Allahşükür Paşazadə Rusiyanın səfiri Vladimir Doroxin və bütün rusların Patriarxı Kirillə ayrı-ayrılıqda görüşü olacağını deyib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyada Azərbaycan vətəndaşı Orxan Zeynalov ətrafında baş verən hadisələrə münasibət bildirib.
ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, Allahşükür Paşazadə açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Moskva və bütün rusların Patriarxı Kirillə ayrı-ayrılıqda görüşü olacaq.
Görüşlərində bu hadisə ilə əlaqədar yaranmış gərginliyin səngidilməsinə çalışacağını deyən Şeyxülislam xüsusi vurğulayıb ki, azərbaycanlılara, eləcə də digər qeyri-rus xalqlarına qarşı baş verən arzuolunmaz hadisələrin dövlət səviyyəsində təşkil olunmasına inanmır: “Sadəcə, hər dövlət öz qanunlarına tələb olunmasını istəyir, biz də bunun əleyhinə deyilik. Məsələn, dövlət istəyirsə hansısa bazarı söksün, bu, artıq onun öz qərarıdır, daxili işidir. Amma burada hər şey – bazarın sökülməsi, orada işləyənlərin çıxarılması, deportasiyası və sair təbii ki, qanun çərçivəsində aparılmalıdır. Biz də yeri gələndə deportasiya edirik, amma hər şey qanunun tələblərinə uyğun olur”.
A. Paşazadə vurğulayıb ki, Rusiyanın dövlət səviyyəsində azərbaycanlılara qarşı neqativ hərəkətini görmür: “Bunu müxtəlif görüşlərdə, o cümlədən bu yaxınlarda Ufa şəhərində keçirilən tədbirdə də gördüm. Prezident Vladimir Putin də orada idi və Azərbaycan xalqına, ümumiyyətlə müsəlmanlara qarşı böyük hörmət nümayiş olundu. Bunun əksini, ayrı-seçkilik görsəydim, təbii ki, cavab verərdim, axı mən də azərbaycanlıyam, müsəlmanam”.
O. Zeynalovun həbsinə toxunan Şeyxülislam bildirib ki, cinayətkarın milliyyəti, dini olmur: “Əgər bir adam cinayət törədibsə, əməli sübuta yetirilibsə, qanun qarşısında cavab verməlidir. Amma bunun hansı formada olması, əməli sübuta yetirilməsi və sair də qanun çərçivəsində olmalıdır”.
Şeyx bu hadisələr ərəfəsində Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin azərbaycanlılarla, ümumiyyətlə qafqazlılarla bağlı verdiyi bəyanata da etiraz edib: “Jirinovskinin çıxışı mənə vaxtı ilə prezident Boris Yeltsinin çeçen xalqına olan münasibətini xatırlatdı. Yeltsinin dövründə Rusiyadan olan bir həkim mənə dəhşətli bir fakt söyləmişdi. Demişdi ki, onlara qafqazlılardan olan uşaqlara elə iynələr vurmaq tapşırılıb ki, nəsil tamam kəsilsin. O vaxt bu genosid siyasətinə qarşı mənim rəsmi müraciətim də olmuşdu. İndi Jirinovskinin hərəkətləri göstərir ki, həmin komandadan olan jirinovskilər hələ də var və öz siyasətlərini davam etdirirlər. Amma bu adamlar heç Rusiya dövlətinə də lazım deyillər. Çünki onlar dövlətlər, xalqlar, dinlər arasında ancaq qarışıqlıq yaradırlar ki, bundan da heç kim xeyir görməz. Bunlar kiminsə bığının altından keçərək mal-dövlət sahibi olublar. İnanmıram ki, bu adamlar böyük dövlətlər səviyyəsində maraqlara cavab versin. Çünki bu yaxınlarda Putinin Bakıya gəlməsi, seçkilərdən sonra ilk olaraq prezidentimizi təbrik etməsi, Minskdəki görüşlər və sair göstərir ki, iki dövlət arasında heç bir problem yoxdur. Sadəcə, daxildə bəzi qüvvələr var ki, bunlar tək azərbaycanlılara, o cümlədən digər xalqlara yox, həm də Rusiyanın özünə qarşıdırlar”.
Mənbə: anspress.com