• 29 Mart 2024

Zəkat vemək kimə fərzdir?

    İslamın 5 şərtindən 3-cüsü olan zəkat müsəlmanın sahib olduğu malı ilə etdiyi ibadətdir. Zəkat sözünün lüğəvi mənası artma, çoxalma, təmizləmək, bərəkət və s. deməkdir. Dini terminologiyada isə zəkat Allahın Quranda zikr edilən siniflərə vermək üzrə fərz qıldığı və dini baxımdan zəngin hesab edilən şəxlərin mallarından alınan müəyyən paydır. Bu payın maldan çıxarılma işi də zəkat adlanır.

Zəkat hicrətin ikinci ilində orucdan sonra fərz qılınıb: “İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” (əl-Bəqərə, 277).

Azad, həddi-büluğa çatmış, dinən zəngin sayılan hər bir müsəlman kişi və qadın zəkat verməlidir. Bu, fərz olan bir ibadətdir. Dini baxımdan zəngin hesab edilən müsəlman isə borcu olmayan və əsas ehtiyaclarından başqa nisab miqdarı malı olan şəxsdir. Nisab miqdarı dinin qoyduğu zənginlik ölçüsüdür. Bu ölçüyə görə, əsas ehtiyaclarından başqa 85 qram qızıl, yaxud 595 qram gümüş və ya bu miqdarda pulu yaxud malı olan, eləcə də qırx qoyun və keçiyə, eləcə də 30 davara və ya 5 dəvəyə malik olan müsəlmanlar nisab miqdarı mala sahib olmuş hesab edilirlər. Əsli ehtiyacdan başqa bu miqdarda mala sahib olduqdan sonra üzərindən bir il keçdikdən sonra zəkat fərz olar. İçindəki əşyalarla birlikdə oturulan ev, minik avtomobili, geyim, eləcə də ticarət məqsədli olmayan kitablar və öz peşəsi üçün lazım olan avadanlıq insanın əsas ehtiyaclarıdır. Bunlardan dolayı zəkat düşməz.

Zəkatın kimə veriləcəyinə gəlincə, bu sualı aşağıdakı ayə ilə cavablanıra bilərik: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ət-Tövbə, 60).

Ayədə konkret şəkildə bildirildiyi kimi, zəkat Allah tərəfindən müəyyən edilmiş 8 qrup insana verilir. Qeyd edək ki, yoxsul evi və ev əşyaları kimi əsas tələbat mallarına sahib olan, ancaq gəliri ehtiyacını tam şəkildə ödəməyən kəsdir.

Miskin heç nəyi olmayan və ya çox az şeyi olan insandır.

Zəkatı yığıb paylayanlar bu iş üçün müəyyən edilmiş şəxslərdir. Həmçinin, buraya zəkatın qeydiyyatını aparan və onu bölən də daxildir.

Ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlar İslama yeni daxil olmuş, lakin imanları zəif olduğundan ürəklərinin isinişib bağlanmağa ehtiyacı olan insandır.

Azad ediləcək kölələr dedikdə qadın və kişi olmasından asılı olmayaraq kölələrin zəkat malından azad edilməsi nəzərdə tutulur. Əsirlikdə olan insanlar və azadlığa çıxmaq müqaviləsi bağlayan kölələr də bu əhatəyə şamildir.

Borclular dedikdə günah olmayan bir iş üçün borc alıb borcunu qaytara bilməyən və şəriətə müvafiq bir müqavilə bağlayıb iflasa uğrayan şəxslər nəzərdə tutulur.

Allah yolunda dedikdə cihadda və sərhədləri qorumaqda olanlara bu işə yardım üçün vermək nəzərdə tutulur.

Yolçu dedikdə öz ölkəsinə və malına yetişə bilməyib yolda qalan insanlar nəzərdə tutulur. Bu cür insan öz ölkəsində varlı olsa da belə vətəninə qayıda biləcək qədər zəkat verilir.

Bununla belə müsəlman olmayan bir şəxsə, nisab miqdarı qədər malı olan müsəlmana, anaya, ataya, babaya, nənəyə, onların valideynlərinə, eləcə də öz övladlarına, nəvələrinə zəkat verilməz. Ancaq kasıb olan əmi, dayı, xala və bibiyə zəkat verilə bilər. Hətta bu daha gözəldir.

Read Previous

Bidət nə deməkdir?

Read Next

Zəif Hədislə Əməl Etmək Olarmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.