• 19 Aprel 2024

Yalan

Möhtərəm möminlər, bəşəriyyət üçün ən zərərli günahlardan biri də yalandır. Yalan, mənəvi bir xəstəlikdir. Yalan, qiyamət günü insanın əleyhinə ən böyük dəlil olaraq çıxan bir günahdır. Yalan böyük günahlardan sayılmaqdadır.

Əsasən insanlar xəcalətdən çıxmaq və ya özlərini təmizə çıxarmaq üçün yalan danışarlar. İnsan yalan danışmaqla başqalarını aldada bilər, amma hər şeyi bilən Uca Allahı aldada bilməz. İnsanın bu dünyada rəzil-rüsvay olmamaq üçün söylədiyi yalan axirətdə onu daha da pərt edəcəkdir. Bu dünyada beş-altı adam qarşısında üzünün qızarmasından qorxaraq yalan danışan insanın axirətdə bütün insanların hüzurunda yalanı ortaya çıxacaqdır. Bir az dara düşəndə özünü xilas etmək üçün yalan danışanlar əbədi həyatda həddindən çox çətin və sıxınıtılı bir vəziyyətdə olacaqlar.

Yalan insanın qəlbini qaraldan çirkin bir xüsusiyyətdir. Bu barədə Allah Rəsulu (səs) belə buyurur: “Bəndə yalan danışmağa davam etdikcə qəlbinə qara bir nöqtə vurulur. Sonra bu nöqtə böyüyür və qəlb tamamiylə qapqara olur. Bu kimsə nəhayət Allah qatında “yalançılar” arasında yazılır.”[1]

Yalan insanı cəhənnəmə aparan qorxunc bir xəstəlikdir. Belə ki bir hədisi-şərifdə: “Yalan insanı günaha, günah da cəhənnəmə aparır. İnsan yalan danışmağa davam etdikcə nəhayət Allah nəzərində yalançı olaraq yazılır.”[2] 

Yalan möminə yaraşmadığı kimi cənnətə də yaraşmayan pis bir  xüsusiyyətdir. Yalançı cənnətdən uzaqlaşdığı kimi yalanın da cənnətdə əsla yeri yoxdur. Bir ayədə belə buyurulur: “-Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər.”[3]

Qurani –Kərim yalanı, inkar edənlərə şamil edərək belə buyurur: “-Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uyudururlar. Onlar əsl yalançılardır.!”[4]

Hz. Peyğəmbər (səs) də yalanı münafiqliyin əlamətlərindən sayaraq belə buyurmuşdur: “Münafiqin əlaməti üçdür: danışanda yalan deyər, söz verəndə sözündən dönər, ona bir şey əmanət ediləndə əmanətə xəyanət edər.”[5]

Əziz müsəlmanlar, mövzumuzla əlaqəli başqa bir hədisi şərifdə Allah Rəsulu (səs) belə buyurur: “Mən haqlı da olsa münaqişəni tərk edən kəsə cənnətin kənarında bir imarət veriləcəyinə zaminəm. Zarafat da olsa yalan söyləməyən kimsəyə cənnətin ortasında bir imarət veriləcəyinə zaminəm. Əxalqını gözələşdirən şəxsə də cənnətin ən üstündə bir imarət veriləcəyinə zaminəm.”[6]

Hədisdən başa düşüldüyünə görə mömin haqlı da olsa böyük bir kamillik göstərib mənasız mübahisə və münaqişələrə girməməlidir. Ümumiyyətlə insan nəfsinin mübahisə və münaqişədən çox xoşu gəlir. Mübahisədə qalib gəlməkdən böyük bir həzz alır. Nəfsini tərbiyə edərək bu həvəsinə qalib gələn müsəlmanın mükafatı cənnətin kənarında bir imarət əldə etməkdir.

Hədisdə keçən digər məsələ zarafat da olsa yalan danışmamaqdır. İnsan başqaları ilə zarafat edərək gülüb əylənməyə meyillidir. Bunu edərkən də çox vaxt yalana müraciət edir. Məsum görünüşlü bu təhlükəli vərdişi tərk etmək zaman baxımından çox çətindir. Bu səbəbdən də onu tərk etmənin mükafatı da cənnətin ortasında bir imarətdir.

Demək ki, həqiqi mömin yalana qeyri-ciddi yanaşmamalıdır. Çünki bir çox insanın yalan olmayacağını düşündüyü bəzi sözlər vardır ki, söyləyənin əməl dəftərinə yalan günahı yazılmasına səbəb  olur. Abdullah bin Amir (r.a.) belə nəql edir. “Bir gün Rəsulullah (səs) bizim evimizdə idi. Elə bu vaxt anam məni çağırıb:

“Gəl, sənə bir şey verəcəm.”-dedi.

Allah Rəsulu (səs) anamdan: “-Ona nə vermək istəyirdin?”-deyə soruşdu. Anam: “-Bir xurma vermək istəyirdim.” dedikdə Rəsulullah (səs)  belə buyurdu: “-Xəbərin olsun, əgər ona bir şey verməsəydin sənə bir yalan (günahı) yazılardı.”[7] Deməli, uşaqları tərbiyə edərkən  də yalandan uzaqlaşmağa çox diqqət etmək, onları sevindirmək və ya qorxutmaq üçün uydurulmuş yalan sözlər söyləməkdən çəkinmək lazımdır.

Bundan əlavə ticarət məsələlərində də yalandan and içmək malın bərəkətinin yox olmasına səbəb olur.[8] Rəsulullah (səs) xəta edərək alış-verişinə yalan və yalançı and qatan tacirlərə sədəqə verərək bu günahlardan təmizlənməyə çalışmalarını tövsiyə etmişdir.[9]  Möhtərəm möminlər, Bütün bunlarla yanaşı yalan danışmağın caiz olduğu bəzi yerlər də vardır. Bu barədə bir hədisi-şərifdə belə buyurulur: “Ey insanlar! Pərvanənin atəşə atılması kimi sizi yalan danışmağa  sövq edən şey nədir? Halbuki, üç yer xaric yalanın hər növü adəmoğluna haramdır: Bu üç yerə gəlincə bunlar:   

1. Ər-arvadın bir-birlərinə ailənin xeyri üçün söylədikləri yalan. 

2. Müharibədə danışılan yalan. Çünki müharibə bir hiylədən ibarətdir.

3. (küsülü olan) İki müsəlmanı barışdırmaq üçün söylənilən yalan.[10]

Başqa bir hədisdə belə buyurulur: “İki nəfəri barışdırmaq (niyyətiylə) xeyir söyləyən və xeyir tələb edən kimsə yalançı deyildir.”[11]

   Əbu Kahildən  belə rəvayət edilir: “ Əshabələrdən iki nəfərin arasında qılınc-qılınca gələcək dərəcədə münaqişə oldu. Mən onlardan birisiylə qarşılaşdım və ona: “Səninlə filan kimsənin arası nə üçün pozuldu? Halbuki O, səni çox tərifləyir (səndən çox razıdır) dedim. Sonra digərinə rastlaşdım eyni şeyləri ona da söylədim.  Bu yolla onların ikisini də barışdırdım. Daha sonra dedim ki bu iki nəfəri barışdırdım amma (yalan danışmaqla) özümü həlak etdim. Bunun üzərinə Hz. Peyğəmbərin (səs) yanına getdim hadisəni ona danışdım.  Hz. Peyğəmbər (səs) belə buyurdu:
Ey Əbu Kahil! Yalanla da olsa camaatın arasını düzəlt![12]

Xütbəmə yuxarıda oxuduğum bir ayə ilə son verirəm. “-Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uyudururlar. Onlar əsl yalançılardır.!”[13]

 19 Fevral 2010 / 5 Rəbiül Əvvəl 1431   Müşfiq Xəlilov.


[1] Muvatta, Kəlam, 18.

[2] Buxari, Ədəb, 69. Müslim, Birr, 103-105.

[3] Nəbə, 35.

[4] Nəhl, 105.

[5] Buxari, İman, 24. Müslim, İman 107.

[6] Əbu Davud, Ədəb, 7, 4800.

[7] Əbu Davud, Ədəb, 80, 4991.

[8] Buxari, Büyü, 44, 26.

[9] Əbu Davud, Buüyu 1, 3326-7.

[10] Tirmizi, Birr 26,

[11] Buxari, Sulh 2; Müslim, Birr 101

[12] Təbarani.

[13] Nəhl, 105.

Read Previous

Kərbala faciəsi.

Read Next

Xocalı Faciəsi.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.