• 22 Noyabr 2024

“21 Dekabr 2012/Dünyanın Sonu”

    21 Dekabr 2012Möhtərəm möminlər,  bu gün Dünya gündəminin ən aktual xəbərlərindən biri “Qiyamət” hadisəsidir. İnsanlar 21 dekabrda baş verməsi təxmin edilən “qiyamət”in olub olmayacağını düşünür və mayaların verdiyi bu xəbərdən narahatdırlar.

Halbuki onları yaradan, Allah 14 əsr öncə insanlığa göndərdiyi son Kitabında bir gün hər şeyin bitəcəyini, hər kəsin əməllərinə görə hesaba çəkiləcəyini söyləmişdi. İnsanlığın yenidən dirilməsi  üçün qiyamətin qopması labüddür və sura ilk üfürülüş bu müdhiş və olduqca qorxulu hadisəni reallaşdıracaq.

Qiyəmət gec-tez mütləq qopacaq. Bunu kimsə inkar edə bilməz. Lakin insanların əksəriyyətinin bunu məhz indi “düşünməsi” olduqca təəccüblüdür.

14 əsr öncə Allahın verdiyi xəbərə qarşı bu qədər biganə olan insanları mayaların verdiyi xəbər niyə bu qədər qorxudur? Allah daha öncə bunu söyləməmişdirmi? Bütün İlahi Kitablar bunu söyləmirdilərmi? Allah Rəsulu (s) bunu təbliğ etməyibmi?…

21 Dekabrı dünyanın sonu olaraq görənlər, Allaha deyil, insanlara iman etmiş, Allahın elminə və gücünə deyil insanların elminə arxayın olmuşlar.

Mayalara Allahdan çox güvənənlər “hesab verəcəklərini inkar edənlərdir”. Çünki Allah, “qiyamət siz əməllərinizə görə hesab verəsiniz deyə gələcək. Sizi sorğu-suala tutmaq üçün Son saat olacaq” deyir. Mayalar isə insanlığın hesaba çəkiləcəkərini söyləmirlər. Onların söylədikləri “yığdıqlarınızı 21 dekabr 2012 qədər yeyin, için, əylənin. Dünyanın sonu gəlir. Son fürsəti qaçırmayın” mesajıdır…

Qiyamət əvvəl axır qopacaq. Bu dəyişməsi mümkün olmayan həqiqətdir. Bunu idrak edən “ağıl sahiblərini” bir də o günün nə zaman baş verəcəyi maraqlandırır. Nə zaman? Qiyamət nə zaman qopacaq?

“Ağıllı” mayalar dəqiq tarix verirlər. 21 dekabr 2012 – ci il, saat 12: 11 də. Allah isə bu tarixi kimsəyə bildirmədiyini, bunu yalnız Özünün bildiyini söyləyir:

“(Ey Peyğəmbər!) Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. Sən onu bilə bilməzsən. Onun nə zaman olacağını sadəcə Rəbbin bilir. Sən sadəcə onun əzəmətindən qorxanlara (bunu) xatırladansan. (Naziat, 42-46)

Əziz möminlər,  həqiqətən qiyamətin mənzərəsi çox dəhşətlidir. 21 Dekabrda qiyamət qopacaqdır deyib müxtəlif sığınacaqlara sığınanlar unudurlar ki, o gün sığınılıcaq pənah aparılacaq yeganə yer yalnız Uca Allahın hüzurudur.  Necə ki Rəbbimiz buyurur:

“Göz (heyrətdən) bərələcəyi; Ay tutulacağı; Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!” (Qiyamət 7-12)

“Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş  bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli qadın  əmizdirdiyini (körpəsini) unudacaq, hər bir hamilə qadın  bətnindəkini salacaqdır. İnsanlar sərxoş olmadıqları halda  sən onların sərxoş kimi olduqlarını görəcəksən, Lakin Allahın əzabı daha şiddətlidir” (Həcc, 1-2)

Bəli Allah xəbər vermişdi, lakin görünür dinləyənlər olduqca azdır. Allahın xəbərdarlığını qulaq ardı edənlər, indi mayaların verdiyi xəbərə inanır, onu daha gerçək hesab edir və qorxurlar. Yaradanın verdiyi xəbərə diqqət yetirməyənlər, Ona inanıb, Ona güvənməyənlər mayaların təqviminə daha çox güvənirlər. Halbuki, Allah bu günün gerçəkləşəcəyi zaman haqqında dəqiq tarix söyləməmiş, lakin qullarının o anın hər zaman ola biləcəyi ehtimalını unutmadan yaşamalarını istəmişdir.

Elə isə nə etməli?  Nə etmək gərəkdiyini Uca Allah belə bilidirir: “(Ey insanlar!) Allahın fərmanı ilə geri dönməsi mümkün olmayan gün gəlmədən öncə Rəbbinizin dəvətinə uyun! Çünki o gün nə sığınacağınız bir yer tapa bilərsiniz, nə də əleyhinizə olan dəlilləri yox edə bilərsini” (Şura, 42)

“Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut!…” (Rum, 43)

       Əziz möminlər, xütbəmi bir ayə ilə yekunlaşdırıram:

“(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” əl-Əraf, 187

21 Dekabr  2012 /8 Səfər 1434

Read Previous

Quranı əzbərləyən insan onu unutmamalıdır (Müsahibə)

Read Next

“Sultan Əhməd” məscidinin minarəsi uçurulacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.