• 20 Aprel 2024

Yox deməyi bacarmaq

yoxÖvladınız sizə “yox” deyərkən hirslənirsiniz? Acıqlı şəkildə “bir də mənə yox cavabı versən, başqa cür olacaq” ifadəsiylə qarşılıq verirsinizsə qeyd olunanlara diqqət etməniz önəmlidir.

Övladınızda “yox” deyə bilmə bacarığını formalaşdırmaq məhz sizin üzərinizə düşür. Çünki davamlı olaraq övladınızın “yox” cavablarını kobud qarşılamanız, hətta buna görə cəza verməniz onda bu kimi bacarığın formalaşmasına mane olar ki, bu da müxtəlif situasiyalarda övladınız üçün problemlərə səbəb olar.

Bəs övladınızın “yox” deyə bilməsi nə üçün önəmlidir?

– İstəmədiyi bir işi görməməsi üçün.  Bu cavabı verə bilmədiyi üçün istəmədiyi bir işi etməyə məcbur olan övladınızı gözünüzün qarşısında canlandırın.
– Təhlükələrdən qorumaq üçün.
– Uşaqlıq dövründən formalaşmayan və bu bacarığı olmadığından böyüdükdə qarşılaşdığı bir çox çətinliklərin qarşısını almaq üçün.
– Ətraf mühitin mənfi təsirinə düşməməsi üçün. Övladınıza nə isə zərərli bir vərdiş və ya davranış təklif edildikdə “yox” deməyi bacarmayan uşaq bu təsirə tez düşər.
– Yoldaşları arasında rədd cavabını verə bilməmə onlardan asılı hala düşməsinə səbəb olar.

Övladınızda “yox” demə bacarığını formalaşdırmaq üçün nələri edə bilərsiniz?

– İstəmədiyi bir işi məcbur gördürməyin.
– İstəmədiyi bir işi görməmək üçün sizə “yox” dediyində sərt reaksiya verməyin.
– Bu mövzuda övladınızla danışmanızda fayda var. Kiminsə təsiri ilə hər hansı bir davranışı etməməsi lazım olduğunu, bunun üçün “ yox” deyərkən utanmamalı, sadəcə kimsəni incitmədən fikrini deyə biləcəyini izah edin.

Müxtəlif situasiyaları nümunə gətirin. Məsələn,

– Kimsə pis bir davranış təklif edir və ona yox deyə bilmədiyin üçün bunu edirsən. Daha sonra qarşılaşacağın xoşagəlməzliklər yoxsa elə zamanında yox deyib uzaqlaşmaq? Hansı xoşagəlməzliklərlə qarşılaşa bilərsən?  Hansı daha yaxşıdır? Seçimini bildirməsini istəyin və bu barədə daha ətraflı məlumatlı olsun deyə əlavə məlumatlarınızı bildirin.

– Yoldaşın sənə həyətdə oynamağı təklif edir. Sabaha hazırlamalı olduğun dərslərin var. Ona yox deyə bilmədiyin üçün həyətdə oynayırsan və dərslərini edə bilmirsən. Yenə də onun fikirlərini öyrənin. Müzakirənizin övladınızın düşüncəsinə , situasiyanı sanki yaşayırmış kimi təsəvvür etməsi isə  daha aydın fikir irəli sürə bilməsinə kömək edəcək. Bu kimi hallarla qarşılaşdığında nə etməli olduğunu özü biləcək.

Yox dedikdən sonra bunun səbəbini qarşısındakına bildirməsinin daha məqsədəuyğun olduğunu  bildirin.
Yox deyə bilməsi üçün bəzi nümunələr verin.

“Yox, indi bu işi görə bilmərəm”
“Məcbur etmə, bunu edə bilmərəm”
“Mümkün deyil”  və s.

“Yox” deyə bilməsi üçün çalışmağınızla yanaşı bu cavabı verərkən qarşısındakını incitməməsi üçün necə davranmalı olması ilə bağlı birlikdə həll yolu tapın. Kiçik müdaxilələrinizlə övladınızın öz fikirlərini irəli sürməsinə diqqət edin.

Mənbə:valideyn.az

Read Previous

Hz. Osman (ra)-ın comərdliyi

Read Next

Bəzi dini mövzulara aid sual ve cavablar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.