2024

Xocalı Faciəsi.

xocali faciesi 2 Möhtərəm möminlər, bugünkü, xütbəmizin mövzusu xocalı faciəsi haqqında olacaqdır.  1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni terror dəstələri, rus hərbi birləşmələrinin 366-cı polkunun müasir silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı soyqırımı törədildi. Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra olundu. Xəstələrə, ağsaqqal və ağbirçəklərə, körpələrə, qadınlara aman verilmədi. Azərbaycan xalqına qarşı amansız şəkildə soyqırım həyata keçirildi.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu, yerlə-yeksan edildi. Bu soyqırımı əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan “dairəvi” güllələr, digər silahlar istifadə edildi. Həmin qanlı gün, saat 23.00 radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənginə çatan əhali nizami rus ordusu və vəhşi erməni quldurlarına müqavimət göstərmək iqtidarında deyildi. Xocalılar vəhşiliklə üz-üzə qaldılar. 613 nəfər şəhid oldu. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə öldürüldü. 27 ailə tamamilə məhv edildi. 230 ailə öz başçısını itirdi. Əsir düşmüş 1275 nəfər xocalılı amansız işgəncələrə düçar oldu. Bu soyqırımı əməliyyatlarında xüsusi hazırlıq keçmiş 366-cı alayın zabitlərinin və digər muzdluların iştirakı tələfatın miqyasını daha da artırmışdı. Əziz müsəlmanlar, Xocalı facisəi şahidlərdən biri belə deyir:

“Gözümün qabağında 4 məshəti türkünün, 3 qonşumuzun başını erməni quldurunun qəbri üstündə kəsdilər. Rus əsgərləri ilə bir yerdə ermənilər ata-analarının gözü qarşısında uşaqlarına işgəncə verib öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə dərəyə tökürdülər”.

Digər bir şahid isə belə deyir: “16 yaşındakı oğlumu güllələdilər. 23 yaşlı qızımı iki əkiz oğlu və 18 yaşlı hamilə qızımı əlimizdən aldılar”.

10 yaşlı bir şahidin sözü: “Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz orada qalmışam. Susuzluqdan ölürdüm. Çoxlu qar yemişəm”.

Başqa bir şahid isə belə deyir: “Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam”.

Digər bir şahid isə belə deyir: “Bir sutka ayaqyalın meşədə qaldıqdan sonra atam, anam və 16 yaşlı bacım şaxtaya tab gətirə bilmədilər. Sağ qalan xocalılarla birgə məni də girov götürdülər. Bizi bir gün ac-susuz, döşəməsinə su doldurulmuş zirzəmidə saxladılar. Daşnak tör-töküntüsünə dəyişdirildim. İndi iki ayağımdan da məhrumam”.

Başqa bir şahid isə belə deyir: “Ermənilərin hücumundan sonra meşəyə çəkilməli olduq. Burada 3 gün ac-susuz qaldıq. Fevralın 28-də axşam bizi mühasirəyə aldılar. Bizi Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir neçə adamı aparıb güllələyirdilər. Vəhşilər başıma dəhşətli zərbələr endirirdilər. Qızıl dişlərimi kəlbətinlə çıxartdılar. İki qabırğamı sındırdılar. 18 gündən sonra bir alt paltarına bizi dəyişdirdilər. Atamı, iki qardaşımı, qardaşım oğlunu öldürdülər”.

İndi isə Xocalı faciəsindən az sonra hadisəyə şahid olan xarici jurnalistlərin qəzetlərində yazıdqlarına nəzər salaq:

İzvestiya qəzeti: “Mən özüm yamacda yüzə qədər meyit gördüm . Oğlan uşaqlarından birinin başı yox idi. Hər yerdə xüsusi qəddarlıqla öldürülmüş qoca, qadın və uşaq meyitləri vardı”.

Le Mond qəzeti: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında 3 baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyit görüblər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır”.

Qolos Ukraini qəzeti: “Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz yaşları, ölüm, bədbəxtlik, dağıntılar… Xocalıda körpələri nə üçün qətlə yetirdilər? Bəs analarını? Allah insanı cəzalandırmaq istəyəndə onun ağlını alır”.

Nie qəzeti: “Bolqarıstanda çıxan bu mətbuat orqanı Xocalı soyqırımına həsr olunmuş bütöv bir nömrə çap etmişdir.

Ermənilərin öz dilindən Xocalı etirafları:

Davud Xeyriyyanın “Xaç naminə” kitabından hissələr (19-76-cı səhifələr . Müəllifin  Xocalıdakı faciə haqqında qeydləri) Səhifə 26: “…O şaxtalı səhər günündə biz Daşbulağın yaxınlığındakı kilometrlərlə dərinliyi olan  bataqlığı keçmək üçün  ölülərdən  körpü düzəltməli olduq .Mən meyitlərin üzərindən keçib getmək istəmirdim. Onda podpolkovnik Oqanyan mənə işarə etdi ki, qorxmayım. Bu müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlarındakı qan içində olan qızın sinəsi  üzərinə çıxdım və yeriməyə başladım. Mənim çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə mən təxminən 1200-ə qədər  meyitin yanından keçdim”. 62- 63-cü səhifələrdə müəllif yazır:

“…Mart ayının 2-də “Qaflan” adlı erməni qrupu (meyitlərin yandırılması ilə məşğul olan) alçaq monqollardan (türklər) təxminən 2000-ə qədər meyit yığdı və onları ayrı-ayrı  yığınlarla  Xocalıdan bir neçə kilometr  qərbdə yandırdı. Sonuncu yük maşınında mənim 10 yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı nəzərimi cəlb etdi. Diqqətlə baxdığımda onun asta-asta nəfəs aldığını gördüm. Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq uşaq hələ də yaşayırdı .Mən heç vaxt o uşağın ölümlə mübarizə aparan  gözlərini unutmayacağam. Sonra əsgərlərdən Tiqranyan adlı birisi onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf  sürüdü və daha sonra onları yandırdılar. Mən orada kiminsə kömək istəyərək, çığırdığını eşitdim.  Daha yeriyə  bilmirdim. Ancaq mən  bütün müqəddəslər tərəfindən lənətlənmiş türkləri qırmaq və Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə ”yürüşlərini davam etdirdilər” Növbəti gün biz kilsəyə getdik və 1915-ci ildə həlak olmuş həmvətənlərimizin ruhları üçün dua etdik və axşam  törətdiyimiz! dəhşətdən qəlblərimizin təmizlənməsini dilədik.

Əziz müsəlmanlar, elə isə gəlin bu faciəni heç vaxt unutmayaq. Unutmayaq ki ən azından belə bir faciə bir daha təkraralanmasın. Unutmayaq ki, düşmənimizi tanıyaq.  Düşmənimiz tanıyaq ki, onunla mübarizə apara bilək.

26 Fevral 2010 / 12 Rəbiuləvvəl 1431   Müşfiq Xəlilov.

Read Previous

Yalan

Read Next

Həcc.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.