• 23 Aprel 2024

Yetimləri himayə etmək.

Bu dünyaya göz açan insanın həyatı acı və şirin bir çox xatirələrlə doludur. Bir qisim insanlar ana və atalarının isti nəfəsləri, şəfqət və  mərhəmət himayəsində böyüyür. Bir qisim insanlar da, Allahın təqdiriylə hələ doğulmadan vəya kiçik yaşlarında ana və atalarını itirərək onların sevgi və şəfqətindən məhrum qalaraq sıxıntılı bir ömür keçirir. Yetkinlik yaşına çatmamış bir şəxs ana və atasından birini və ya ikisini itirərsə dinimizə bu şəxs yetim sayılır. Yetkinlik yaşına çatandan sonra ana və ya atasını itirən şəxs yetim sayılmaz.

   Yetim və kimsəsizlər, Allahın bütün müsəl­manlara bir əmanətidir. Bunun üçün, yetim və kimsəsizləri himayə etmək,  onların ehtiyaclarını təmin etmək, haq və hüquqlarını qorumaq bütün müsəlmanların vəzifəsidir. Uca Allahın rizasını qazanmaq, cənnət müjdəsi almaq istəyən hər müsəlman, yetimlərə qarşı vəzifələrini yerinə yetirməlidir.

    Peyğəmbərimiz (s.ə.s) bir Hədisi-Şərif­lərində belə buyurur:

    “Dul, yetim və fəqirlərin ehtiyaclarını təmin edən  kimsə, Allah yolunda cihad edənlərlə, gündüz oruc tutub, gecə ibadət edən kimidir.”[1]

    Hədisi şərifdə də bildirildiyi kimi, yetimlərə kimsəsizlərə və dullara yardım edərək onların  ehtiyaclarını təmin edənlər Allah yolunda cihad edən, gündüz oruc tutub, gecə ibadət edənlər kimi savab qazanmaqdadır. Uca Allah müqəddəs kitabımız Qurani Kərimdə, səmimi və cənnətlik möminlərin vəsflərini zikredərkən, qarşılıq gözləmədən yetimə yemək yedirməyi də sayaraq belə buyurmuşdur:

    “Onlar öz iştahlarının çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra yedirdikləri kimsə­lərə belə deyərlər): “Biz sizi ancaq Allah rizası üçün yedirdirik. Biz sizdən (bu ehsan müqa­bilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”[2] 

   Demək ki, yetimləri və yoxsulları yedirib içirmək, onlara yardım etmək, Allah və Peyğəmbərin diliylə desək cənnət müjdəsidir.

Bunun üçün Allah Rəsulunun (s.ə.s) əshabı yetimləri və yoxsulları qoruyar onları yedirdib içirdərdilər. Hətta səhabələrdən bəziləri, süfrəsinə  bir yetimi dəvət etmədən yemək yeməmişdir.

   Əbu Bəkir İbni Hafs (r.a) dan rəvayət edildiyinə görə:

    “Abdullah (İbni ömər) süfrəsində bir yetim olmadan yemək yeməzdi.”[3]

    Yetim və kimsəsizlərə yaxşılıq etmək onlara yardım etmək nə qədər böyük bir savabsa, onları xor görmək, haqlarını yemək də, o dərəcədə təhlükəli və günahdır.

    Ayə və hədislərdə  yetim malı yeməyin həlaka səbəb olacaq təhlükəli əməllərdən olduğu xəbər verilmişdir. Bir ayədə belə buyurulur:

   “Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.”[4]

       Başqa bir ayədə isə belə buyurulur:

   “(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);  Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).”[5]

    “Elə isə yetimə zülm etmə! Dilənçinidə qapından qovma!”[6]

     O halda gəlin yetim və kimsəsizlərin haqlarını qorumaq onlara yardım etməyin dini bir vəzifə olduğunu bilək. Bu vəzifəmizi yerinə yetirməməkdən dolayı, yetim və yoxsullara  maddi və mənəvi zərər gələrsə, bundan hamımızın məsul olduğunu unutmayaq.

Yazımızı mövzumuzla əlaqəli bir neçə hədisi-şəriflə son verirəm:

    “Müsəlmanlar arasında bir yetimi alıb yedirən, içirən kimsə, əffedilməyəcək bir günah işləməmişsə,  Allah onu cənnətə qoyar.”[7]

    (Öz daşürəkliyindən şikayətlənən bir adama Peyğəmbərimmiz (səs) belə buyurur): «Qəlbinin yumşalmasını və diləyinə çatmağını istəyirsənmi? O zaman yetimə mehribanlıq göstər və əlini nəvazişlə onun başına çək, xörəyindən ona da yedirt. Belə olan halda qəlbin yumşalar və istəyinə çatarsan.»

     Başqa  bir hədisi şərifdə  Peyğəmbərimiz (səs) buyurur: «Qiyamət günündə bir dəstə adam ağızlarından alov saça-saça qəbirlərindən çölə çıxarlar. Əshabələr soruşdu: Ey Allahın Peyğəmbəri (səs), onlar kimlərdir? Allah Rəsulu (səs): Onlar yetim malı yeyənlərdir.» buyurdu.

Vüqar Məmmədov.


[1] Müslim,  Kitab uz Zühd, həd. Nö: 41.

[2] Əd Dəhr, 8, 9.

[3] Kandehlevi, Hədislərlə Müsəlmanlıq c. 2 s. 770-780.

[4] Ən Nisa, 10.

[5] Əl Maun: 1, 2, 3.

[6] Əd Duha: 9,10.

[7] Tirmizi, Kitab ul Birr, 14.

Read Previous

Zərərli Vərdişlər

Read Next

Orucun Fidyəsi