• 22 Noyabr 2024

Zahidlik

zuhd-300x237[1]
Əziz möminlər, bu günkü xütbəmizin mövzusu zöhd və zahidlik haqqında olacaqdır. Elə isə gəlin görən bu barədə dinimizin görüşü nədir.
Zöhd, bu dünyaının keçici bər-bəzəyinə qarşı həris olmamaq, dünyanı kiçik və fani görüb dünya sevgisini qəlbdən çıxarmaq və dünya rahatlığını axirət üçün tərk etməkdir. Bu şəkildə zöhd həyatını yaşayan kimsələrə də zahid deyildir.
Həqiqi zahid var-dövləti, maddi imkanı olduğu halda ona boyun əyməyən dünya malına həris olmayan kimsədir. Heç bir maddi imkanı olmayan, dünya bər-bəzəyinə əli çatmayan kimsələrə zahid deyilməz. Əsl zahid maddi olaraq hər cür imkanı olduğu halda ona boyun əyməyən dünya sevgisini qəlbinə qoymayan kimsədir. Necə ki, Malik bin Dinar özünü nəzərdə tutaraq belə demişdir, “İnsanlar, Malik bin Dinarın zahid olduğunu deyirlər, ancaq əsl zahid, Ömər bin Əbdüləzizdir. Çünki o, var-dövlət, dünya zövqləri ayağına gəldiyi halda ona əsla rəğbət göstərməmişdir.”
Digər yandan nəfsdə arzu və istək duyulmayan hər hansı bir şeydən çəkinmək zöhd sayıla bilməz. Məsələn, dəyər verilməyən şeyləri deyil, qızıl və gümüş kimi rəğbət edilən şeyləri tərk edənə zahid deyilir.
Möhtərəm möminlər, dünya həyatının və fani zövqlərin həqiqi üzü, Kəhf surəsi 45-46 cı ayələrdə belə izah edilir: “(Ya Rəsulum!) onlara bu dünyanı misal çək: (Bu dünya) göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb (onu içib) yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp (həşəm) olar. Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdır! (Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!”
Ali –İmran surəsi 14 cü ayədə isə belə buyurulur: “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir.
(Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.”
Cabirdən (r.a.) rəvayət edildiyinə görə, Rəsulullah (s) bir dəfə bazara getmişdir. Ətrafında əshabı da var idi. Orada kiçik qulaqlı bir oğlaq ölüsünə rast gəldi və qulağından tutaraq: “ Hansınız bunu bir dirhəmə satın almaq istəyər?”-deyə soruşdu. Səhabələr: – Daha az pulla olsa belə almarıq, onu nə edəcəyik ki, dedilər. Sonra Rəsulullah (s)-: “-Sizə ucuz verilsə istəyirsinizmi?”-deyə təkrar soruşduqda, onlar:
– Vallahi, o diri olsa belə qulaqsız olduğu üçün qüsurludur. Ölüsünü neyləyəcəyik ki?- deyə cavab verdilər. Bundan sonra Peyğəmbərimiz (s) belə buyurdu: “-Allaha and içirəm ki, Allah qatında dünya, qarşınızdakı bu ölü oğlaqdan daha dəyərsizdir.”
Başqa bir hədisi-şərifdə isə belə buyurulur: “Əgər dünya, Allah qatında ağcaqanadın qanadı qədər bir dəyərə sahib olsayıd, Allah heç bir kafirə bu dünyadan bir udum su belə içirməzdi.”
Həzrət. Peyğəmbər (s) İslam ümmətinin gələcəkdə dünyaya meyl edəcəyini, axirəti unudacağını və bu səbəblə imtahandan keçə bilməyəcəyi təlaşını dilə gətirmişdir. Belə ki, O, bir yandan: “Məndən sonra sizə dünyanın çiçəkləri və bəzəklərinin açılmasından (və onlara könül verməyinizdən) qoruxuram.” (Buxari, Cihad, 37) xəbərdarlığını edərkən, bir yandan da: “Hər ümmətin bir fitnəsi vardır. Mənim ümmətimin fitnəsi də dünya malıdır.” (İbn Hənbəl, IV, 160) buyurmaqla hər cürə dünya malının bir imtahan vəsiləsi olduğunu bildirmişdir.
Möhtərəm müsəlmanlar, xütbəmi mövzumuzla əlaqəli iki hədisi-şəriflə yekunlaşdırıram:
“Axirətə görə dünya, sizdən birinizin barmağını dənizə batırmasına bənzəyir. Həmin adam barmağının nə qədər su ilə çıxdığına bir baxsın!”
“Bir qoyun sürüsünün içinə hucum edən iki ac qurdun həmin sürüyə verdiyi zərər, var-dövlətə həris bir adamın dininə verdiyi zərərdən daha çox deyildir.”

1 Fevral 2013 /20 R.Əvvəl 1434

Read Previous

İslamda cinsi əxlaq – Qadın və cinsəllik (birinci hissə)

Read Next

İngiltərəli qadınlar İslamı qəbul edirlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.