• 20 Aprel 2024

Zikr

Əziz möminlər, bu günkü xütbəmizin mövzusu zikr haqqında olacaqdır. Elə isə gəlin görək zikr nə deməkdir. Zikr anmaq, xatırlamaq mənalarını verir. Zikr demək bəzilərinin zənn etdiyi kimi yalnız əlinə təsbeh alıb sübhanallah, əlhəmdulilləh, Allahu əkbər demək deyildir. Doğrudur bu da zikrin bir növüdür. Ancaq zikr yalnız bunlardan ibarət deyildir. Namaz qılmaq zikrdir. Quran oxumaq zikrdir. Dini kitablar oxumaq zikrdir. Qısacası Allahı xatırladan hər əməl zikrdir.

    Möhtərəm müsəlmanlar, Allah təala mübarək adının zikr edilməsinin arzu etmişdir. Bu səbəbdən də kainatdakı bütün varlıqlar Onu zikr edirlər. Allahı ən çox zikr edənlər içərisində birinci cansız əşyalar, sonra nəbatat (bitkilər aləmi),  sonra heyvanat (heyvanlar aləmi), ən sonda da insanlar gəlir. Yəni varlıqlar içərisində Allahı ən az zikr edən insanlardır. Uca Allah bir ayədə belə buyurur: “Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!”[1] Uca Rəbbimiz yuxarıdakı ayədə bütün varlıqların onu təsbih etdiyini bəyan edərək biz insanları zikr və təsbih etməyə təşfiq edir. Heyvanların Allahı həddindən çox zikr etdiyini bildirən bu hədisi-şərifi yaxşı dinləyin:

Rəsulullah (s) yolda gedərkən bir qrup insana rast gəldi. Onlar minik heyvanlarının üstündə olduqları halda şirin-şirin söhbət edridilər. Allah Rəsulu (s) onlara belə buyurdu: “Heyvanlarınıza onları yormadan lazımınca minin və (istifadə etmədiyiniz zaman da) münasib bir şəkildə buraxıb istirahət etdirin! Onlardan yollardakı və küçələrdəki söhbətləriniz üçün kürsü kimi istifadə etməyin (bellərinə minib söhbət etməyin.) Bir çox minilən heyvan vardır ki, belinə minəndən daha xeyirlidir və Allah təalanı ondan daha çox zikr edir.”[2]

Əziz müsəlmanlar, bunun üçün insanlara yaraşan Rəbbinin əmrinə itaət edərək Onu həddindən çox zikr etmək və layiq olduğu mərtəbəyə yüksəltməkdir. Çünki heyvanlardan və cansız əşyalardan daha aşağı səviyyədə olmaq onun şərəfinə yaraşmaz. Allah təala buyurur:

“Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!”[3]“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin”[4]

İnsan ona hər cür neməti bəxş edən Rəbbini unudarsa, böyük bir vəfasızlıq etmiş olar. Rəsulullah (s) buyurur: “İnsanlar bir məclisdə oturub orada Allahın adını anmasalar, əskik bir iş görmüş, bir günah işləmiş olarlar. Kim yolda addımlayıb Allah –azzə və cəllə-ni zikr etməzsə, əksik bir iş görmüş, bir günah işləmiş olar. Kim yatağına girib Allahı zikr etməzsə, yenə əksik bir iş görmüş, bir günah işləmiş olar.”[5]

İnsan qəlbinin canlanaraq rahatlıq tapması, ancaq Allah təalanın zikriylə mümkündür. Çünki Allah təala bir ayədə: “…Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!”-buyurur. [6]

Bir gün Həzrət Peyğəmbər (s)-: “-Allah təala qiyamət günü camaatdan birini dirildər. Onların üzləri nur kimi  parlayar, incidən düzəldilmiş minbərlər üstün oturarlar və bütün insanlar onlara qibtə edərlər. Bunla nə peyğəmbər, nə də şəhiddir!”-buyurdu. Bir bədəvi dərhal dizi üstə çökərək: “-Ya Rəsulallah! Nə olar onları bizə de ki, biz də bilək!”-deyə yalvardı.

Rəsulullah (s) bu izahatı verdi: “-Onlar müxtəlif qəbilə və şəhərlərdən olub Allah üçün bir-birlərini sevən və Allahı zikr etmək üçün toplaşaraq Onu ananlardır.”[7]

Zikrdən uzaq olan insanlar isə həm bu dünyada, həm də axirətdə böyük zərərə uğrayarlar. Uca Allah buyurur:

“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”[8]

“Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar.”[9]

“Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır.”[10]

Möhtərəm möminlər, xütbəmə bir hədisi-şəriflə son verirəm: “İçində Allahın zikr edildiyi ev ilə Allahın zikr edilmədiyi evin fərqi, diriylə ölünün fərqi kimidir.”[11]

Zikr

 

  31  Avqust  2012 / 13  Şəvval 1433

 


[1] İsra, 17/44

[2] Əhməd, III, 439

[3] Əraf, 7/205

[4] Əhzab, 33/41-42

[5] Əhməd, II, 432

[6] Rəd, 13/28

[7] Heysəmi, X, 77

[8] Taha, 20/124

[9] Zuxruf, 43/36

[10] Münafiqun, 63/9

[11] Müslim, Müsafirin,  211

Read Previous

Ramazandan Sonra

Read Next

Bidət nə deməkdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.