Təxminən 7 il əvvəl İslamı qəbul edərək müsəlman olmağa qərar verən isveçrəli Kimberli Devidson çox xoşbəxt olduğunu bildirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Devidson İslamı qəbul etdikdən sonra sosial şəbəkələrdəki bəzi dostlarının onu dostluqdan çıxardığını deyib.
Bunun əksinə olaraq, ailəsi bu seçimində onu dəstəkləyib: “Sən xoşbəxtsənsə, biz də xoşbəxtik”.
20 yaşında dinini dəyişib müsəlman olan Devidson islama gəlişini belə nəql edir:
“ Mən Quran-i Kərimi oxuyanda özümə çox yaxın hiss etdim. Müsəlman dostlarım da var idi. Onlarla danışdım. Müsəlmanlar üçün ailənin əhəmiyyətini, həyat tərzini öyrəndim. Məni ən çox cəlb edən də bu idi. Daha sonra məscidə getdim, şəhadət gətirdim və müsəlman oldum. 5 yaşlı uşaqlarla məscidə gedib dinimi öyrəndim”.
İslamın daha sülhpərvər və sakit olduğunu dilə gətirən Davidson “Daha sakitəm. Avropa mədəniyyətini bilirsiniz, insanlar tez-tez gecə klublarına gedir. Mən islamı seçdikdən sonra heç getmədim. Spirtli içki də içmirəm”,- deyə bildirib.
Özünü islamı qəbul etməmişdən əvvəl də müsəlman kimi hiss etdiyini deyən Davidson, daha çox “Bəqərə” surəsindən təsirləndiyini deyir.
mənbə: anspress