• 22 Noyabr 2024

İslamda Siğə/Muta Varmı?

Allaha həmd olsun! Dinimizdə (İslam dinində) siğə qəti olaraq haramdır və böyük günahlardan sayılır. Sizin sualınıza cavab verməkdən əvvəl siğənin mahiyyətinin nədən ibarət olduğunu açıqlamağa çalışaq. Siğə Allah tərəfindən buyurulmuş normal, qanuni nikahdan ciddi şəkildə fərqlənən bir nikah növüdür. Məlum olduğu kimi, normal nikah insanların ailə qurulmasını və bundan qaynaqlanan insana fitrətinə xas olan bəzi şeyləri hədəf alır. İnsan cəmiyyəti iç-içə olan getdikcə genişlənən müəssisələrdən mütəşəkkildir: millətlər, qəbilələr, tayfalar, nəsillər və nəhayət ailələr.

“Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)…” (əl-Hucurat, 13).

Bir sözlə ailə vasitəsi ilə cəmiyyət formalaşır.Həmçinin övlad və onun tərbiyəsi, iki nəsil arasında tanışlıq, qohumluq da nikahın hədəflədiyi şeylərdəndir.

Eyni zamanda həyat yoluna davam edərkən əks cinsdən olan bir yol yoldaşına duyulan mənəvi ehtiyacı da bura daxil etmək olar. Dilimizdə buna “həyat yoldaşı” deyilir. Quranda isə “zövc” kimi qeyd edilən bu kəlmə “təkin ziddi olan cüt”, “cüt olan bir şeyin ikinci tayı, hissəsi”, “bir şeyin yarısı” mənasına gəlir. Quran bu kəlmə ilə həyat yoldaşının həyatdakı rolunun dərin mənasını ortaya qoymuş olur.

“Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat) olmaq üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur…” (əl-Əraf, 189).

Digər bir ayədə də belə buyurulur:

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…” (ər-Rum, 21).

Əlbəttə ki, ailədəki məqsəd yalnız maddi, mənəvi, ictimayi yönlərdə əldə edilənlərlə məhdudlaşmır. Eyni zamanda insanın təbii, bioloji tərəfi də burada nəzərə alınır.

Müfəssirlərə görə, yuxarıdakı ayələrdəki “aranızdakı mərhəmət” təbirindəki məqsəd övlad, onlara olan məhəbbət, şəfqət, mərhəmət və bu duyğulardan alınan zövq, ləzzətdir.

Ayədəki “onunla rahatlıq tapsın deyə” ifadəsindəki “rahatlıq” iləda cinsi münasibətin nəzərdə tutulduğu elm əhli tərəfindən söylənilmişdir. 

Ümumiyyətlə, ayədəki “rahatlığın” geniş mənada, istər dünya işləri ilə əlaqədar ər-arvadın bərabər yürütdüyü fəaliyyət olsun, istərsə də insanın bioloji ehtiyacı olan cinsi münasibət olsun bir sözlə fiziki-bioloji yöndən rahatlıqla paralel olaraq eyni zamanda mənəvi-psixoloji rahatlıq mənasını ifadə etdiyi söylənilib.

Siğə isə (buna şəriətdə “muta nikahı” deyilir) normal nikahdan və onun hədəflədiyi ülvi, böyük məsələlərdən fərqli bir şeydir. Siğə qarşısına əsasən cinsi tələbatı ödəməyi qoyur. Bir günlük, bir saatlıq evliliklə hansı həyatı məqsədlərdən, hansı həyat yolunda yoldaş əldə etməkdən söhbət gedə bilər?  

Normal nikahdan fərqli olaraq siğədə nə şahidlər, nə də bunu el-aləmə elan etmək kimi şərtlər yoxdur. Bu, qadınla kişi arasında gizli şəkildə bağlana bilir. Siğə çox vaxt səfərdə tətbiq olunur. (Səfərdə olması şərt deyil, yaşadığı yerdə də tətbiq edilə bilir). Cinsi tələbatı ödəmək üçün siğə edilən qadın isə çox vaxt özü haqqındakı hər şeyi gizlədir. Hətta əsl adını belə düz demir. Şəhvət ödəndikdən (siğənin müddəti bitdikdən) sonra həmin qadınla bütün əlaqələr kəsilir.

Bir kişinin siğə bağladığı qadınla onun oğlu da nə vaxtsa bilmədən siğə bağlayıb və ya evlənə bilir. Oğulun siğə etdiyi qadınla ata nə vaxtsa bilmədən siğı edə bilir və ya evlənə bilir.

Həmçinin, siğə nəticəsində qadının dünyaya uşaq gətirməsi təbiidir. Sonra həmin uşaq (əgər qızdırsa) böyüyəndən sonra onun siğə atası, atasının qardaşı (əmisi), atasının oğlu (qardaşı) öz yaxınını tanımır. Onların həmin qızla evlənməsi və ya siğə etməsi mümkündür. Siğədən doğulan uşaq oğlan olsa da eyni şeylər baş verə bilər (Öz bibisi, bacısı ilə evlənmə və ya siğə etmə məsələsi). Halbuki yaxın qohumlarla evlənmək haramdır və ən irgənc əməllərdən olub böyük günahlardan sayılır. Bir kənara qoyun insanların ən üstünü, ən mədənisi olan müsəlmanları! Belə şeylər, ümumiyyətlə, insan adını daşıyan hər kəsin diksindiyi şeylərdir.

Normal nikahla muta nikahının (siğə) mahiyyət və məqsədinin fərqli olması bu nikahların şəklinə, qaydasına sirayət etmişdir.

Normal nikahla muta nikahı (siğə) arasındakı bəzi fərqlər:

1. Kiminlə nikahlanmaq olar?

a) Din

Normal nikahda evlənən kişi və qadınların hər ikisinin mömin olması lazım gəlir. Kafir və müşriklərlə evlənmək haramdır (Bax: əl-Bəqərə, 221). Yalnız müsəlman kişilərin Kitab əhlindən (yəhudi və xristianlar) olan namuslu qadınları nikahlaması müstəsnadır  (Bax: əl-Maidə, 5).

Muta nikahında (siğə) həm mömin qadınlarla həm də əhli Kitabdan olan qadınlarla nikahlanmağa icazə verilib, məcusi (bütpərəst) qadınlarla caiz deyildir. Amma əgər olmazsa, Əhli-kitab xaricindəki kafirlərlə də muta nikahı bağlamaq olar (Bax: Tusi, İstibsar 3, 144)

 

b) Evlilik

Normal nikahda nikahı altında dörd xanımı olan birinin beşincisi ilə evlənməsi haramdır (Bax: ən-Nisa, 3).

Muta nikahında qadınıarın sayında heç bir məhdudiyyət yoxdur.

Normal nikahda evli azad qadınla nikah haramdır (Bax: ən-Nisa, 24). Qadının nəinki evli olub-olmamasını, hətta qadın boşanmış və ya əri ölmüş biridirsə, dul qaldığı andan sonra iddət müddətinin bitib-bitməməsini araşdırmaq vacibdir. Çünki iddəti bitməmiş qadınlarla evlilik haramdır.

Muta nikahı haqqında söylənən fikirlərə görə, bu məsələ müammalıdır. Çünki bəziləri “qadının evli olub olmaması araşdırılmamalıdır” deyir (Bax: Tusi, Təhzib əl-Əhkam 7, 252; Küleyni, Füru 5, 462).  

 

2. Nikahın şərtləri

a) Normal nikahda

Qadının ailəsinin izni olmalıdır.

Nikah şahidlər qarşısında olmalıdır.

Nikah elan edilməlidir.

Rəsulullah (s) buyurub: “Vəli və iki şahid olmadan nikah olmaz” (Dariqutni, İbni Hibban).

“Nikahda mütləq dörd şey olmalıdır: vəli (qəyyum), ər və iki şahid” (Dariqutni).
“Fahişə heç bir dəlil olmadan özünü evləndirən qadındır” (İbni Hibban, Dariqutni).

Həmçinin, Peyğəmbər (s) nikahı elan etməyi əmr edib: “Nikahı elan edin” (Əhməd, Hakim).

“Yanındakılara əmr et ki, nikah əsnasında dəf çalsınlar. Dəf zina ilə nikahın arasını biri birindən ayırar” (Mudəvvənə 2, 129).

“Nikahı elan edin. Bunu məscidlərdə edin. Dəf çalın və içinizdən biri bir qoyunla olsa belə, toy etsin” (Tirmizi).

Muta nikahında isə bütün bu şərtlərin heç biri yoxdur. Qadınla kişi heç kəsin xəbəri olmadan aralarında muta nikahını bağlamaq haqqında razılaşa bilərlər (Bax: Tusi, İstibsar, 148-149). 

 

b) Mehr

Normal nikahda qadının təyin etdiyi mehr (toy hədiyyəsi) şərtdir (Bax: ən-Nisa, 24-25).

Muta nikahının əsasını qadından müəyyən bir müddət faydalanma təşkil edir. Qadın icarəyə götürüldüyü üçün ona qarşılıqlı razılaşma ilə müəyyən edilmiş bir kirayə haqqı ödənir.

 

c) Talaq (Boşanma)

Normal nikahda boşanma (talaq) vardır. (Bax: əl-Bəqərə, 228).

Muta nikahında isə müddət təyin edildiyinə görə nikahın müddət bitdikdə avtomatik ayrılma baş verir.

 

) İddət

 ç

Normal nikahda boşanmış qadınların iddəti (gözləmə müddəti) üç heyiz və ya bu haldan təmizlənmə müddətidir. Bu müddət ərzində onlar ərə gedə bilməzlər (Bax: əl-Bəqərə, 228). Əri ölmüş qadının da iddət vaxtı dörd ay on gündür (Bax: əl-Bəqərə, 234). Bu iddətin səbəbi qadının hamilə olub-olmamağının müəyyən etməkdir. Bundan da məqsəd uşağın atasının və nəsəbinin bilinməsidir.  

Muta nikahında isə iddət 45 gün və ya bir heyz müddəti vardır.

d) Miras

Normal nikahda ər-arvaddan biri öldükdə biri-birinə mirasçı (özündən sonra qoyub getdiyi malda pay sahibi) olurlar. Həmçinin, bu nikahdan doğulan uşaqlar da ana-atasına varis olurlar (Bax: ən-Nisa, 12).

Muta nikahı bağlayanlar birinin ölümündən sonra biri birinə varis olmazlar. Çünki qadın zövcə deyil, icarəyə götürülmüş sayılır. (Bax: Tusi, İstibsar 3; 147, 151; Füru 5; 460). Həmçinin, siğədən doğulan uşaqlar da atalarına varis olmazlar.

e) Müddət

Normal nikahda müddət haqqında heç bir şərt irəli sürülməz. Çünki bu nikah ömürlük məqsədi ilə bağlanıb müddətə yer buraxmır. Muta nikahında müddət iki tərəfli razılıqla tıyin edilir. Bu müddət bir-neçə saatdan tutmuş uzun bir müddətə qədər ola bilər.

Bura qədər qeyd etdiyimizlər məlumatlarda normal nikaha dair dəlillər Quran və Peyğımbərin (s) hədislərindən götürülmüşdür. Siğəyə dair dəlillər də onun halal olduğunu iddia edənlərin əsərlərindən götürülmüşdür. (Bax: Prof. Dr. İbrahin Canan. Kutubi Sitte tercüme ve şerhi).

Siğənin (muta nikahının) nə olduğu və onun normal nikahdan fərqinin nədən ibarət olduğunu ortaya çıxartdıqdan sonra sizin “Dində siğə varmı?” sualına cavab verməyə çalışacağıq. İki kəlmə ilə deyirik: “Dinimizdə siğə haramdır”.

Onda belə bir sual çıxa bilər ki, bəs nə üçün bəziləri siğə deyilən şeyin olduğunu iddia edirlər?”

Bunu anlaya bilməyimiz üçün Quranın (İslam dininin) enməsi ilə əlaqədar iki mühim məsələni xatırlamağımız gərəkdir.

Birincisi, Quran bir günün içində tam şəkildə enməyib, 22-23 il ərzində tədricən enmişdir.

“İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində) nazil etdik” (əl-İsra, 105).

İkincisi, bütün bəşəriyyətə ünvanlanan Quran (İslam dini) VII-ci əsrdə yaşayan ərəb cəmiyyətinə enmişdir.  Bu toplumun bir qisim inancları, ibadətləri, adət-ənənələri, qayda-qanunları vardı. Quran enərkən bu cəmiyyətin bütün yaşayışını topdan rədd edib yep-yeni bir qayda-qanun gətirmədi. Əksinə Quran bu toplumda hakim olan həyat qaydası üzərinə enərkən müəyyən dəyişikliklər etdi. Qüvvədə olan bəzi hökmləri olduğu vəziyyətdə saxladı. Bəzi başda şirk və ondan doğan batil inanc və qanunları tamamən haram etdi. Bəzi inanc və qaydalara isə düzəlişlər, əlavələr gətirdi. Bu həyati əhəmiyyətli dəyişikliklər etməsi üçün Quran Allah tərəfindən 22-23  il ərzində tədricən endirildi.

Quran enərkən Ərəb toplumunda keçmiş cahiliyyədən miras aldığı içki, faiz, qumar, zina və digər cürbə cür əxlaqsızlıq yayılmışdır. Quran enməyə başlayandan bəri insanların İslama girməsinə baxmayaraq, keçmişdən qalma bəzi bu gün günah kimi məlum olan əməllərə davam edərdilər. Məsələn içki, qumar, faiz, qisasda həddi aşma və sair. Peyğəmbər (s) özü hələ Quran nazil olmadan bütün bunlardan uzaq durduğu kimi, buna davam edərdi. Amma Allahdan bir höküm gəlmədiyi və ona da səlahiyyət verilmədiyi üçün bunları qadağan edə bilmirdi. İlk dövrlərdə  ilahi təlimatlarla Peyğəmbər (s) günahların günahı olan, bütün günahların ondan qaynaqlanan şirkin (Allaha ortaq qoşmaq) kökünü qazmağı hədəfləmiş, əsas gücünü də onunla mübarizəyə yönəltmişdir. Buna paralel olaraq gündə iki dəfə (səhər-axşam) namazı kimi insanı dində sabitləşdirən şeyləri əmr edərdi. Həmçinin, uşaqları diri-diri basdırmaq kimi ağır günahları qadağan edirdi.

Ailə-nikah və zina məsələlərinə gəldikdə, ərəb toplumu keçmişdən bir çox nikah növlərini miras almışdır. Bunlardan biri ümumbəşər insan, fitrət normalarına uyğun ailə qurulmasını hədəfləyən nikah idi (Peyğımbər (s) Quran və peyğəmbərlikdən əvvəl mömünlərin anası Hz. Xədicə (r) ilə Qüreyşin adətinə uyğun olan bu nikahla ailə qurmuşdur). Bir digər nikah növü də muta nikahı idi (siğə). Bunlardan başqa cahiliyyə dövrü ərəblərdə “nikah” adı altında fəaliyyət göstərən əslində isə faktiki olaraq zina olan bəzi nikah növləri də vardı. Peyğəmbər (s) üsula görə, əvvəla bu növ “nikahları” ləğv etməyə çalışdı. Muta nikahını isə tədricən ləğv etdi. Bəzən tam deyil əsasən ləğv etdiyi halda bəzi hallarda (səfərlərdə, müharibələrdə) müstəsna olaraq izin veriridi. Axırıncı dəfə Məkkənin fəthində, döyüş iştirakçılarına üç günlük izn verdi. Bundan sonra isə muta mövzusunda son nöqtəni qoyaraq bu işə xitam verdi.  

Rəbiə ibn Səbra əl-Cühəni atasından rəvayət etdiyinə görə Məkkənin fətihi günü Rəsulullah (s) mutanı (siğəni) qadağan etmiş və: “Diqqət edin! Muta bu günümüzdən qiyamətə qədər haramdır. Kim bir şey (muta müqabilində qadınlara bundan əvvəl) bir şey verdisə, onu geri almasın!” buyurdu” (Müslim, Nikah 28)

Bu gün bəzilərinin siğənin halal olmasını iddia etməsinin əsil səbəblərindən biri də budur hər halda. Yəni, Peyğəmbərin (s) mutaya rüsxət verdiyini bildirən hədislərdən qaynaqlanmasıdır. Başqa səbəblərində olması müstəsna deyil. Bənzəri anlaşılmazlıq şeylər Hz. Ömərin xilafəti dövründə də olmuşdur. Abdullah ibn Ömərin rəvayət etdiyinə görə “Bir gün hz. Ömər xütbə verərəkən belə dedi: “Rəsulullah (s) bizə mutaya üç dəfə izin verdi, sonra da onu haram etdi. Vallahi əgər evli birinin muta etdiyini bilsəm onu rəcm (daş qalaq) edərəm. Ya da ki, o adam Rəsulullah (s) onu haram etdikdən sonra halal etməsinə dair dörd şahid gətirməlidir” (İbni Macə, Nikah).

Bu qadağa xatırlatıldıqda İbn Abbas (r) kimi bəzi səhabələr onunla razılaşmadılar. Hz. Əli üzünü İbni Abbasa tutub dedi: “Sən həqiqətən çaşmış bir adamsan. Rəsulullah (s) bizə mutanı qadağan etdi” (Muslim, Nikah 29; Nəsai, Nikah 71).

Bu mövzudakı digər dəlillərə gəldikdə, aşağıdakıları söyləyə bilərik.

Quranda keçən bəzi ayələr muta nikahını (siğəni) rədd edir. Məsələn:

“Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar…” (ən-Nur 33).

Əgər siğə icazəli olsa idi Allah evlənmə imkanı olmayanlara çıxış yolu açılana qədər iffətlərini qorumağı deyil, muta nikahını əmr edərdi. Halbuki Allah siğə deyil, dözməyi əmr edir. Həmçinin, gənclərə nəsihət edən Allahın rəsulu da (s) eyni şeyi buyurmuşdur: “Evlənmə imkanı olan evlənsin. İmkanı olmayan isə oruc tutsun” Peyğəmbər (s) siğə ilə şəhvətini söndürmək əvəzinə oruc tutmağı buyurub. 

Həmçinin, Allah Quranda evlənməkdən söz edərkən  nikahlanması (söhbət evlənməkdən gedir siğədən deyil) haram olan qadınlara kimlərin daxil olmasını sadalayır. 

 “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi…

(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi)…” (ən-Nisa, 23-24).

Sonra bu mövzunu davam edərək sadalanmış evlənməsi haram olan qadınlardan başqa digərləri ilə evlənməkdə bir günah olmadığını bildirir:

“…Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək sizə halal edildi. Faydalandığınız qadınların haqlarını (əcrlərini) lazımi qaydada verin! Miqdarını təyin etdikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa 24).

Allah bu ayədə evlənməyə izin verməklə yanaşı, onun qaydalarınada toxunur. Məsələn, evlənməsi icazə olan qadınlar namuslu olub, zinakar olmamalıdırlar.

“…Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən…”.

Həmçinin, arada razılaşdırılmış mehrin verilməsinin gərəkli olması bura daxildir:

“…Faydalandığınız qadınların haqlarını (əcrlərini) lazımi qaydada verin! Miqdarını təyin etdikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz…”

Ayədəki qadınların haqqı (اجورهن)  [ucurahunnə] sözündəki məqsəd normal nikahdakı mehrdir. Eyni şey ən-Nisa 25, əl-Mumtəhinə surələrində də bu anlamda qeyd edilir.

“…Bunların (bu qadınların) mehrlərini (اجورهن)  [ucurahunnə] özlərinə verdiyiniz təqdirdə onları nikahlamanızda sizə heç bir günah gəlməz…” (əl-Mumtəhinə 10).

Digər tərəfədən, ən-Nisa 24-də yeganə çıxış yolunun evlənmək olduğu bildirildikdən sonra, buna imkanı olmayanlar üçün Allah sonrakı 25-ci ayədə bir yol açmaqdadır. O da əhlinin izni ilə cariyələrlə evlənməkdir.

“İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin cariyələrdən (kənizlərdən) alsınlar… İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini (əcrlərini) (اجورهن)  [ucurahunnə]  qəbul olunmuş qaydada verin!…Əgər səbr edərsiniz bu sizin üçün daha xeyirlidir…” (ən-Nisa, 25).

Bu üç ayələri (ən-Nisa, 23-25) təhlil etdikdə belə bir nəticə alınır:

1) Allah bəzi qadınların nikahlanmasının haram olduğunu bildirir (ən-Nisa, 23-24).

2) Sonra bu haram edilənlərin xaricindəki qadınlarla evlənməyin günah olmadığını (halal olduğunu) bildirir (ən-Nisa, 24).

3) Sonra buna imkanı olmayanların cariyələ nikah bağlamalarına icazə verir (ən-Nisa, 25).

Göründüyü kimi, əgər siğə halal olsa idi, Allah səbir etməyi, dözməyi, cariyələrlə evlənməyi deyil, muta nikahı bağlamağı əmr edərdi.

Yenə normal nikah altında olan zövcələr və ailədən sayılan cariyələrdən başqa heç bir qadının halal olmayacağı Quranda bildirilməkdədir. Siğə bağlanan qadın isə nə zövcədir (həyat yoldaşı), nə də cariyədir.

“O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;

Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (bu işdən ötrü) qınanmazlar.

Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır” (əl-Muminin, 5-7).

Quran ayələrinə açıqlıq gətirən Peyğəmbərin (s) hədisləri də siğənin haram olduğunu açıq şəkildə ortaya qoyur. Peyğəmbər (s) bunun qadağan olduğunu dəfələrlə elan edib.

Böyük şiə hədisçisi Əbu Cəfər Tusi Məhəmməd rəvayət etdiyi hədisdə Hz. Əli belə demişdir: “Rəsulullah (s) Xeybər günü qadınlarla muta (siğə) etməyi və eşşək ətini yeməyi qadağan etdi” (Tusi, İstibsar, 3; Təhzihul-Əhkam 7, 251).

Beyhəqi Hz. Əlinin muta nikahının əvvəlcə bəzi şərtlərlə icazəli olub, ancaq sonralar nikah, talak, iddət və ər-arvadın biri birinə mirasçı olmaları hökümləri endiriləndən sonra bu icazənin mütləq şəkildə nəsx edildiyini (hökmünün qüvvədən salındığı) bildirir”  (Beyhəqi, əs-Sünənul-Kubra 7, 207).

Bu mövzuda hədislər olduqca çoxdur. Məsələni uzatmağa gərək yox. Bizim sizə verəcəyimiz məlumat bundan ibarət idi.

Hər şeyin doğrusunu yalnız Allah bilir.

Read Previous

Müsəlmanlara qarşı müşriklərə yardım etmənin hökmü nədir?

Read Next

Mövzu: Kin Və Həsəd

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.