İnsanlar arasında deyirlər ki, ayağım yüngül yaxud ağır oldu, qədəmlərin xoş olsun, əlim yüngüldür və. s bu düzdürmü?
Allaha həmd olsun.İnsan fitrət baxımından elə yaradılmışdır ki, daim hər hansı bir şeyə inanmağa məcburdur. Tarix boyu insanlar müxtəlif inanclara sahib olmuşlar. Bəziləri Peyğəmbərlərin gətirdiyi ilahi mesajı dinləmiş və saf bir əqidəyə sahib olmuşlar və həyatlarını da buna görə nizamlamışlar. Digər bir qrup insanlar isə şeytanın vəsvəsələrinə və nəfslərinin istəklərinə tabe olmuş və bunun da nəticəsi olaraq əsli olmayan şeyləri özləri üçün əqidə halına gətirmişlər. Batil inancların ortaya çıxmasının ən önəmli səbəblərindən biri də İslamsızlıqdır. Dediyimiz kimi insanlar nəyə isə inanmalıdırlar. İslam insanların həyatında yer tutmadığı zaman İslamın yerini hədsiz dərəcədə çox batil inanclar tutur. Yəni insanlar İslama inanmadıqları zaman təbii olaraq başqa şeylərə inanırlar ki, İslamdan başqa bütün inanclar batildir.
Məsələn Məkkə müşrikləri də bu cür batil inanclardan istifadə edirdilər. Hər hansı bir işin necə olacağını öyrənmək üçün öncə bir quş tuturdular. Sonra onu uçurdurdular. Əgər quş sağ tərəfə uçardısa işlərinin yaxşı, sol tərəfə uçardısa pis olacağına inanardılar. İşlərini də buna əsasən nizamlayırdılar.
Bizim cəmiyyətimizdə də bu kimi batil inanclar və tabular həddindən artıq çoxdur. Bu kimi şeylərə misal olaraq aşağıdakıları göstərə bilərik: ayağı yüngül olmaq, əli düşərli olmaq, həftənin günlərindən birinin ağır olması, 13 rəqəminin nəhs olması, qabağından qara pişik keçməsi, tək səbrin nəhs olması, axşam vaxtı dırnaq tutmamaq, ikinci gün çimmək olmaz, gecə ev süpürmək olmaz, süpürgənin ucu kimə dəysə şərə düşər, filan şey eləmək mənə düşmür deyə düşünmək, əvvəlcədən demək mənə düşmür deyə fikirləşmək, axşam zibil atmamaq, bir bəlanın uzaq olması üçün qulaq çəkmək və ya taxta tıqqıldatmaq, əlin içi qaşınarsa pul gələcəyinə inanmaq, qaşıq və çəngəlin yerə düşməsi ilə qonaq gələcəyinə inanmaq, duzun yerə tökülməsi uğursuzluqdur, bəzi şeylərin əldən ələ verilməsinin uğursuz olması və s. Bu və bu kimi inanclar batil inanclardır Bunlara inanaraq bir insanın həyatında nəyi isə edib nəyi isə etməməsi günahdır. İslam insanları bu cür yanlışlıqlardan qurtarmaq və onlara təmiz əqidə bəxş etmək üçün göndərilmiş bir dindir. Uğursuzluqla bağlı açıqlamalara ən çox Rəsulullahın (s.a.s) hədislərində rast gəlmək olar. Belə ki, Rəsulullah (s.a.s) bir çox dəfə bu cür inancların günah və batil olduğunu bildirmişdir. Bu barədə rəvayətlər çoxdur. Bunlardan bəziləri: “Hər hansı bir xüsusda bir zənnə qapıldığınız zaman onu qəti bilgi hesab etməyin. Şeytan qəlbinizə həsəd duyğusu atdığında ona uyub zülm etməyin. Bir şey haqqında uğursuzluq zənninə qapıldığınız zaman o zənninizə tabe olub işinizdən geri qalmayın. Allaha güvənin.” (Cami əs-Sağir 1/405) “Uğursuzluq deyə bir şey yoxdur.” (Buxari, Tibb 19,25)
Rəsulullahın (s.a.s) bu kimi inanclara bel bağlamağın yanlış olduğunu bildirmək üçün söylədiyi başqa bir hədis xüsusilə diqqət çəkir: “Uğursuzluq düşüncəsinə inanaraq görəcəyi bir işdən geri çəkilən insan Allaha şirk qoşmuşdur.” (Cami əs-Sağir 3/3646) Bu hədislə Peyğəmbərimiz bu inanclara görə yaşamağın nə qədər təhlükəli olduğunu və insanları şirk kimi təhlükəli nəticələrə aparıb çıxaracağını vurğulamaq istəmişdir. Yenə başqa bir hədisində Rəsulullah “Şirk gecə vaxtı qara daş üzərində yeriyən qarışqa kimidir” buyurur. Əvvəlki hədislə bir baxıma çox yaxın əlaqəsi var bu hədisin. Belə ki, bu batil inanclar çox kiçik və cılız görünməsinə baxmayaraq əslində çox təhlükəlidir. İnsanları şirk kimi göyük günahlara apara bilər.
Gerçək müsəlman isə bu kimi şeylərdən uzaqdır. O bilir ki, bu inanclar ona nə bir xeyir verə bilər nə də zərər. Xeyrin və şərin Allahdan olduğuna inanan müsəlman bu kimi məsələlərdə özünə düstur olaraq seçdiyi şey Yunus surəsinin 107-ci ayəsidir: “De ki, əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə heç kəs Onun lütfünün qarşısını ala bilməz. O bunu qullarından istədiyinə nəsib edər. O Bağışlayandır, Rəhmlidir.”