Əziz müsəlmanlar, qul haqqına girmək böyük günahlardandır. Uca Allah, qul haqqını bağışlamağı və ya bağışlamamağı, haqsızlığa məruz qalan bəndəsinə həvalə etmişdir. Bütün davranışları ilə bəşəriyyətə nümunə olan Kainatın Fəxri Həzrət Peyğəmbərimiz (s) Allah Təalanın hüzuruna qul haqqı ilə çıxmamaq üçün, çox böyük fədakarlıq göstərmiş və bizə ən gözəl nümunə olmuşdur. Bunlardan birini Əbu Zura (r.a) rəvayət edir:
Rəsulullah (s), Taif səfəri əsnasında, Qarni-Mənazil deyilən yerdən ayrılarkən heyvanına minmək istədiyi zaman dəvəsi Qasvanı hazırladım. Qasvanın yüyənini əlimdə tutaraq, belinə minəndən sonra özünə verdim və tərkinə mindim. Rəsulullah (s) tərpətmək üçün dəvənin arxasına qamçı ilə vurur və hər vuruşunda qamçı mənə də dəyirdi. Sonra mənə tərəf dönüb: “Yoxsa qamçı sənə də dəyir?”-deyə soruşdu. –Bəli, atam-anam sənə fəada olsun!-dedim.
Ciranə deyilən yerə çatdıqda kənarda (bir sürü) davarlar var idi. Qənimət mallarının başındakı məmurdan onlar haqqında nə isə soruşdu. Soruşduğu adam da ona məlumat verdi. Bundan sonra Rəsulullah (s); -Əbu Zura haradadır?-deyə səsləndi.
–Buradayam!-dedim. “-Bu davarları al! Axşam sənə dəyən qamçıların əvəzi olsun!”-buyurdu. Saydığımda həmin davarların yüz iyirmi baş olduğunu gördüm. Mənim əldə etdiyim və ən çox faydalandığım malım bunlardan ibarət idi.”[1]
Qul haqqına həssaslıqla yanaşan Rəsulullah (s), bir hədisi-şərifində belə buyurur:
“Kimin üzərində din qardaşının namusu və ya malı ilə bağlı bir zülm varsa, qızıl və gümüşün olmayacağı qiyamət günü gəlməzdən əvvəl, həmin insanla halallaşsın. Əks halda, saleh əməlləri varsa, etdiyi zülm miqdarında savablarından alınıb (haqq sahiblərinə verilir.) Əgər yaxşılıqları yoxdursa, zülm etdiyi qardaşının günahlarından alınaraq onun üzərinə yüklənər.”[2]
Qul haqqına girən insanların qiyamət günü gəlmədən zülm etdikləri insanlarla halallaşmaları, sonra da tövbə etmələri lazımdır. Çünki qiyamət günü qızıl və gümüşün bir işə yaramayacağı hesablaşma günüdür. Rəsulullah (s)-: “Həqiqi müsəlman, dilindən və əlindən müsəlmanların zərər görmədiyi insandır.”[3] buyuraraq qul haqqına əhəmiyyət verməyin vacibliyini bariz şəkildə dilə gətirmişdir.
Bir dəfə Rəsulullah (s)-: “And içərək bir müsəlmanın haqqını alan (yeyən) insana, Allah cəhənnəmi vacib, cənnəti də haram edər.”-buyurunca, bir nəfər: -Ya Rəsulallah! Əgər o kiçik və dəyərsiz bir şeydirsə?-deyə soruşdu. Buna cavab olaraq Peyğəmbərimiz (s): “-Misvaq ağacından bir budaq olsa belə…”-buyurdu.[4]
Ömər bin Xəttab (r.a) belə nəql edir: Xeybər qəzvəsi günü idi. Əshabından bəziləri Həzrət Peyğəmbərin (s) yanına gəlib: -Filan adam şəhid oldu, filan adam şəhid oldu,-dedilər. Sonra bir nəfərin yanından keçərkən: -Filan adam da şəhid olub,-dedilər. Peyğəmbərimiz (s): -Xeyr, mən onu qənimət mallarından haqsız yerə götürdüyü bir əba içində cəhənnəmdə gördüm,-buyurdu.[5]
Şəhidlik, insanın bir çox günahına kəffarə olduğu halda, xalqın malına xəyanət və qul haqları bağışlanmır. Bu səbəblə Peyğəmbərimiz (s), şəhid olduğu xəbər verilən bir nəfərin qənimət malları hələ bölüşdürülməmiş götürdüyü bir əbadan ötrü cəhənnəmdə olduğunu bildirmiş, xalqın malına xəyanət və qul haqqının bağışlanmayacağını ümmətinə öyrətmişdir.
Peyğəmbərimizin (s) qulluğunda duran Midam adlı zənci bir köləsi var idi. Rəsulullahın (s) yükünü boşaltdığı bir vaxt haradan gəldiyi bilinməyən bir ox onun ölümünə səbəb oldu. Müsəlmanlar: -Ey Midam! Cənnət sənə mübarək olsun! Ya Rəsulallah, xidmətçinə şəhidlik mübarək olsun!-deyərək qibtə etdiklərini bildirdikdə, Allah Rəsulu (s): -Xeyr, elə deyil! Varlığım əlində olan Allaha and olsun ki, Xeybər günü qənimət malları bölüşülmədən götürdüyü bir kilim indi onun üstündə alov olub yanmaqdadır!-buyurdu.
Bir insan səhabə də olsa, hətta Allah Rəsulunun (s) qulluğunda da dursa günahlarının əvəzində cəhənnəmə girməyinə heç nə mane ola bilməz. Onun cəhənnəmdə olmağının səbəbi xalqın müştərək malından, yəni dövlət xəzinəsindən haqsız yerə bir şey götürməsidir. Çünki bu hərəkət böyük günahlardandır.
Hzrət Peyğəmbər (s), vəfatına yaxın əshabına son tövsiyəsini verərkən belə buyurmuşdur: “Mən də nəhayət bir insanam. Aranızdan bəzilərinin üzərimdə haqqı ola bilər. Mən kimdən nəsə almışamsa, malım ortadadır, gəlsin götürsün. Yaxşı bilin ki, mənim üçün ən sevmiliniz, varsa haqqını məndən alan və ya haqqını mənə halal edən kimsədir. Çünki Rəbbimə ancaq bu sayədə halallaşmış olaraq və qəlb rahatlığı ilə qovuşa biləcəyəm! Allahım! Mən ancaq bir insanam! Müsəlmanlardan kimə ağır bir söz söyləmiş və ya bir qamçı vurmuşamsa sən bunu onun haqqında təmizliyə, əcrə və rəhmətə vasitə et!”[6]
“Ey insanlar! Kimin üzərində haqq varsa, onu ödəsin, “dünyada biabır olaram” deməsin! Yaxşı bilin ki, dünya rüsvayçılığı axirət rüsvayçılığından çox azdır.”[7]
11 May 2012 / 20 C. Axir 1433