• 24 Noyabr 2024

“Allah hər yüz ilin əvvəlində bu ümmətə dinini yeniləyən kəs göndərər” hədisini necə başa düşməliyik?

“Allah hər yüz ilin əvvəlində bu ümmətə dinini yeniləyən kəs göndərər” hədisini necə başa düşməliyik?

Bəzi insanlar Əbu Hüreyrəyə istinadən Əbu Davud və Hakimin rəvayət etdikləri, bir çoxlarının da səhih saydığı “Allah hər yüz ilin əvvəlində bu ümmətə dinini yeniləyən kəs göndərər” hədisini oxuduqdan sonra elə başa düşmüşlər ki……yeniləmə (təcdid) – təkmilləşib dövrə uyğunlaşsın deyə dinin dəyişdirilməsidir. Bu səbəbdən demişlər ki, din sabitdir, nə yenilənər, nə də dəyişilər. Din inkişafla deyil, inkişaf dinlə uyğunlaşmalıdır.

Yuxarıdakı hədisi Əbu Davud (“Sünən” kitabı, “Məlahim” fəsli, hədis № 4270), Hakim (Müstədrək, cild IV, səh. 522) və Beyhəqi (Mərifət əs-Sünən vəl-Asar) rəvayət etmişlər. Münavinin “Feyz əl-Qədir” kitabında (cild II, səh. 282) deyilir ki, İraqi və Süyutiyə görə, hədis səhihdir.

Əgər dini yeniləmə onun prinsip və təlimlərinin təkmilləşdirilməsi, insanların tələbatlarına uyğunlaşdırılması, inkişafla ayaqlaşdırılması deməkdirsə  – təbii ki, bu belə deyil; bu, həqiqəti tərsinə başa düşməkdir, – bunu deyən hədis rədd edilməlidir.

Bu iddia ilə çıxış edən şəxsin “yeniləmə” ilə nəzərdə tutduğu şey yuxarıda deyilən kimidirsə, onda o, düz söyləyir. Ancaq…

Ancaq tədqiqatlarımın birində göstərdiyim kimi, yeniləmə (təcdid) dedikdə dini başa düşmədə, ona iman və riayətdə yenilənmə nəzərdə tutulur. Çünki bir şeyi yeniləmək həmin şeyi meydana çıxdığı vəziyyətinə qaytarmaqdır. Bu zaman o, qədimliyinə rəğmən, yeni kimi görünür. Bu isə mümkün qədər əvvəlki vəziyyətini alanadək həmin şeyin zəifləmiş tərəflərinin gücləndirilməsi, dağılmış yerlərinin bərpası, çatlaqlarının birləşdirilməsi ilə baş verir.

Bir şeyi yeniləmək onun əvvəlki vəziyyətini dəyişdirmək, ya da onu lazımsız yeni şeylərlə əvəz etmək mənasına gəlmir. Bu, yeniləmə deyildir.

Bu məsələni əyani şəkildə izah edək. Məsələn, tarixi bir tikilini restavrasiya (yenidən qurmaq, yeniləmək) etmək istəyirik. Bu tikilinin restavrasiyası onun özünü, tarixi xüsusiyyətlərini, görünüşünü olduğu kimi saxlamaq şərti ilə ətraf mühitin dağıdıcı təsirinə məruz qalmış yerlərini bərpa etmək, girişlərini və ona bitişik digər tikililəri gözəlləşdirmək, ona gedən yolları abadlaşdırmaq… deməkdir. Köhnə tikilinin bərpası – yenilənməsi onu bütövlükdə yıxıb yerində təzəsi və böyüyünü tikmək deyildir.

Din də belədir. Dini yeniləmək dedikdə yeni din formasını ortaya çıxarmaq başa düşülməməlidir. Dinin yenilənməsi onu Peyğəmbərin, səhabələrinin, onlara layiqli şəkildə tabe olanların dövründəki vəziyyətinə qaytarmaqdır[1].

Dini yeniləmə ictihadı bərpa etməkdir, dinin əsil mənbələrinə müraciətdir, donuqluq və kor təqliddən xilas olmaqdır, müsbət tərəflərindən faydalanıb boşluqlarını da doldurmaq üçün mədəni irsimizə tənqidi yanaşmaqdır, – bu, zehniyyətin yenilənməsidir. Bununla yanaşı, dövrün tələb və şərtlərinə uyğun olaraq imanın, dini dəyər və əsaslara bağlılığın, dinə dəvətin yenilənməsi də vardır. Peyğəmbər də bir hədisində deyib: “Paltar kimi, içinizdəki iman da köhnəlir. Elə isə Allahdan diləyin ki, qəlblərinizdəki imanı yeniləsin”[2].

Read Previous

Müsəlmanları kafir adlandırmayın!

Read Next

Qardaşlıq yoxsa müsiqidəki haramlıq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.