• 19 Mart 2024

Yeni ili necə keçirməliyik?

a6829ca7b045[1]

Yeni ili necə keçirməliyik?

Son günlərdə şəhərdə hər tərəf bəzədilir, mağazaların şüşələri, avtobuslar boyama reklamlarla “dolu olur”, süni də olsa  şam ağacları qoyulur, qırmızı paltar geyinmiş ağ saqqallı kişilər yanlarında bir cavan qız ilə küçələrdə gəzir, insanlar da onlara yaxınlaşıb şəkil çəkdirirlər.

Televizorda isə dekabr ayının 31-də təşkil olunacaq böyük şou proqramlar və bu şou proqramları keçirəcək restoranlar reklam olunur. İnsanlar sadəcə bir gün üçün böyük pullar xərcləyir, bir neçə dəqiqə davam edəcək atəşfəşanlıq üçün bir neçə gün əvvəldən hazırlıq görürlər. Maraqlısı odur ki, bütün bunlar hər il yenidən təkrarlanır, atəşfəşanlıqdan bir neçə dəqiqə sonra isə hər şey yenidən öz axarı ilə davam edir. İnsanlar hər il dəyişən təqvimə böyük ümidlərlə, arzularla baxır, şaxta baba adlandırdıqları qırmızı paltarlı kişidən isə diləklər istəyir və bu diləklərinin həyata keçməsini diləyərək, özləri özlərini aldadırlar. Çünki əslində dəyişən şey təqvimdəki sadəcə bir səhifə, bir rəqəmdir. Həyat isə yenidən öz axarı ilə davam edir. Dünənki  gün bugünkü gündən heç bir qeyri-adiliyi ilə deyil, sadəcə təqvimdəki ilinə görə fərqlənir. İnsanların qayğıları, arzu və istəkləri isə olduğu kimi qalır, hətta çox zaman növbəti təqvim dəyişikliyinə qədər davam edir. Təqvim yenidən dəyişir, yenidən hər şey təkrarlanır….

Biz azərbaycanlıların yeni ilə çox maraqlı baxış tərzi var. Əslində bu, 70 il Sovet rejimi altında inləmiş bir xalqa zorla yeridilən baxış tərzidir. Bu 70 il ərzində keçmişimiz, əsl mənəvi dəyərlərimiz bizə unutdurulmuş və sovetlərin ən böyük bayramı olan “Yeni İl Bayramı” həyatımıza yapışdırılmışdır. Lakin Yaradana sonsuz şükürlər olsun ki, son illərdə xalqımız mənəvi dəyərlərinə qayıdır. Lakin bu qayıdış xalqımızı “yeni il” kimi qeyd edilən bayramdan uzaqlaşdırmamışdır. Əfsuslar olsun ki, bizlər nəinki bu bayramı mənimsəmiş, hətta bu gündə xalqımızın milli-mənəvi dəyərlərinə yad bir-sıra  adət və davranışlara hədsiz bağlılıq nümayiş etdirmişik. Əslində bütün bunları mahiyyətinə varmadan, mənasını dərk etmədən edirik. Bir çox evlərdə küknar və ya şam ağaclarının bəzədildiyini, başqa millətlərin bu günə xas olan mahnılarının oxunduğu görmək artıq bir o qədər də təəccüblü deyil. Aldığımız hədiyyələrlə, şaxta baba adlandırdığımız saqqallı kişi vasitəsilə uşaqlarımızı aldatmağımız artıq adi hala çevrilmişdir. Digər vaxtlarda “imkansızam” iddiası ilə cibindən sədəqə pulu çıxarmaq istəməyən ailələr də atəşfəşanlıq üçün çoxlu sayda fişəng və digər partladıcı vasitələrə, evində gözəl süfrə açıb bahalı spirtli içkilər qoymaga çoxlu sayda pul xərcləyir. Yeni adlandırılan il isə əyləncə, israf, haram  ilə başlanır və ondan daha böyük yeniliklər gözlənilir. Əgər həmin gün şəhərin küçələrini gəzsək, hər cür eybəcərliyə, əxlaqsızlığa və harama rast gələ bilərik. Bütün bunları isə “yeni il şənliyi”  və ya  “yeni il əyləncəsi” adlandıraraq, “bayramdır” deyə haqq qazandırırıq. Nə üçün? Sadəcə təqvimdə dəyişən bir rəqəm üçün…

Bəs təqvimdə bu rəqəm dəyişdikdə nə baş verir? Günlərmizmi uzanır, günəş daha parlaqmı olur, evlərimiz ruzi-bərəkətlə aşıb-daşırmı, insanlar daha alicənab, daha gülərüzmü olur, ətrafımızda baş verən ədalətsizliklər yoxmu olur, yoxsa bir-birimizi daha çox sevməyə başlayırıq, bir-birimizi aldatmır, bir-birimizə qarşı dahamı sədaqətli oluruq? Xeyr, heç nə dəyişmir. Çünki bunlar bir rəqəmə bağlı olmayıb, təqvimdəki rəqəmin möcüzəsi də deyildir. Bütün bu müsbət keyfiyyətləri yalnız bizlər öz daxilimizdə dəyişə bilərik.

Maraqlıdır ki, yeni dediyimiz ilin yalnız əvvəli yeni olur. Bəs nədən bir-iki ay sonra yaşadığımız ili yeni adlandıra bilmirik? Nədən növbəti “yeni ili” gözləyirik? Yoxsa təqvimdəki rəqəmin möcüzəsi baş vermir? Əslində, yaşadığımız hər növbəti dəqiqə, saat, gün, həftə, ay və il yenidir. Hər növbəti saniyə də yeni saniyədir. Nədən saniyələrimizi bayram etmirik? “Yeni il” adlandırdığımız hər il özü ilə yeni adlı saniyə, dəqiqə, saat, gün və ay adları gətirmir. Bunlar da olduğu kimi qalır. Məhz buna görə də “yeni ilin” ilk səhəri artıq adi səhərlərdən biri olur. Zamanın dəyişməsi bir qanundur; elə bir qanun ki, onu qeyd edib etməməyimizdən asılı olmayaraq o, hərəkətdədir.  Zaman atəşfəşanlığa, ümid və xəyallara baxmaz. Zaman özü-özlüyündə yenidir.

Müşahidələrimə əsasən təəssüflə onu qeyd etmək istəyirəm ki, bəzən müsəlmanlar da bu bayramı böyük səs-küylə qeyd edir, bir-birlərinə təbrik göndərirlər. Əslində biz müsəlmanların iki böyük və müqəddəs bayramı vardır ki, bunlar da Ramazan və Qurban bayramlarıdır. İslam həyatımızın bütün sahələrini əhatə etdiyi kimi, bayramlarımızı da əhatə edir. O, bizlərə düzgün şəkildə bayram etməyin yollarını da öyrədib, bizlərə əsil sevincin nə olduğunu aşılayıb. Çünki İslamın bayramları əsil sosial bayramlardır, cəmiyyətlə birbaşa əlaqəsi olan münasibətlərdir. Bu bayramlar rəbbimizin bizlərə bir hədiyyəsidir. Məhz bu baxımdan müsəlmanlara görə bayram anlayışı bir qədər fərqlidir və bu, özündə vahid bir nizam,  ciddiyyət daşıyır. Ramazan və Qurban bayramlarında insanların “yeni il bayramındakı” kimi əyləncəyə nə üçün meyilli olmadığı haqqında heç düşündünüzmü? Çünki bu bayramlar ilahi qanunun tərkib hissəsidir və onların mənbəyini insan təxəyyülü deyil,  Uca Allahın əmr və göstərişləri təşkil edir. Rəbbimiz gözəl olduğu üçün gözəlliyi sevir. O, öz bayramlarında da insanların çirkaba, pislik və eybəcərliyə sürüklənməsini istəmir. Çox maraqlı məqam budur ki, “yeni il bayramında” insanlar pullarını sırf əyləncəyə, harama xərclədikləri halda, İslamın qoyduğu bayramlarda isə bu hal müşahidə olunmur və bu bayramlarla insanlar üçün savab qazanmağa yeni imkanlar açılır. Belə ki, Ramazan bayramından öncə hər bir müsəlman fitrə-zəkatını kasıblara, ehtiyacı olan insanlara  verir, Qurban bayramında isə kəsilən qurbanların ətləri imkansız, ehtiyacı olan insanlara paylanılır. Bununla da hər bir evdə bayram süfrəsinin açılmasına yardım əlləri uzanır, insanların bir-birinə olan sevgi və məhəbbətləri, Allah qatında isə qazandıqları savabların miqdarı artmış olur. Budur, əsil bayram, budur əsil sevinc!

Digər tərəfdən, biz müsəlmanlar üçün təqvim dəyişməsinin böyük əhəmiyyəti vardır və biz bundan nəticə çıxarmalı, ondakı hikmət və ibrətlərdən yararlanmalıyıq. Maraqlıdır ki, təqvim zamanının əvvəli və sonu var. Hər bir saatın əvvəli və sonu olduğu kimi, hər bir ilin də əvvəli və sonu vardır. Hal-hazırda yaşadığımız cəmiyyətdə məlum şərtlər altında mövcud miladı təqvimindən imtina etməyimiz qeyri-mümkündür. Hər birimiz gündəlik yaşamımızda  bu təqvimdən istifadə edirik. Vurğulayım ki, təqvimin başa çatmasını və yenisinin isə başlanmasını biz müsəlmanlar digərləri kimi əyləncə içərisində deyil, özünəməxsus şəkildə qeyd edə bilərik. Bir il tamam olur. Bu, o deməkdir ki, ömrümüzdən daha bir il keçib gedir, ölümə daha bir il də yaxınlaşmış oluruq və ölüm isə öz növbəsində bizi rəbbimizə qovuşdurur. Bizlər hər ilin sonunu özümüzü, nəfsimizi hesaba çəkməklə keçirə bilərik. Bu il nə etdim? Rəbbim üçün, dinim üçün, müsəlmanlar üçün hansı işləri gördüm? İbadətimdə nə dərəcədə səmimi və ixlaslı oldum, hansı günahları işlədim, hansılardan  özümü qorudum? Rəbbimin mənə verdiyi hansı nemətlərdən faydalandım, hansına görə şükür etdim? Bu il rəbbimin dininə kimləri dəvət etdim, kimlərə dini anlatdım? Kimin haqqına girdim, kimdən haqqımı qorudum, kimdən halallıq istədim, kimə halallıq verdim? Növbəti il üçün rəbbimə hansı sözü verim? Bu sualların siyahısını kifayət qədər uzatmaq olar. Lakin hər birimizin özümüzə, nəfsimizə verəcəyimiz xüsusi suallarımız var ki, bunların da cavabını özümüz verə bilərik. Sözümüzün üstündə durmaq istəyiriksə, yeni başlayan ili də ifrat əyləncə ilə deyil,  zikr, ibadət və dua ilə başlaya bilərik. Lakin hər birimizin öz seçimi var. Hər birimiz başlanğıcını özü təyin edə bilər, kimisi ibadətlə, kimisi də sadəcə yuxuda keçirməklə.

Zaman onu əyləncəyə sərf etmək üçün çox qısadır, odur ki, vaxtımızın qədrini bilməliyik. Bizi rəbbimizə doğru aparan zamanımızı da məhz Allah üçün xərcləməliyik.

Hər bir müsəlmana növbəti ildə Uca Allahın verdiyi fürsətlərdən faydalanmağı, müsəlmanlara yardımçı olmağı, onlara güc, qüvvət, əzm verməyi arzu edirik. Amin!

 

www.azerimuslims.com

Read Previous

“Sultan Əhməd” məscidinin minarəsi uçurulacaq

Read Next

Bəzi alimlər İmam Əbu Hənifə haqqında

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.