Möhtərəm müsəlmanlar, ədəb gözəl əxlaq və gözəl tərbiyə deməkdir. Ədəb, İslama zid olan bütün əməllərdən uzaqlaşdıran bir davranışddır. Ədəb, insanı dört ayaqlı məxluqlardan ayıran xususiyyətlərdən biridir. Ədəbli bir insan əxlaqlı və tərbiyəli bir insandır. Bunun üçün müsəlman ədəbli insandır. Müsəlman danışarkən ədəbli danışar. Oturarkən ədəblə oturar. Yeriyərkən ədəblə yeriyər. Müsəlman həyatının bütün sahələrində öz işlərini ədəblə görməyə çalışar. Müsəlman hər sahədə ədəbli olmağa çalışarkən məscid ədəbinə də diqqət yetirəndir.
Məscid, İslam məbədinə (ibadət evlərinə) verilən bir isimdir. Məscid sözünün lüğət mənası səcdə ediləcək yer deməkdir.
Məscidlər, Uca Allaha ibadət etmək üçün inşa edilən bir məkandır. Bu baxımdan hər məscid hörmət və ehtiram göstərilməyə layiq bir yerdir. Məhz bu hörməti göstərmək üçün məscidə Beytullah (Allahın evi) deyilmişdir.
Məscidlərdə heç kim istədiyi kimi hərəkət edə bilməz. Məscidlərə hörmətsizlik etmək Uca Allaha hörmətsizlik etməkdir. Necəki bir evə hörmətsizlik edərək o evdə ədəbə uymayan hərəkətlər etmək ev sahibinə qarşı hörmətsizlikdir. Unutmamaq lazımdırki məscid də Allahın evidir.
Bunun üçün hər bir müsəlman məscid ədəbinə riayət edərək bunlara xüsusiylə diqqət etməlidir.
Məscidlərə kirli və islaq ayaqla girilməz. Hər kəs imkan daxilində məscidlərə təmiz və gözəl paltarlarını geyinərək gəlməli, camaatı diksindirici hallardan uzaq durmalıdır. Necə ki, bu barədə bir ayədə buyurulur: “Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (məscidə gedərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”[1]
Məscidlərə daxil olduğumuz zaman sağ ayağımızla girər çıxdığımız zaman isə sol ayağımızla çıxmalıyıq. Çünki bu əməl sünnədir.
Məscidlərdə gurultulu səslər çıxarmaq gərəksiz yerə dünya işlərindən danışmaq caiz deyildir.
Məscidlərdə oxunan Qurani kərimi və xütbələri tam bir hörmətlə dinləmək gərəkir. Ancaq çox təəssüflər olsun ki, dəfələrlə bu barədə bəhs etməyimizə rəğmən hələ də xütbə və Qurani-Kərim oxunurkən danışanlar mövcuddur. Halbu ki, Uca əl-Araf surəsi 204 cü ayədə buyurur: “Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!”
Xütbə oxunarkən susmağa gəldikdə isə bu barədə bunları deyə bilərik. Ümumiyyətlə xütbə oxunarkən susmaq vacib, danışmaq isə haramdır. Belə ki bir Hədisi-Şərifdə bu barədə belə buyurulur:
“Əgər cümə günü imam xütbə verən zaman öz yoldaşına “sus” desən artıq pis bir hərəkət etmiş sayılırsan” Başqa bir Hədisi-Şərifdə belə buyurulur: “Bir kimsə göəl bir şəkildə dətəmaz alıb cümə namazına gedər və xütbəni (tam bir hörmətlə) səs çıxarmadan dinləyərsə iki cümə arasındakı (etmiş olduğu) günahları bağışlanır.”[2]
Məscidlərdə yüksək səslə danışmaq məkruhdur. Ancaq camaata eşitdirmək üçün xatiblərin, vaizlərin, dini dərs verən müəllimlərin səslərini yüksəltmələri caizdir.
Başqalarının namazlarına mane olmamaq şərtiylə Quran oxuyanların və Allahı zikir edənlərin səslərini yüksəltmələri də caizdir.
Soğan və sarmısaq kimi qoxusu xoş olmayan şeyləri yeyərək məscidə gəlib camaat arasına qarışmaq heçdə xoşa gələn bir hal deyildir. Necəki Peyğəmbərimiz (səs) bu barədə belə buyurur. “Kim sarımsaq və sogan yemişsə məscidimizə yaxınlaşmasın…”[3]
Əbu Sədi Xudridən rəvayət edildiyinə görə bir gün Peyğəmbərimizin yanında soğan və sarmısaq barəsində söhbət salıb soruşdular: “Ey Allahın elçisi! Bu tərəvəzlərin ən pis qoxulusu sarımsaqdır. Onu yeməyi haram buyurursan?” Peyğəmbərimiz (s) buyurdu: “Onu yeyin amma nə qədər ki, ağzınızdan qoxu getməyib, bu məscidə yaxınlaşmayın”.[4]
Digər bir məsələ məscidləri təmiz saxlamaqla əlaqəlidir. Məscidləri təmiz saxlamaq və təmizləmək çox savablı bir əməldir. Hətta Peyğəməbirmiz (s) məscid təmizliyi ilə məşğul olan bir qadına xüsusi əhəmiyyət vermişdir. Belə ki, Buxari və Əbu Davudun hədis kitablarında bu barədə belə bir hədis mövcutdur.
“Peyğəmbərin (s) məscidində təmizlik işləri ilə məşğul olan bir nəfər vəfat etdi. Peyğəmbərimiz (s) bir neçə gün onu görmədiyi üçün harada olduğunu soruşdu. (Əshabələr) O vəfat edib dediklərində-Hz. Peyğəmbər (s) belə buyurdu: “Bəs nə üçün mənə xəbər vermədiniz? Onun qəbrini mənə göstərin”. Sonra Rəsulullah (s) (məscidin təmizliyi ilə məşğul olan) o xidmətçinin qəbri üzərinə, onun günahlarının bağışlanması üçün (cənazə) namazı qıldı.”[5]
Əziz müsəlmanlar, bütün bu dediklərimiz mubarək məscidlərə aid olan ədəblərdəndir. Bu ədəblərə rəayət etməmək İslamın mədəni qaydalarına hörmətsizlikdir ki, buda heç bir mədəni müsəlmana yaraşmaz.
5 Aprel 2013 /24 C.Əvvəl 1434.