• 23 Noyabr 2024

Əhli-beytə kimlər daxildir və Peyğəmbər (s) onların sədəqə almasını nə üçün qadağan edib?

 “Ev əyalı (ailə üzvləri)” mənasına gələn “Əhli-beyt” İslam peyğəmbərinin (s) zövcələri, nəvələri və yaxın əqrəbaları haqda işlədilmişdir. Alimlər Quranın “əl-Əhzab” surəsinin 32 və 33-cü ayələrini, eləcə də bir çox hədisi nəzərə alaraq, Əhli-beyt dedikdə Peyğəmbərin (s) ailəsini (xanımlarını), “Əhli-Əba”-ya daxil olan Hz. Peyğəmbər (s), Hz.Əli, Hz. Fatimə, Hz. Həsən və Hz.Hüseyni nəzərdə tutmuşlar. Eləcə də bir sıra alimlər Cəfərin, Aqilin və Abbasın ailələrinin də Əhli-beytə daxil olduğunu bildirmişlər.

Quran-Kərimin “əl-Əhzab” surəsində Uca Allah buyurur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!). Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (əl-Əhzab, 32-33). Peyğəmbərin (s) xanımlarına xitab edən ayədə Allahın onları buyruqlarına itaət etməyə çağırdığı və beləliklə də onları günahlardan təmizləməyi dilədiyi bildirilmişdir. Səhabələrdən İbn Abbas Əhli-beyt ayəsinin peyğəmbərin (s) zövcələri haqqında nazil olduğunu vurğulamışdır.

Həmçinin, Peyğəmbərdən (s) rəvayət olunan hədislərdə “Əhli-beyt” təbiri yer almışdır. Belə hədislərdən birində bildirildiyinə görə, Allahın rəsulu (s) Zeynəblə evləndiyi zaman başda Hz. Aişə olmaqla bütün xanımlarının otaqlarına baş çəkir və “Ey əhli-beyt! Allahın salamı üzərinizə olsun”, – deyə xitab etmiş və onların əhli-beytin əsl üzvləri olduqlarını bəyan etmişdir (Buxari, Təfsir, 33/8).

Həmçinin, alimlər sədəqə almaları haram qılınan Əbu Talib, Aqil, Cəfər və Abbasın ailələrini, eləcə də Abdullah ibn Məsud və Salmanı Farisini də Peyğəmbərin (s) Əhli-beytinə daxil edirlər. (Bax: Buxari, Fəzail əs-Səhabə, 27; Müslim, “Fəzail əs-Səhabə, 37; Tirmizi, Zəkat, 25 və s.).

Peyğəmbərin (s) öz Əhli-beytinin sədəqə almasını qadağan etməsinə gəlincə, bu barədə bir sıra hədislər rəvayət edilib. Rəvayət olunduğuna görə, peyğəmbər (s) qucağlnda nəvəsi Hz. Həsən olduğu halda məsciddə zəkat kimi toplanan xurmaların paylaşdırılmasına nəzarət edirdi. Bu zaman Həsən oradan bir xurma götürüb yeməyə çalışdı. Bunu görən Allahın rəsulu (s) xurmanı onun ağzından çıxararaq, atdı. Oradakı səhabələrdən biri Hz.Həsənin məyus ola biləcəyini hesab edərək: Xurmanı uşaqdan götürməsəydiniz” dedi. Peyğəmbər isə cavabında: “Biz Məhəmməd ailəsinə sədəqə halal deyildir” buyurmuşdur. Başqa bir rəvayətdə isə Peyğəmbərin (s) nəvəsinə “Bizə sədəqə halal deyildir, bilmirsənmi?”, – buyurduğu qeyd edilir (Müslim, Zəkat 161). Əhli-beytə sədəqənin haram qılınmasının səbəbi başqa bir hədis ilə açıqlanır: “Şübhəsiz ki, bu sədəqələr insanların kirləridir.Bunlar nə Məhəmmədə, nə də Məhəmməd ailəsinə halaldır (Müslim, Zəkat 168).

Peyğəmbərin (s) bu ifadəsinin təşbeh və bəhs etdiyi kirin isə mənəvi bir kir olduğu xüsusunda şübhə yoxdur. Belə məlum olur ki, Peyğəmbər (s) sədəqəni malın mənəvi kiri hesab etdiyi üçün onu həm özü yeməmiş, həm də soyundan gələnlərin yeməsini münasib hesab etməmişdir. Peyğəmbərin (s) sədəqəni əhli-beytinə haram qılmasını belə şərh etmək mümkündür: Olsa bilsin ki, Allahın rəsulu (s) vəfat etdikdən sonra müsəlmanlar onun (s) soyundan gələnlərə böyük dəyər verəcək və onların əllərini isti sudan soyuq suya vurmalarını istəməyəcəklərdi. Bəlkə də Peyğəmbərin (s) soyundan gələn bəzi şəxslər bu qaydadan mənfi istiqamətdə istifadə edə bilərdilər. Digər tərəfdən, bir Quran ayəsində də bildirildiyi kimi bütün peyğəmbərlər ümmətlərindən maddi mənfəət ummamış, mükafatlarını Allahdan gözləmişlər.

 

Read Previous

Cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etmək olarmı?

Read Next

Haram ay nə deməkdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.