Muhəmməd ibn İsmail ibn İbrahim ibn əl-Müğirə ibn Bərdizyə əl-Cufi əl-Buxari hicrətin 194-cü(miladi 810) ilində şəvval ayının 13-ü cümə günü, Xərtənk adlı, Buxara şəhərinə yaxın bir kənddə dünyaya gəlmişdir. Onun künyəsi “Əbu Abdullah”-dır.O, kiçik yaşda atasını itirmiş və erkən uşaqlıq çağında gözləri tutulmuşdur. Bir müddət sonra anası yuxusunda İbrahim peyğəmbəri görmüş və ondan bu sözləri eşitmişdir: “Etdiyin dualara görə Uca Allah sənin oğluna görmə qabiliyyətini qaytardı.”
Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə yetərli olmuşdur. Hələ uşaq ikən Allah ona hədisləri yadda saxlamaq istedadı bəxş etdi.İmam Buxari dərin zəka və əzbərləmə qabiliyətinə malik idi. Hər hansı bir şeyi yadda saxlamaq üçün ona bir dəfə baxması və ya onu bir dəfə dinləməsi kifayət edərdi. O, eyni zamanda çox hədis əzbərləməklə də şöhrət qazanmışdı.
O, on yaşlarında zamanın mühəddisləri Məhəmməd ibn Səlam əl-Bilkəndi, Abdullah ibn Məhəmməd əl-Müsnədi kimi buxaralı alimlərdən hədis öyrənməyə başladı. 11 yaşlarında ikən müəllimi Daxilinin rəvayət əsnasında etdiyi xətasını düzəltməsi ilə diqqət mərkəzinə düşmüşdü.O,16 yaşında olanda İbn əl-Mübarəkin və Vəki ibn Cərrahın kitablarını başdan-sona qədər əzbərləmişdi. Bu əsnadaBuxari 16 yaşında anası və qardaşı Əhmədlə həcc ziyarəti edir. Anası və qardaşı Buxaraya qayıdanda, o, elm öyrənmək istəyi ilə Məkkədə qalır və Xəllad ibn Yəhya və Hümeydi kimi tanınmış məşhur alimlərdən hədis eşidib, rəvayət edir. Muhəmməd ibn İsmail əl-Buxari elm öyrənmək üçün Şam, Misir, Bəsrə, Bağdad, Kufə, Dəməşq, Hicaz (Məkkə, Mədinə), Bəlx, Xorasan, Nisabur kimi bir çox yerlərə səfər etmişdir. Xaşid ibn İsmail aşağıdakıları rəvayət etmişdir: “Bəsrədə Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxari, hələ gənc ikən, bizimlə birlikdə hədis biliciləri olan müxtəlif şeyxlərin görüşünə gedərdi və heç vaxt qeydlər aparmazdı. Bir neçə gün sonra biz ona belə deməyə başladıq: “Sən bizimlə müxtəlif şeyxlərin görüşünə gedirsən, amma heç nə qeyd etmirsən, niyə belə edirsən?” 16 gündən sonra o bizə dedi: “Siz, həqiqətən, çox danışır və mənə irad tutursunuz! Göstərin mənə, nə yazmısınız”. Biz də on beş mindən çox hədis qeyd etdiyimiz vərəqlərimizi çıxartdıq, o isə bunların hamısını əzbərdən deməyə başladı və biz isə onun yaddaşına əsasən oxuduqları ilə öz qeydlərimizdə düzəlişlər etdik. Sonra o soruşdu: “Siz indidəmi hesab edirsiniz ki, mən müxtəlif şeyxlərə zarafat xatirinə baş çəkir və vaxtımı hədər yerə sərf edirəm?” – və bundan sonra bizə məlum oldu ki, yaddaşda heç kim onu ötüb keçə bilməz.”
Buxari hələ gənc ikən hədis dinləmək istəyən bəsrəlilər, istədiklərinə nail olana qədər onun ardınca düşər, onu hər hansı bir yolun üstündə oturdar və ətrafına minlərlə dinləyici yığışardı, onların əksəriyyəti onun, o zaman gənc olmasına baxmayaraq, dediklərini yazardılar.Zəhəbi onun haqqında yazır: “Buxarinin təhsilini tamamlayıb əsər yazmağa və hədis rəvayət etməyə başladığı zaman hələ üzündə tük çıxmamışdı.
Buxari zöhd sahibi, elmiylə əməl edən bir insan idi və İslami qaydalara çox riayət edir, halal və haram məsələlərinə çox diqqət edirdi. Hədis elminə xidmət, bu yolla Allahın rizasını, Hz.Məhəmmədin (s.ə.s) şəfaətini qazanmaq əsas fikri idi. Atasından qalan mirası da bu yolda xərcləmiş və mərdliyi ilə şöhrət qazanmışdı. Çox Quran oxuyar, çox nafilə namaz qılardı. Gecənin yalnızca bir hissəsini yatar, hər zaman yuxudan oyanıb, şam yandırıb hədis yazar, ya da yazdıqlarını işarələyib, üzərində təkəfəkkür edərmiş. Sübh namazı girməmişdən oyanar, gecə namazı qılar, sonra Quran oxuyardı. İmam əl-Buxarinin müasirləri olmuş alimlərin böyük əksəriyyəti onun haqqında tərifəlayiq sözlər demişlər. Bir dəfə İmam Müslim İmam Buxarinin alnından öpərək ona demişdir: “Ey müəllimlərin müəllimi, mühəddislərin şeyxi və hədis qüsurlarının həkimi, icazə ver başından öpüm” və bundan sonra o, günahların bağışlanması haqqında hədisə dair bir sual vermişdi və Buxari də ona bu hədisin qüsurlarını göstərmişdi. O, izah edib qurtardıqdan sonra, Müslim ona demişdi: “Ancaq paxıl adamlar sənə nifrət edə bilər! Şahidlik edirəm ki, bu dünyada sənə bərabər olan yoxdur!” Bundər demişdir: “Ən yaxşı mühəddis dörd nəfərdir: Reyli Əbu Zura, Nişaburlu Müslim, Səmərqəndli əd-Darimi və Buxaralı əl-Buxari.” İmam Əhməd belə demişdir: “ Xorasanda onun misli-bərabəri yoxdur” Əbu Hatim ər-Razi isə Buxari haqqında: “Həqiqətən, o, Bağdada gələnlərin ən bilicisi idi”,-demişdir. İbn Xuzeymə demişdir: “Göy qübbəsi altında Allahın Rəsulunun (s.ə.s.) hədislərini Buxaridən daha yaxşı bilən, yadda saxlayan bir adam görməmişəm.” Nəsai demişdir: “O, inanılmaz dərəcədə zəkalı bir mühəddisdir. İslam tarixində ilk səhih kitab yazan da odur. Tirmizi onun haqqında belə demişdir: “Mən nə İraqda, nə də Xorasanda tarixi Muhəmməd ibn İsmaildən daha yaxşı bilən, hədislərin və onların isnadlarının qüsurlarını araşdıran daha üstün olanını görmədim.
İmam Buxari, 30 Ramazan 256-cı ildə Ramazan bayramı gecə 31 avqust 870) də Səmərqəndin kəndlərindən və mərkəzə 72 km uzaqlıqda olan Xartenkdə vəfat edib və orada dəfn edilib.
Buxarinin şöhrət gətirən ən məşhur əsəri “əl-Camiüs-səhih” əsəridir. Bu əsərin tam adı “əl-Camiüs-səhihül-müsnəd min hədisi Rəsulillahi və sünənihi və əyyamihidir”. Bu əsər qısa olaraq “Səhihi-Buxari” adı ilə bilinir. Digər kitabları isə bunlardır: “Tarixül-kəbir”, “Tarixül-əvsət”, “Tarixüs-səğır”, “Ədəbül-müfrəd”, “Rəfül-yədeyn fis-səlat”, “Xəyrül-kəlam fil-qiraat xəlfəl-imam”, “Birrül-valideyn”, “Təfsirül-kəbir lil-Quran”, “Xəlqu əfalil-ibad”, “Kitabül-iləl fil-hədis”, “Kitabu müsnədil-kəbir”, “Kitabül-vuhdan”, “Kitabül-məbsut” , “Əd-düəfa”.
Dr. Vüqar Səmədov
(ilahiyyat üzrə fəlsəfə doktoru)
mənbə:sunna.az