• 19 Sentyabr 2020

Zəndən çəkinin! Çünki, sözün ən yalanı zəndir

Bugünkü mövzumuz dəqiq bilmədiyimiz bir şey haqqında dəqiq bir fikir söyləmək, yəni zənn etmək haqqında olacaqdır. Zənn iki cürdür. Hüsnü zənn; yəni yaxşı zənn. Sui zənn; yəni pis zənn. Hər hansı bir kimsəyə hüsnü zənn etmək günah deyil. Əksinə bəyənilən bir haldır. Sui zənn etmək isə günahdır və bəyənilməyən bir haldır. Sui zənn bir müsəlmanı pis insan olaraq zənn etməkdir. Bir müsəlmanın günah işlədiyini zənn etmək sui zəndir.  Biz insanlar əsasən hadisələri öz gördüyümüz şəkliylə şərh edirik. Hətta çox vaxt dəqiq olaraq görmədiyimiz və ya bilmədiyimiz bir hadisəni şüphə və tərəddüt etmədən  yüzdə yüz bu iş belədir deyə fikir irəli sürürük. Ancaq heç bir zaman, görəsən yanılmış ola bilərəmmi, bəlkə məsələ mən fikirləşdiyim kimi deyildir deyə heç düşünmürük. Halbuki bu, zəndən başqa bir şey deyildir. Zənnin çoxu isə yalandır. Yalan isə Allah qatında ən böyük günahdır. Elə  bu səbəblə Uca Allah zənn etməyi qəti bir şəkildə qadağan edərək belə buyurur:

 “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”[1]

Peyğəmbərimiz (səs) isə belə buyurur:

“Sui-zənn etməyin. Sui-zənn səhv qərar verməyə səbəb olar. İnsanların gizli işlərini araşdırmayın, qüsurlarını görməyin, münaqişə, həsəd və düşmənlik etməyin, bir-birinizi qardaş kimi sevin, dedi-qodu etməyin. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, kömək edər. Onu, özündən aşağı görməz.”[2]

  Bunun üçün hadisələri öz anlayışımıza görə yorumlamaq və başqa kimsələrə də bu şəkildə çatdırmaq böyük bir səhvdir, zəndir və günahdır.

Quranın ifadəsiylə desək həqiqətən zənnin bəzisi yəni heç bir əsası olmayan zənn günahdır. Və çox vaxt insan zənnində yanııla bilər.

Nəcm surəsi 28 ci ayədə  buyurulduğu kimi

“Zənn isə əsla həqiqət ola bilməz!”

   Və zənnin çoxu yalandır. Yalan isə ən böyük günahdır. Böyük günahların cəzası isə cəhənnəmdir.

 Sui zənn yalnız insanlara qarşı deyil bəzən Allaha qarşı da olur ki bu da doğru deyildir. Məsələn; Allah məni bağışlamaz mən cəhənnəmliyəm, demək Uca Allaha qarşı sui zənn etməkdir. Halbu ki, Qurani Kərimdə Allah bağışlayan və rəhm edəndir, tövbələri qəbul edəndir. Allahdan ümidinizi kəsməyin deyə bir çox ayələr vardır.

“Sizin öz Rəbbiniz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!”[3]

 Həmçinin bir qüdsi hədisdə belə buyurulur: 

“Qulum məni necə zənn etsə, ona zənn etdiyi kimi rəftar edərəm.”[4]

Bu barədə digər hədislərdə isə belə buyurulur:

“Uca Allaha hüsnü zənn edin”[5]

“Allah Təalaya hüsnü zənn bəsləmək ibadətdir.”[6]

“Möminin möminə qarşı malı, qanı namusu və sui zənn etməsi haramdır.”[7]

Yazımı bir hədisi şəriflə yekunlaşdırıram: “Zəndən çəkinin. Çünki, sözün ən yalanı zəndir”[8]

Müşfiq Xəlilov


[1] Hucurat, 12.

[2] Buxari, Müslim

[3] Fussilət 23

[4] İbni Hibban.

[5] Müslim.

[6] Əbu Davud.

[7] Əbu Davud

[8] Müslim.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 10 dəfə.

Müşfiq Xəlilov

Read Previous

AMERİKADA MÜSƏLMAN QADIN TƏHQİR EDİLDİ

Read Next

Aya Sofyanın muzey statusu ləğv edildi