• 22 Noyabr 2024

İmam Nəvəvi (rahmətullahi aleyh)

neveviAdı Əbu Zəkəriyyə Yəhya İbni Şərəf İbni Müri ən-Nəvəvidir.631 ili Məhərrəm ayının ortalarında (Oktyabr 1233) Suriyanın cənubundakı Havran bölgəsində yerləşən Nəva kəndində doğuldu. Kəndinə nisbətlə ən-Nəvəvi və ya ən-Nəvavi, o bölgəyə nisbətlə əl-Havrani, babalarından Hizama nisbətlə də əl-Hizami deyə tanındı. Özünün Nəvəvi nisbəsini istifadə etdiyi, yazılarında görülür. Adı Yəhya olanlar, ata oğul iki peyğəmbərin xatirəsinə hörmət olaraq Əbu Zəkəriyyə deyə ləqəbləndikləri üçün, o da ənənəyə sadiq qalaraq, heç evlənmədiyi halda, bu ləqəbi aldı. İslam dininə olan xidmətlərinə görə, dini canlandıran kimsə mənasında Muhyiddin ləqəbi verilmişdir. Təriflənməkdən xoşlanmayan Nəvəvi, dinin hər vaxt canlı və dipdiri olduğunu, kimsənin ehyasına ehtiyacı olmadığını ifadə edərək, özünü tərifləmək kimi olduğu üçün bu ləqəblə anılmaqdan xoşlanmaz, hətta özünə Muhyiddin deyənlərə haqqını halal etməyəcəyini söylərdi. Atası Şərəf ibni Müri, təvazökar, dükanında işləyən, ətrafında dürüstlüyü ilə tanınan zahid və müttəqi bir adam idi.

Nəvəvi on yaşına çatınca, atasının dükanında işə başladı. Lakin o ticarətlə məşğul olmağı sevmədiyi kimi, yoldaşlarıyla oynamağı da arzu etməzdi. Yetkinlik çağına girərkən hifz etdiyi Qurani Kərimi hər fürsətdə oxumaqdan böyük həzz alardı. Evliyaullahdan mübarək bir şəxs deyə bilinən, daha sonraları Nəvəvinin mənəvi mürşidi olan Yasin ibni Yusuf əl-Mərakeşi (və ya Zərkəşi) o sıralarda Nəvaya gəldi. Uşaqların birlikdə oynayaq deyə məcbur etməsinə baxmayaraq onlardan qurtulub Quran oxumağa çalışan Nəvəvini çox bəyəndi. Nəvəvinin Quran müəlliminə gedərək, bu uşağın irəlidə böyük bir alim və böyük bir zahid olacağını təxmin etdiyini, onunla xüsusi olaraq məşğul olunmasını istədi. Lakin Quran müəllimi ona “sən münəccimsənmi?”- deyərək tövsiyəsini nəzərə almadı.

Təhsili

Nəvəvi atasına kömək edərək və fürsət tapdıqca ətrafındakı alimlərdən təməl islami bilikləri öyrənərək on səkkiz yaşına qədər məmləkətində qaldı. 649 (1251-ci) ildə atası onu Şama gətirərək Rəvahiyyə mədrəsəsinə yerləşdirdi. Mədrəsədə tələbəyə gündə yalnız bir dəfə çörək verilirdi. Nəvəvi bu təvazökar şərtlər altında tanınmış alimlərdən oxumağa başladı. Əbu İshaq əş-Şirazinin (ö. 476/1083) Şafei fiqhinə dair iki mötəbər əsərindən (böyük boy 166 səhifə tutan) et-Tənbihi dörd ayda, el-Mühəzzəbin ibadat hissəsinin dörddə birini də (bu qisim böyük boy 257 səhifə tutur) o ilin geri qalan səkkiz ayı içində əzbərlədi. Nəvəvi, aşağıda izah ediləcəyi üzrə, daha sonraları bu iki əsəri şərh etmişdir.

İki il sonra atasıyla birlikdə həccə getdi. Yolda xəstələndi və Məkkəyə çatana qədər qızdırmadan yandı. Lakin səsini çıxarıb da halından şikayət etmədi. Mədinəyi Münəvvərədə ay yarım qalaraq oradakı alimlərin dərslərinə iştirak etdi.

Nəvəvidə elmə qarşı elə bir şövq, həvəs vardı ki, şəxsən söylədiyinə görə, iki il boyunca yerə uzanıb yatmadı. Yuxusu gəlincə kitablarına söykənərək bir az mürgüləyərdi. Onun elmə olan düşkünlüyü zərbi məsəl halına gəldi. Müəllimlərinə gedib gələrkən belə, oxuduqlarını təkrar edərdi. İllər sonra yazacağı əsərlərdə ifadə etdiyi kimi, ona görə “Elmlə məşğul olmaq, Allah rizasını qazanmaq üçün tutulan ən yaxşı yol və ən üstün ibadət idi. Elm təhsili nafilə oruc, namaz və zikrdən daha fəzilətli idi.”

Hər gün on iki müəllimdən lüğət, sərf, nəhiv, fiqh, hədis, kəlam kimi elmlərdə on iki növ dərs alırdı. Hədis elminə dair oxuduğu əsərlər, bu mövzuda bir fikir verə bilər:

Kutubu Sittəni müəllimlərinə şəxsən oxutmaqla, yanaşı Malikin Müvəttəsini, İmam Şafeininin, Əhməd ibni Hənbəlin, Osman ibni Səid əd-Dariminin, Əbu Avanə əl-İsfərayini və Əbu Yəlanın Müsnədlərini, Darəqutni və Beyhəqinin Sünənlərini, Bəğavinin Şərhu’s-Sünnə’si ilə Humeydinin əl-Cəm bəynə’s-səhiheyn’ini və Xətib əl-Bağdadinin “əl cami li əxlaqi’r-ravi” və “adabis-səmi”-sini də oxudu. Davamlı çalışması səbəbiylə, on il kimi bir zamanda barmaqla göstərilən bir elm adamı oldu. 660 ilindən etibarən də əsər verməyə başladı. Nəvəvinin ilk əsərini 655 ilində yazdığı da  qeyd olunur.

Müəllimləri

Bir kimsənin müəllimləri, onun dində atalarıdır. Allah ilə əlaqəsini təmin edən vasitələrdir” deyən Nəvəvi, ən çox fiqh və hədis sahələrindəki alimlərdən elm aldı.

Hədis elmindəki müəllimləri, hədislə əlaqədar bilikləri öyrəndiyi və bir çox hədis kitabını dinlədiyi Ziya ibni Təmmam əl-Hənəfi, Səhihi Müslimi oxuduğu Əbu İshaq İbrahim ibni Ömər əl-Vasıti (ö. 662/1263-64), on il boyunca daha çox Buxari və Müslim hədislərinin şərhi mövzusunda istifadə etdiyi və o dövrdə bir bənzərini görmədiyini söylədiyi İbrahim ibni İsa əl-Muradı əl-Əndəlüsi (ö. 668/1269) və ən böyük müəllimi olduğu deyilən Əbul-Fərəc Əbdürrəhman ibni Məhəmməd ibni Əhməd əl-Məqdisi (ö. 682/1283) kimi mühəddislərdir.

Fiqh elmindəki müəllimləri arasında, ən çox istifadə etdiyi və ilk müəllimim dediyi zöhd və təqva sahibi mükəmməl insan İshaq ibni Əhməd əl-Məğribi (ö. 650/1252), o dövrdə Şafeinin fiqhini ən yaxşı bilən Dəməşq müftüsü Əbu Məhəmməd Əbdürrəhman ibni Nuh ibni Məhəmməd əl-Məqdisi (ö. 654/1256), Şafei fiqhinin ən məşhur alimlərindən Əbul-Həsən Sellər ibni Həsən əl-İrbili (ö. 670/1271-72) və fiqh üsulu oxuduğu qazı Əbül-Fəth Ömər ibni Bündar ət-Tiflisi (ö. 672/1273-74) kimi fəqihlər vardır.

Nəhv elminiöyrəndiyi alimlər arasında, nəhvçilərin imamı İbni Malik ət-Tainin (ö. 672/1274) adı qeyd edilə bilər.

Tələbələri

Bir çox alim Nəvəvinin tələbəsi olmuşdur. Bunların ən məşhuru İbnül-Əttar Ələddin Əbul-Həsən Əli ibni İbrahim əd-Dəməşqidir. Bu alim Nəvəvinin ömürünün son altı ilində ondan heç ayrılmamış, davamlı xidmətində olmuşdur. Buna görə də “Müxtəsərun-Nəvəvi” ləqəbi verilmişdir. İbnü’l-Əttar, aşağıda qeyd olunacaq, Nəvəvinin həyatını qələmə almış və yazdığı tərcümeyi halı müəlliminə yoxlatmış və təshih etdirmişdir. Hədis üsuluna dair Garami səhih adlı mənzumənin müəllifi olan İbni Fərah əl-İşbili (ö. 699/1300); əl-Mənhəlü’r-rəvi adlı üsulu hədis kitabının müəllifi, Misir və Şam qazısı Bədrəddin ibni Cəma’a (ö. 733/1333), Şafei alimlərindən qadı Ziyauddin Əli ibni Səlim əl-Əzrü’ i(ö. 731/1330-31), Təhzibü’l-Kəmal müəllifi Yusuf ibni Əbdürrəhman əl-Mizzi (ö. 742/1341), qazul-quzat( qazıların qazısı) Şəmsəddin ibnü’n-Naqib Məhəmməd ibni İbrahim (ö. 745/1345) və mühəddis tarixçi İbni Kəsrin atası Əbu Həfs Ömər ibni Kəsir kimi şəxsiyyətlər onun tələbəsi olmuşdur. Bu alimlərlə yanaşı başqa bəzi alimlər də Nəvəvidən icazət yolu ilə hədis rəvayət etmişlər.

Elmi

Müxtəlif dövrlərdə hədis elmini yenidən canlandıran alimlər gəlmişdir. Nəvəvinin yaşadığı əsrdə İbnü’s-Salah ilə Nəvəvi, sonrakı əsrdə Zəhəbi, ondan sonrakı əsrdə İbni Həcər əl-Əsqalani kimi alimlər hədis elminə böyük xidmət etmişlər. Zəhəbinin “hədis alimlərinin əfəndisi” deyə  qeyd etdiyi Nəvəvi, bir hədis hafizi, eyni zamanda hədis elmlərində nüfuzlubir şəxsiyyət idi. Səhih hədisləri olduğu qədər zəif və uydurma rəvayətləri, ravilərin hallarını bilirdi. Hədislərdə keçən gərib sözləri açıqlamada və hədislərdən fiqhi hökm çıxarmada çox mahir idi.

Şafei fiqhində dövrünün ən böyük alimi o hesab edilirdi. Bu məzhəbin əsaslarını, üsul və füruunu, bir məsələyə dair səhabə və təbiun alimlərinin nələr söylədiklərini, hansı nöqtədə birləşib hansı nöqtədə bir-birindən ayrıldıqlarını əzbərdən bilirdi. Bir gün İmam Gəzzalinin əl-Vasitidən etdiyi bir məsələ haqqında Nəvəvi ilə münaqişə etdilər. Halbuki Nəvəvi münaqişə etməkdən heç xoşlanmadığı kimi, münaqişə edənləri də sevməzdi. Belə dedi:

“Mənimlə əl-Vasit haqqında münaqişə edirlər. Halbu ki, mən o əsəri dörd yüz dəfə oxudum.”

Təhsil almaq üçün getdiyi Şamda ilk  müəllimi Şam müftüsü Firqah oldu.Aralarında daha sonrakı illərdə qənimətlərin bölünməsi mövzusunda görüş ayrılığı yaşandı. Müəllimlərinə həddindən artıq dərəcədə hörmət etməklə birlikdə, onların Şafei məzhəbinə və ya sünnənin açıq hökmünə zidd fitvaları qarşısında heç də xoşgörülü davranmayan Nəvəvi, dövrün şərtlərini diqqətə alaraq fitva verən müəllimininfikrini təsdiq etmədi. Bu səbəblə araları dəydi.

Məzhəbdə imamı olan əş-Şafeinin “Halal və haram elmindən sonra ən qiymətli elm tibb elmidir” dediyini eşitdikdə bir ara tibb təhsili almaq istəyir. Bu səbəblə İbni Sinanın əl-Qanun adlı əsərini satın aldı. Lakin o gündən etibarən çox narahat düşüb sıxılmağa başladı. Sonunda bu halın tibb ilə məşğul olmaqdan gəldiyini anlayaraq əl-Qanunu satdı və otağında tibb ilə əlaqədar nə varsa əlindən çıxarmaqlaəvvəlki halına qayıtdı.

Nəvəvi müxtəlif mədrəsələrdə müəllimlik etdi. 665 (1267-ci) ildə Əbu Şama əl-Məqdisinin vəfatıyla boşalan Suriyanın ən tanınmış təhsil müəssisəsi olan Əşrəfiyyə Darülhədisi şeyxliyinə təyin olundu. Vəfatına qədər on bir il müddətlə bu vəzifəni icra etdi.

Şəmaili və Yaşantısı

Nəvəvi orta boylu, qarayanızdı. Bir neçə teli ağarmış sıx və qara saqqalı heybətli görünüşünə ayrı bir görkəm verirdi. Ciddi üzündə təbəssüm az görülərdi. Qılığı paltarı dövrünün alimlərinin xüsusi geyim keçim tərzinə heç bənzəməzdi. Kürəyindəki kobud toxunmuş pambıq paltar və başındakı kiçik sarığı ilə onu görən, Şamı gəzməyə gəlmiş Nəvalı bir kəndli zənn edərdi.

Özünü elmlə nikahlayan Nəvəvi heç evlənmədi. Bəlkə evliliyin onu məşğul edəcəyi, bəlkə də özünə müxtəlif məsuliyyətlər yükləyəcəyini fikirləşərək evlənməyi heç düşünmədi.

Axirətə duyduğu həsrət səbəbiylə dünya zövqlərinə, yeyib-içməyə, geyinib-keçinməyə, qısacası rahat yaşamağa dəyər verməzdi. Gündə bir dəfə gecə, yalnız bir çeşit yemək yeyərdi. Süfrəsində iki çeşit yemək nadir olardı. Əti, kəndinə getdikdə yeyərdi. Yalnız səhər vaxtı su içərdi. Buzla soyudulmuş suyu içməz; rütubəti yuxu gətirər deyə xiyar belə yeməzdi. Kabab və şiriniyata zalımların yeməyi deyə yaxın durmazdı. Tələbəliyindən bəri adət etdiyi az yatma vərdişini, fani ömürdən, kifayət qədər istifadə edə bilmək üçün həyatı boyunca tətbiq etdi.

Onun həyatını yazanların hamısının ifadə etdiyinə görə, Şamda yetişən meyvələri yeməzdi. Bunun səbəbini soruşan tələbəsi İbnü’l-Əttar’a, Şamda  çox vəqf ərazi olduğunu, bunların həsaslıqla idarə edilmədiyini, ortaqlığın məşru bir şəkildə edilmədiyini, bu səbəbdən bu meyvələrə haram qarışdığını söylərdi. Atasının gətirdiyi yeməklərlə dolanışığını təmin edər, yalnız onun gətirdiyi əncirləri yeyərdi. Bütün bu hallar onun iradəsinin nə qədər güclü olduğunu göstərir.

Ən böyük ibadətin səmimi bir niyyətlə halal və haramları öyrənmək olduğunu söyləyən Nəvəvi, həyatı boyunca kimsədən bir qəpik almadı. Vəzifə yerinə yetirdiyi mədrəsələrdən özünə verilən aylıqla kitab alar, sonra da bunları o mədrəsəyə vəqfedərdi. Əşrəfiyyə darül-hədisindən heç maaş almadı. Onun bu halı, haqq məfhumuna nə böyük əhəmiyyət verdiyini göstərir. Nəvəvini yaxından tanıyan bəzi alimlər onun bir səhabə kimi, bəziləri isə bir təbiun kimi yaşadığını söyləmişlər.

Elmlə bu qədər çox məşğul olmasına baxmayaraq ibadətə, Quran oxumağa və Allah Təalanı zikr etməyə geniş zaman ayırardı. Bir gecə səhərə doğru Dəməşq Məscidində bir dirəyə doğru qaranlıqda namaz qılırdı. Allah Təalanın, zalımlar ilə onların yoldaşı olan günahkarları cəhənnəmə aparmaları üçün mələklərə verdiyi “Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”(Saffat surəsi (37/24) əmrini, hesaba çəkilən özüymüş kimi dərin bir hüzn və xüşu içində dəqiqələrlə təkrarlayıb durmuşdu.

Nəvəvini yaxından tanıyan bəzi alimlər onun kəramətlərindən  bəhs etmişlər

İdarəçilərə xəbərdarlıq etməsi

Nəvəvi, əmr bil-məruf nəhiy anil-münkər (yaxşılığı əmr edib, pislikdən kəçindirmə) vəzifəsini yerinə yetirmə mövzusunda bənzəri çox az olan bir insan idi. Haqsızlığa boyun əyməz, doğru bildiyini söyləməkdən, idarəçilərə sözlü və ya yazılı olaraq xəbərdarlıq etməkdən çəkinməzdi.

I. Baybars deyə bilinən, Misir və Suriyada Məmluk Dövlətini quraraq on yeddi il səltənət sürən əl-Məlikz-Zahir Rüknüddin əl-Bunduqdariyə Nəvəvinin müxtəlif məktublar yazdığı, hətta bu məktubların bir qisimini irəli gələn alimlərə də imzaladaraq müştərək bir ərizə halında təqdim etdiyi və qıtlıq səbəbiylə maddi çətinlik içində olan Dəməşq xalqına asanlıq göstərməsini, ağır vergilərlə onları çətin vəziyyətdə qoymamasını istədiyi bilinir. Diləyi yerinə yetirilmədiyi və ya istəklərinin əksinə hərəkət edildiyi zaman bu məktubların sərtliyini daha da artırdığı, heç bir təhdidin və hətta ölümün belə onu qorxutmayacağını sultana xatırlatdığı görülür. Eyni zamanda bu məktublarında sultana qarşı heç bir zaman hörmətsizlik etməmişdir. Onun dindar bir kimsə olduğunu bildiyi üçün, ayə və hədislərdən bir çox sitatlar gətirərəkonu razı salmağa çalışmışdır.

Nəvəvinin əsl hədəfi sultanın xalqa yaxşı rəftaretməsini təmin etmək idi. Elə buna görə də yumşaq və barışdırıcı bir üslub seçdi. Bu məktublarında Allah Təalanın sultana qısa zamanda böyük zəfərlər, geniş torpaqlar bəxş etdiyini, din düşmənlərini təxribata uğratdığını qeyd etdikdən sonra, Uca Allahın onu dininə xidmət etməsi, müsəlmanların haqqlarını güdməsi, xalqa şəfqət göstərməsi, onların zəiflərinə sahib çıxması və təbəəsini hər cür zərərdən qoruması üçün bu mövqəyə gətirdiyini, bunları etməyib xalqın haqqını tapdaladığı təqdirdə Allahın hüzurunda çətin vəziyyətdə qalacağını xatırladırdı. Xalqın torpağını əlindən almağın dini baxımdan caiz olmadığını, bu qərarın  yetim, dul, yoxsul bir çox yazığa böyük zərər vuracağını deyirdi.  O günə qədər dinin əmrlərindən ayrılmayan sultanın, öz xalqının malını zorla əlindən almağınını doğru olmayacağını ifadə etdi.

Nəvəvinin sultana bu tərzdə xəbərdarlıq etməsi bəzilərini təlaşa saldı. Bu üslubu tərk etmədiyi təqdirdə xidmətlərinə maneə törədilə biləcəyini söylədilər. Sultana qarşı müqavimət etməkdənvaz keçməsini söylədilər. Heç bir vəzifədə gözü olmayan Nəvəvi, bunlara da alovlu məktublar yazaraq xəbərdarlıq etdi, onları dinin əmrlərinə tabeolmağa dəvət etdi.

Xaçlılara qarşı verdiyi döyüşlərlə tanınan məşhur məlik Baybars, əslində səmimi bir müsəlman idi. Bu Qıpçaq əslli Türk sultanı, Moğolların Suriyaya hücum etdiyi sıralarda xalqın münbit torpaqlarını, bağçalarını xəzinəyə qatmaq istəmiş, bunun üçün də Suriyalı alimlərin fitvasına müraciət etmişdi.Bəzi alimlər qorxduqları üçün, bəziləri dünyalıq əldə etmək üçün sultanın istədiyi fitvanı vermişdi. Baybars Nəvəvidən də fitva istəmiş, lakin bunun haqsızlıq olduğuna inanan Nəvəvi fitva verməyə yanaşmamışdı.

Verilən məlumatlara görə Sultanın bu mövzudakı israrları üzərinə Nəvəvi ona bunları söyləmişdi:

– Yaxşı bilirəm ki, sən bir zamanlar Əmr Bunduktarın köləsi idin. Heç bir şeyin yoxkən Allah lütfü sayəsində məlik oldun. Eşitdiyimə görə sarayında, qayışları altından hazırlanmış min kölən, cürbə-cür zinət əşyalarına sahib iki yüz nökərin var. Bütün bunları onlardan alıb döyüş hazırlığı üçün istifadə etdiyin halda dövlət xəzinəsi yetməzsə, xalqın malına əl qoymağın üçün o zaman sənə fitva verərəm. Daha sonra Suriyalılara yüklənən döyüş vergilərinin ağırlığından danışaraq bu vergilərin qaldırılmasını, müdərrislərin(müəllimlərin) maaşlarının azaldılmamasını tələb etdi.

Nəvəvinin bu cürətkar sözlərinə və istədiyi fitvanı verməməsinə çox hirslənən məlik:

– Şəhərimdən çıx get! dedi. Nəvəvi:

– Baş üstə! deyərək Dəməşqi tərk etdi və Nəvaya getdi.

Nəvəvi hüzurundan çıxınca sultan Baybars onun vəzifəsinə son verilməsini və maaşının kəsilməsini əmr etdi. Adamları ona Nəvəvinin bir vəzifəsi olmadığını, bu səbəbdən maaş da almadığını söylədilər. Bunun eşidən Baybars:

– Bəs nə ilə dolanır? dedi.

– Atasının göndərdikləri ilə, dedilər.

Deyildiyinə görə məlikə Nəvəvini nə üçün öldürtmədiyini soruşduqda:

– Bunu etmək istədim. Lakin onu öldürtməyi hər arzu etdiyimdə, ikimizin arasında ağızını geniş açmış bir aslan buna mane oldu. Öldürülməsini əmr etsəydim məni parçalayacaqdı, dedi. Nəvəvi ilə bir neçə dəfə görüşən əl-Məliku`z-zahir, ondan çəkindiyini yaxınlarına etiraf etmişdir. Nəvəvi 665 (1266-67) ilində, 34 yaşında Əşrəfiyyə darül-hədisi şeyxi olduğuna görə, bu hadisənin daha əvvəl meydana gəldiyi görünür.

Nəvəvinin məlik Baybarsa qarşı göstərdiyi bu igid rəftarından sonra şöhrəti yayıldı. Əsərlərinə böyük rəğbət göstərildi.

Vəfatı.

Tələbəsi İbnül-Əttarın söylədiyinə görə, vəfatından iki ay əvvəl ziyarətinə gələn bir kasıb, kəndlilərdən birinin hədiyyə etdiyi səhəngi Nəvəviyə təslim etdi. Həyatı boyunca heç kimdən bir şey qəbul etməyən Nəvəvi, səhəngi bir səfər aləti olduğunu söyləyərək aldı.

Vəfat edəcəyini sezmiş olmalıdır ki, özünə səfər icazəsi çıxdığını söyləyərək müəllimlərinin qəbirlərini, şəhərdəki tanışlarını ziyarət etdi və kitablarını mədrəsəyə vəqfetti.

Sonra Qüdsə getdi. Ziyarətini tamamlayıb Nəvaya döndü. Bir neçə gün sonra atasının evində xəstələnərək 676 ilinin 24 Rəcəb (22 dekabr 1277) çərşənbə günü səhər vaxtı Mövlasına qovuşdu.

Uca Allah İslamı şəxsiyyətində təməssül etdirmiş belə alimlərimizin şəfaətinə nail etsin.

Haqqında Deyilənlər

Əshab-ı kiramı xatırladan bu nümunə şəxsiyyəti tanıdarkən Zəhəbi, zöhdü təqva baxımından bənzərsiz, yaxşılığı tövsiyə edib pislikdən çəkindirmə barəsində misilsiz biriolduğunu qeyd etmişdir. Onun aza qane olduğunu, sadə geyindiyini, yeməyə içməyə dəyər vermədiyini, bununla birlikdə ağır və heybətli olduğunu, qısaca onun Allahdan, Allahın da ondan məmnun qaldığını, bu səbəblə onu cənnəti ilə mükafatlandıracağını yazır.

Nəvəvinin tələbələrindən fəqih və mühəddis İbni Fərah əl-İşbili (ö. 699/1300), onun üç əhəmiyyətli xüsusiyyəti olduğunu söylədikdən sonra, bir kimsədə bu xüsusiyyətlərdən yalnız biri olsa, insanlar ondan faydalanmaq üzrə, onun yanına dünyanın dörd bucağından qalxıb gələrlər, deyərək bu üç xüsusiyyəti sadalayır:

* Elm və vəzifə məsuliyyəti,

* Dünyaya və dünya mənfəətlərinə dəyər verməmək,

* Yaxşılığı tövsiyə edib pislikdən çəkindirmək.

Tacəddin əs-Sübkinin nəql etdiyinə görə atası Təqiyyüddin əs-Sübki (ö. 756/1355), Nəvəviyə dərin heyranlıq bəsləyirdi. Əşrəfiyyə darül-hədisinə Nəvəvidən sonra böyük mühəddis Mizzi (ö. 742/1341), onun vəfatı üzərinə də Təqiyyüddin əs-Sübki şeyx olmuşdu. Fiqh və hədis sahələrində qiymətli əsərlər vermiş və Şam qazısı olmuş bu alim, Nəvəvinin Əşrəfiyyə darül-hədisində dərs verdiyi yerdə gecələri ibadət edərkən yanağını yerə qoyar və “Nəvəvinin ayaq basdığı yerə bəlkə üzüm dəyər” deyə duyğulanardı.

Yenə Tacəddin əs-Sübkinin dediyinə görə, atası bir gün miniyi ilə gedərkən yolda xalqdan cahil, yaşlı bir adama rast gəldi. Bu qoca, bir zamanlar Nəvəvini gördüyünü söyləyincə, Təqiyyüddin əs-Sübki miniyindən enərək adamın əlini öpdü, duasını istədi. Sonra da “Nəvəvini görən biri mənim önümdə gedərkən mən heyvana minə bilmərəm” deyərək onu tərkinə aldı. Təqiyyüddin əs-Sübki, Nəvəvinin evliyaullahdan olduğunu söyləmişdir.

 

Dr. Vüqar Səmədov

(ilahiyyat üzrə fəlsəfə doktoru)

Mənbə:

sunna.az

Read Previous

Müəllimin bir ataya yazdığı məktub

Read Next

Həqiqi mömin kimdir və necə olmalıdır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.