Əziz müsəlmanlar, bildiyiniz kimi ailəmizdən sonra ən yaxın ictimai çevrəmizi qonşularımız meydana gətirir. Onlarla bütün həyatımız boyu yanaşı yaşayırıq. Yeri gələndə böyük olsun, kiçik olsun hər hansı ehtiyacımız üçün qonşularımızın yanına qaçırıq. Həyatımızın acı və şirin xatirələrini onlarla paylaşırıq. Bu səbəblərə görə dinimiz qonşuluq əlaqələrinə son dərəcə əhəmiyyət vermişdir. Qurani-Kərimdə Allaha imanı əmr edən və şirki qadağan edən ifadələrin dərhal ardından ata-ana və qohumlarla yanaşı, yaxın və uzaq qonşuya da yaxşılıq etmək əmr edilməkdədir.
Hədisi-şəriflərdə qonşuluq əlaqələri və qonşu haqlarının önəmindən çox bəhs edilir. Belə ki, Peyğəmbərimiz (s) buyurur: “Cəbrayıl mənə qonşuya yaxşılıq etməyi o qədər tövsiyə etdi ki, sanki qonşunu qonşuya varis təyin edəcəyini zənn etdim”
Ümumiyyətlə üzərimizdəki haqlarına görə qonşular 3 qrupa ayrılmaqdadırlar:
1. Qeyri–müsəlman qonşular-bunların sadəcə qonşuluq haqları vardır.
2. Müsəlman qonşular-bunlarla həm qonşuluq həm də din qardaşlığı haqqı vardır.
3. Qohum və müsəlman qonşular-bunların da qonşuluq, din qardaşlığı və qohumluq haqqı vardır.
Hz. Peyğəmbərimiz (s) əshabına həmişə qonşuluq münasibətləri məsələsində daim xəbərdarlıq etmişdir. Əbu Zərr (r.a) belə deyir: Dostum Rəsulullah (s) mənə belə tövsiyə etdi: “Şorba bişirdiyin zaman suyunu çox elə, sonra da qonşularını bir-bir gözdən keçir və lazım bildiklərinə gözəl bir şəkildə təqdim et”
Başqa bir hədisi-şərifdə Rəsulullah (s) belə buyurur: “Yaxınlıqdakı qonşusu ac ikən özü tox yatan kəs mömin deyildir”
Səhabələrdən Abdulla bin Amr bir qoyun kəsdirmişdi. O ailəsindən: – Yəhudi qonşumuza verdinizmi?-deyə təlaşla soruşdu. Sonra “Mən Hz. Peyğəmbərimizdən (s) belə eşitdim”-deyərək Cəbrayılın Rəsulullaha qonşuya yaxşılıq etməkdə davamlı tövsiyə etməsi ilə bağlı hədisi nəql etdi.
Yenə rəvayətə görə əshabdan bir nəfərə qoyun başı sədəqə verilmiş o da: -Qardaşım filankəs və ailəsi buna bizdən daha çox möhtacdır,-deyib qonşusuna göndərmişdir.
Ancaq qonşusu da ehtiyac içində olduğunu güman etdiyi başqa bir qonşuya vermiş, beləliklə qoyunun başı yeddi ev dolaşmış və sonunda ilk səhabəyə qismət olmuşdu.
Qonşuluq hüququnun ciddiliyini çox yaxşı qavrayan möminlərin anası Hz. Aişə iki qonşusundan hansına əvvəlcə hədiyyə verməsini lazım olduğunu Peyğəmbərimizdən (s) soruşmuş Hz. Peyğəmbərimiz (s) də: “Qapısı sənə daha yaxın olana ver.”- buyurmuşdur.
Hədiyyə verərkən və ya qonaq edərkən qapısı daha yaxın olanın nəzərə alınması səbəbi budur: -Qonşunun vəziyyətini ən yaxşı onlar bilirlər. Qonşunun mətbəxində bişən yeməklərin iyini hamıdan əvvəl onlar hiss edirlər. Bu səbəbdən qapıbir qonşuların bir-birlərinin haqlarına riayət etmələrinin xüsusi əhəmiyyəti vardır.
Möhtərəm möminlər, qonşuluq haqlarıyla bağlı bir hədisi-şərifdə isə Peyğəmbərimiz (s) belə buyurmaqdadır:
1. Borc və ya müvəqqəti bir şey istədikdə vermək, 2.Darda qalanda köməyinə çatmaq, 3. Maddi sıxıntıya düşdükdə qayğısına qalmaq, 4. Xöşbəxt günlərində sevincinə, kədərli günlərində isə kədərinə şərik olmaq, 5. Qoxusu qonşunun evinə qədər gedəcək yemək bişirdikdə ondan müəyyən qədər qonşuya vermək. 6. Qonşusunun icazəsi olmadan evinin önünü bağlayan bina tikməmək, 7. Xəstəlindikdə ziyarətinə getmək. 8. Öldükdə qəbrə qədər aparıb dəfn etmək.
Əbu Hüreyrədən (r.a) nəql edildiyinə görə bir adam Rəsulullaha (s) –Ey Allahın Rəsulu! Filan qadının nafilə olaraq çox namaz qılmasına, çox sədəqə verməsinə, çox oruc tutmasına baxmayaraq, dili ilə qonşusuna əziyyət verdiyindən danışılır (nə deyirsiniz?)- dedi. Hz. Peyğəmbərimiz (s): -O, cəhənnəmdə olacaqdır.”-buyurdu. Həmin adam təkrarən: -Ey Allahın Rəsulu! Bir qadın da nafilə olaraq az oruc tutduğundan, az namaz qıldığından, az sədəqə verdiyindən, sadəcə yağsız pendir kimi şerylərdən sədəqə verdiyindən, dili ilə qonşusunu narahat etmədiyindən danışılır. (bu barədə nə deyirisiniz?) Hz. Peyğəmbərimiz (s):-“O da cənnətdə olacaqdır.”-buyurdu.
Möhtərəm möminlər, xütbəmə mövzumuzla əlaqəli iki hədisi-şəriflə son verirəm: Peyğəmbərimiz (s) buyurur: “Allaha və axirət gününə iman edən hər kəs qonşusuna hörmət etsin.”
“Allaha və axirət gününə iman edən kəs qonşusunu narahat etməsin.”
1 Mart 2013 /19 R.Əxır 1434.