Ölkədə pasporta hicabla şəkil çəkdirmək olmaz. Bu təqdirdə müsəlman qadınlar nə etsinlər.
Allah Ona inanan, Ona təslim olmuş mömin qadınlara örtünməyi vacib buyurmuşdur. Hicabın vacib olması həm Quranla həm sünnətlə, həm də icma ilə sabitdir.
Qurani-Kərimdə hicab belə əmr edilməkdədir:
“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)” (Nur, 31)
Eyni zamanda Ümmü Sələmə (r) rəvayət edir ki, Rəsulullahın yanında Məymunə (r) ilə bərabər oturmuşuq. Bu zaman İbn Ümmü Məktum gəldi. Rəsulullah “İbn Ummu Məktuma gördünüz örtünün” dedi. Biz “Ya Rəsulullah bu şəxs kordur, bizi görməz” – dedik. Allah Rəsulu “Sizdə mi korsunuz, onu görmürsünüzmü dedi.
İcmaya gəlincə bilməliyik ki, qadınların örtünməsi barəsində bütün İslam ümmətinin üləması ittifaq etmişlər. İyirminci əsrin sonlarında özlərini müsəlman hesab edən bir-iki münafiqdən başqa heç kim İslamda hicabın vacibliyini inkar etməmişdir. Bu gün bəzi zındıqlar yuxarıda keçən ayənin hicaba dəlil təşkil etmədiyini bildirirlər. Halbuki, bu ayəni Rəsulullah və ondan sonrakı nəsillər ancaq və ancaq qadınların örtünməsi, hicablanması olaraq başa düşmüşlər. Bu ayənin fərqli bir təvilinə, nə sahabə dövründə, nə onlardan sonrakı nəsil olan tabiin dövründə nə də daha sonrakı nəsillər arasında rast gəlinməmişdir. Rəsulullahın və səhabənin həyatı Quranı həyata tətbiq etmə metodudur. Quranda təsəttür ayəsini səhabə qadınları necə anlayıb tətbiq etdiyini Hz. Aişə belə rəvayət edir: “Həqiqətən Qureyş qadınları fəzilətli kimsələrdir. Ancaq Allaha and olsun ki, Ənsar qadınlarından daha fəzilətlilərini görmədim. Allahın Kitabını təsdiq etməkdə onlar daha həssas idilər. Nur surəsi nazil olmuş, örtünmə əmr edilmişdi. Ərləri bu ayələri xanımlarına oxumaq üçün evlərinə getdilər. Heç biri kənarda qalmadan bütün qadınlar dərhal örtülərinə büründülər. Səhəri gün sabah namazında hamısı üzlərini də örtəcək şəkildə başlarını sarımışdılar və sanki başlarının üstündə qarğalar var idi.”
Hz. Aişədən nəql edilən bu xəbər bizə baş örtüsünün səhabə arasında necə tətbiq edildiyini göstərir.
Ən sonda onu deyə bilərik ki, dini baxımdan bir inanan, mömin qadın üçün baş örtüsü onun insiativinə, şəxsi seçiminə buraxılmış bir məsələ deyildir. Bu Allahın əmridir və qulların üzərinə düşən bu əmri yerinə yetirməkdir.
Sosial baxımdan isə baş örtüsü məsələsi bir din və vicdan azadlığı məsələsidir. Azad və demokratik cəmiyyət qadının hicab geyməsini ancaq və ancaq hörmətlə qarşılaya bilər. Hicablı qadın toplumdakı digər qadınlar kimi azad təhsil almaq, işləmək sosial fəaliyyətlə məşğul olmaq, sərbəst özünü ifadə etmək hüququna malikdir. Onun hüquqlarının bu və ya digər formada məhdudlaşdırılması özünü demokratik adlandıran bir cəmiyyətin öz prinsiplərinə xəyanəti deməkdir.
Ölkəmizdə hicablı qadınların pasporta şəkil çəkdirmələrində həqiqətən problem yaşanır. Hicablı qadınlar şəxsiyyət vəsiqəsi və ya xarici pasport üçün şəkil çəkdirdikləri vaxt onların başlarını açmaları tələb olunur ancaq bu formada şəkillərinin qəbul ediləcəyi şərti irəli sürülür. Bu həqiqətən də inancına bağlı müsəlmanları narahat etməkdədir. Bir çoxları mömin qadınlara qarşı bu münasibətin qərəzli olduğunu, anti-islami bir şüurdan doğduğunu fikirləşirlər. Zənnimizcə bu məsələ bu müstəvidə həll edilməməlidir. Bu sırf texniki bir səbəbdən qaynaqlandığını hesab edirik. Əlbəttə bu qərar səhv bir qərardır. Avropa ölkələrində belə pasportlara başı açıq şəkil çəkilməlidir deyə bir məcburiyyət yoxdur. Ölkədə gün-gündən çoxalan böyük bir zümrəni narazı və gərgin halda saxlamaq düz deyil. Zənnimizcə bu məsələ yaxın gələcəkdə həllini tapacaqdır. Dediyimiz kimi bu bir texniki məsələdən qaynaqlanmaqdadır. Yəni şəkildəkinin kimliyinin dəqiq anlaşılması üçün ondan başının açılmasını tələb edirlər. Ancaq bu gün bir çox ölkədə modern texnikanın köməyi ilə rəsmi sənədlərdəki şəkillərdə sadəcə gözlərin olması yetərli sayılır. Bu texnika ilə verilən pasportlar hətta bir çox müsəlman şərq ölkələrində də bu gün mövcuddur. Ümidvarıq ki, gec-tez Azərbaycanda da bu səviyyədə pasportlar veriləcək və ən azı o zaman şəkil üçün qadınların başları açılmayacaqdır. Bununla bərabər ölkədə bu məsələdə səlahiyyət sahibi olanları bir daha bu məsələyə qayıtmağa və mömin zümrəni anlayaraq qərar verməyə çağırırıq.
Ancaq bu gün sizin də qeyd etdiyiniz kimi mömin bacılarımız fakt qarşısındadırlar. Onlar nə etməlidirlər? Başı açıq şəkil çəkdirməlimi, yoxsa ömürlük sənədsiz qalmalıdırlarmı? Bu məsələdə əvvəlcə bilməliyik ki, pasport və ya şəxsiyyət vəsiqəsi bir insan üçün həyatının axarına təsir edəcək bir sənəddir. Bu sənədlərin olmadığı təqdirdə işləmək, təhsil almaq da daxil olmaqla bir çox zəruri fəaliyyətlər qeyri-mümkündür. Ümumiyyətlə bu sənəd olmadan bir şəxsin bir ölkədə bütün rəsmi iş və fəaliyyətləri ya çox çətindir yada ümumiyyətlə mümkün deyildir. Beləliklə bu sənədin olması zəruridir. Belə olan tərzdə şəriətin bu vəziyyət qarşısında mövqeyi aydındır. İslam fiqhində ümumi qayda olan “zərurətlər məhzurətləri (qadağaları) aradan götürər” düsturu burada əsas alınar. Necə ki, Allah təala Qurani-Kərimdə buyurur:
“Kim ki, naəlac qalıb məcbur edilərsə, (başqasının malını) zorla mənimsəməyib və (ehtiyac miqdarını keçib) həddi aşmayana qədər heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!” (Bəqərə 173)
Allah Rəsulu da bir hədisində buyurur: “Həqiqətən Allah ümmətimdən üç məsələdə günahı qaldırdı: Səhv etmək, unutmaq və zorla bir şeyə məcbur edilməkdə” (İbn Macə və Əhməd)
Pasportun zəruriliyini və mömin qadınların pasporta ancaq başı açıq şəkil çəkdirilməyə məcbur edildiklərini nəzərə alsaq yuxarıdakı qeyd etdiyimiz ayə və hədisin işığında deyə bilərik ki, mömin qadınlar pasporta şəkil çəkdirə bilərlər. Ancaq bu zaman hökmən aşağıdakı şərtləri nəzərə almalıdırlar:
1. Bu işə məcbur edildiklərinin şüurunda olmalı, yəni əlacsızlıqdan bunu etdiklərini qəbul etməli, qəlblərində bu əmələ qarşı gəlməlidirlər. Necə ki, Allah Rəsulu buyurur: “Sizdən biri bir pislik gördüyü zaman onu əli ilə dəyişsin, əli ilə dəyişə bilmirsə dili ilə dəyişsin, dili ilə də dəyişə bilməsə qəlbi ilə ona qarşı çıxsın. Bu imanın ən zəifidir.”
2. İmkan varsa saçlarının üzərini şəkil çəkdirərkən şəkildə hiss edilməyən qara bone ilə örtsünlər (bu məsələ də saçlarını ustalıqla bağlamaları və fotoqrafın da bu məsələ də ustalığı şərtdir) və boğazı örtən bir geyim (vadalaska) geysinlər.
3. Fotoşəkili ya bir məhrəmlərinə və ya qadın fotoqraflara çəkdirsinlər.
4. Şəkil çəkdirdikləri zaman ciddi formada saçlarını arxadan yığsınlar. Bu zaman saça xüsusi bəzək-düzək, əlavə rənglər vermək və ya sifəti əlvan makyajlarla boyamaq caiz deyildir. Bu artıq həddi aşmaqdır. Necə ki, Allah donuz ətini və içkini haram buyurmuş fəqət zərurət halında bundan istifadəyə icazə vermiş, ancaq burada da qarınlarını doyduracaq qədər istifadə edib həddi aşmamağı əmr etmişdir.
5. Çəkilən şəkli ancaq təyinatı üzrə istifadə etmək. Yəni vəsiqə üçün və ya pasport üçün çəkilmişsə ancaq o məqsədlə istifadə etmək, şəkli yaymamaq.
Bu şərtləri yerinə yetirdikləri təqdirdə inşallah ki, Allah onları (və bizi) bu məsələ də bağışlayar.
Ən sonda qeyd edək ki, cəmiyyətimizdəki bu günkü bu məsələ təkcə qadınların problemi deyildir. Bu qadınlar kiminsə bacısı, kiminsə həyat yoldaşı, kiminsə anası, kiminsə qızıdır. Beləliklə bu problem toplumun böyük bir hissəsinin problemidir. İslam toplumumuzda sürətlə yayılır. Hicablı qadınlar gün-gündən çoxalır. Bu gün toplumda bütün azlıqların hüquqlarının qorunmasından hər gün söhbət açılırsa millətin bu namuslu övladlarının haqqına biganə qalmaq olmaz.
2 Comments
SALAM.
Bu mövzuya yer verdyniz üçün ALLAH(c.c)sizdən RAZI OLSUN.Kaşkə hicaba qadağa qoyanlar bir anlığa,onlara bəxş olunan idlin nəyə qarşı çıxdığnı başa düşə biləydilər.Vay olsun YARADAN-nln Buyurduqlarına qarşı çıxanlara.
Mən də gələn il dəyişdirməliyəm şəxsiyyət vəsiqəsini.İndi məndə olan ilk şəxsiyyət vəsiqəmdir 16 yaşımda aldığım onda hicabda deyildim.İndi dəyişilmə vaxtı çatır nə edəcəm bilmirəm.Qadın fotoqrafda bilmirəm var ya yox.İnşaAllah xeyirlə həll olar.Allah bizləri tək buraxmasın.AMİN!