Əziz müsəlmanlar!
Uca Allah Şərəfli Kitabımız Qurani Kərimdə belə buyurmaqdadır:
“Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik. Biz səni Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik.”[1]
Uca Rəbbimiz yenə onun haqqında: “Doğrudan da sən böyük bir əxlaq sahibisən!”[2] deyə buyurmuşdur.
Ənəs ibn Malik belə deyir:
“Peyğəmbərə (səs) on il xidmət etdim. Bu müddət ərzində, Allah and olsun ki, mənə bir dəfə də olsun “of” demədi. Nə də “nə üçün belə etdin; niyə belə etmədin” deyə söylənmədi” (Müslim)
Ənəs ibn Malik belə rəvayət edir:
“…..Bir insanla rastlaşdığında Peyğəmbər (səs) ona əllə salam verərdi. Həmin şəxs əlini çəkmədikcə Hz. Peyğəmbər də çəkməzdi. O, üzünü çevirmədən Peyğəmbərimiz də çevirməzdi. Oturduğu zaman yoldaşlarının yanında ayaqlarını uzatdığını heç kəs görməmişdi” (Tirmizi)
Yəni, yoldaşlarının yanında təvazökarlıq göstərər, təkəbbürlük etməzdi.
Həzrəti Aişə( r.a.) nəql edir:
“Peyğəmbər (səs) iki şeyi seçmək qarşısında qalsaydı, ən asanını seçərdi. Təbii ki, həmin şey günah əməl deyildisə. Yox, əgər günah əməl olsaydı, dərhal ondan kənar durardı. Hz. Peyğəmbər nəfsi üçün intiqam almazdı. Amma Allahın qadağaları pozulardısa, alardı. Peyğəmbərimiz (səs) heç kəsə: nə bir qadına, nə bir xidmətçiyə… əl qaldırmamışdı. Onun əli yalnız Allah üçün cihadda qalxardı” (Müslim)
Ənəs ibn Malik belə rəvayət edir:
“Peyğəmbərlə (səs) yol gedirdim. Əynində kənarları qalın bir əba (rəda) vardı. Qəfildən bir bədəvi arxadan ona yetişib əbanı dartdı. Özü də elə bərk dartdı ki, Hz. Peyğəmbərin çiyinləri açıldı və dartmanın izi göründü. Bədəvi dedi: “Ey Muhəmməd, əyninə geydiyin Allahın malıdır. Ondan mənə də ver!” Peyğəmbər (səs) onunla mehriban davrandı, gülərək dedi ki, ona geyim versinlər” (Buxari)
Bir dəfə Həzrəti Aişədən (r.a.) soruşdular ki, Peyğəmbər (səs) evdə olarkən nə edərdi? Belə cavab verdi: “Ailəsinin xidmətində dayanar, namaz vaxtı gələndə dəstəmaz alar, namaza gedərdi” (Müslim) .
Abdullah ibn Haris belə deyir:
“Peyğəmbər (səs) qədər hey təbəssüm edən kəsə rast gəlmədim” (Tirmizi)
Hz. Peyğəmbər (səs) əliaçıq idi, xəsislik etməzdi. Cəsur idi, haqdan heç bir vəchlə üz döndərməzdi. Ədalətli idi, haqsız qərar verməzdi. Sədaqət və etibarlılıq onun sadiq dostları idi.
Allah Təala müsəlmanlara əmr edir ki, Peyğəmbərin gözəl əxlaqını, ləyaqətini özlərinə nümunə götürsünlər:
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”[3]
Qazi İyaz bir kitabında belə yazır: “Peyğəmbər (səs) insanların ən yaxşısı, ən comərdi və ən cəsuru idi. Bir dəfə gecə vaxtı mədinəlilər dəhşətli səs eşidərək qorxuya düşdülər. Adamlar səs gələn tərəfə getdilər. Yolda onları Peyğəmbər (səs) qarşıladı. Aydın oldu ki, Peyğəmbər onlardan qabaq həmin yerə gedib və artıq nə baş verdiyini öyrənib geri qayıdır. Özü də Əbu Təlhənin atını minib, qılıncını da boynundan asıb. İnsanlara ürək-dirək verərək: “Qorxmayın!” – deyirdi”.
Həzrəti Əli (r.a.) belə deyir:
“Savaş qızışıb, gözləri qan tutanda Peyğəmbər (səs) üçün çox qorxurduq. Çünki düşmənin səflərinə ondan daha çox dalan yox idi”.
Cabir ibn Abdullah (r.a.) belə rəvayət edir: “Elə bir şey yox idi ki, onu Peyğəmbərdən (səs) istədiyimizdə “yox” desin”.
Həzrəti Xədicə (r.a.) Peyğəmbərə (səs) demişdi: “Sən yıxılmışa dayaqsan, yoxsula əl tutansan. Bəlaya tuş gəlmişlərə də yardım edirsən”.
Bir gün Peyğəmbərə (səs) yetmiş min dirhəm gətirmişdilər. Pullar həsirin üzərində idi. Peyğəmbər pulları paylamağa başladı. Gələni əliboş qaytarmadı. Bu minvalla hamısını paylayıb qurtardı, özünə heç nə saxlamadı.
Allahın Rəsulu (səs) öz səhabələri ilə mehriban davranırdı. Hər bir qəbilənin hörmət-izzət sahiblərinə ehtiram göstərir, insanları qoruyur, onları pis əməllərdən çəkindirirdi. Heç kəsə üzünü turşutmaz, kiminsə kefinə dəyməzdi.
Daima səhabələrinin halını soruşardı. Hər birinə ayrı-ayrılıqda qiymət verərdi. Hər kəs düşünürdü ki, Peyğəmbər daha çox onu sevir.