• 22 Noyabr 2024

Peyğəmbərimiz (səv) bir daha gəlsəydi

muhammed savUca Allah insanlara özünü tanıtmaq və tövhid əqidəsini yaymaq üçün onların arasından seçilmiş şəxsiyyətlər, yəni peyğəmbərlər göndərmişdir.

 Həzrət Muhammədin peyğəmbər olaraq göndərilməsindən sonra bu silsiləyə, yəni peyğəmbərlik silsiləsinə xitam verildi. Uca Allah bu barədə Qurani-Kərimdə belə buyurur: “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur.” (əl-Əhzab 40). Hər nə qədər Həzrət Muhəmməd son peyğəmbər olsa da, onun gətirdiyi İslam dini qiyamətə qədər davam edəcək ümumbəşəri bir dindir. Çünki Uca Allah Qurani-Kərimini qiyamətə qədər mühafizə edəcəyini ifadə edir (əl-Hicr, 9). Eyni zamanda O, öz nurunu kamala çatdıracağını buyurur. (əs-Saff,8). Deməli, İslam dinindən sonra hər hansı din və yaxud da peyğəmbər gəlməycək.

Məbəs günündən (peyğəmbərimizə risalət verildiyi gün) zaman keçdikcə insanların dinə qarşı meyilləri və bağlılıqları zəifləməkdə və dəyişməkdədir. Kapitalizmin hökm sürdüyü günümüzdə də bu vəziyyət özünü açıq şəkildə büruzə verməkdədir. İnsanlar dinləri sadəcə ibadətlərə və ibadətxanalara məxsuslaşdırmaqdadırlar. Tenxologiyanın əsir aldığı zəmanə insanları dini həyat rəhbəri kimi deyil, müəyyən rituallardan ibarət həyat tərzi kimi görməyə başlayıblar. Odur ki, bu vəziyyət qarşısında belə bir sual qarşımıza çıxır “Görəsən Peyğəmbər məbəsindən 14 əsr sonra yenidən aramıza qayıtsaydı, nə edərdi? Nələri dəyişdirərdi? Nələri təkrar tövsiyə edərdi?

Əlbəttə din kamala çatmışdır və qiyamətə qədər dəyişməyəcək. Onun gətirdiyi əmrlər və tövsiyyələr qiyamətə qədər qüvvədə olacaqdır. Təəssüf ki, qəflətdə olan insanlar bu həqiqəti görmür və eşitmir. Həzrət Peyğəmbərin dili ilə bir daha bəzi xüsusları xatırlayaq.

Həzrət Peyğəmbər (s.ə.s) (fiziki halda) aramızda olsaydı, əsrlər öncə təsis etmiş olduğu “xilful-fudul” (seçilmişlər məclisini) qurardı. O, bu cəmiyyət ilə daim məzlumların yanında olar və insanlar arasında ədaləti bərqərar etməyə çalışardı. Adı ilə, fəaliyyətləri ilə məzlum insanların ümidi olardı. Haqsızlığa fürsət verməz, nahaq qan axıtmağın qarşısını alardı. Çünki o, rəhmət peyğəmbəri idi. O, bu cəmiyyətdə fəaliyyət göstərərkən din, dil, irq, məzhəb fərqi qoymazdı. Çünki o yaradılanı Yardana görə sevirdi.

O gəlsə, müsəlman şəxsiyyətini yenidən inşa edərdi. Digər insanlara sülh və etimad vəd edən müsəlman şəxsiyyətini yenidən canlandırardı. Elə bir müsəlman ki, əlində silah deyil, gül tutar, ətrafa mərhəmət saçar, görənləri ədəb və əxlaqı ilə heyran qoyar.

O, müsəlmanın digər müsəlman qardaşına xəyanət etməyəcəyini yenidən təkrarlayar, onu heç bir zaman satmayacağını, onunla görüş ayrılığına görə düşmənçilik etməyəcəyini bir daha öyrədərdi. O, müsəlmanları tövhid ətrafında bir daha toplayar, ixtilafın ayrılıq deyil, tərəqqi və rəhmət olduğunu özəlliklə vurğulayardı.

O, aramıza gəlsə, müsəlmanlar arasındakı mənfəət üzərinə qurulmuş münasibətləri aradan qaldırar, bütün müsəlmanların qardaş olduğunu xatırladaraq “uxuvvə” (qardaşılıq) hisslərini canlandırardı. Müsəlmanların yekvücud olduğunu xatırladaraq heç bir müsəlmanın digər müsəlmana laqeyd qalmasına razı olmazdı. Çünki o, bütün müsəlmanları kərpicləri bir-birinə bağlanmış binaya bənzədir.

O gəlsəydi,xüsusilə valideynlərə müraciət edər və övladların Allah tərəfindən onlara verilmiş əmanət olduğunu xatırladardı. Onlara övladları üçün ən gözəl mirasın gözəl əxlaq olduğunu xatırladar, uşaqların televizor və yaxud da internet əxlaqı ilə yetişməsinə razı olmazdı. O, ata və anaya seriallara və lazımsız verilişlərə baxaraq vaxt israf etməkdənsə, uşaqları ilə maraqlanıb onların əxlaqı ilə maraqlanmağı tövsiyə edərdi. Qohum-əqrəbanı ziyarət edərək Allahın rəhmətinə nail olacağımızı xüsusilə xatırladardı.

O, namaz olmadan yaşamağın mənasız olduğunu yenidən təkrarlayardı. Həyatımızı namaza görə planlayıb şəkilləndirsək heç bir şeyi itirməyəcəyimizi əyani şəkildə bir daha göstərərdi bizə. Sədəqə verərək bəla və müsibətlərdən mühafizə olacağımızı da unutdurmazdı bizə. Zəkat verməsək, var dövlətin bizim üçün fəlakət olacağını xatırladardı. Acından ölən hər bir müsəlmanın malımızda haqqı olduğunu anladardı.

Xülasə, o, bizə Allahın yer üzərindəki nümayəndələri olduğumuzu xatırladar, dünyanın əbədi deyil, axirətin əbədi olduğunu söyləyərdi. Dünyanın axirətin tarlası olduğunu və nəyi əkərsək onu biçəcəyimizi xüsusilə xatırladardı. Zərərin yarısından dönmək də xeyirdir.

Onun bizə deyəcəklərini səhifələrlə yaza bilərik. Bu gün o, cismani olaraq aramızda deyil, ancaq hədisləri, sünnələri əlimizdədir. Deməli,o, aramızdadır. Gəlin onun tövsiyələrini sadəcə oxumayaq, oxuduqlarımızı anlayaq, həzm edək və əməl edək. İslam dinində əməl edilməyən heç bir xüsusun və yaxudda hökmün bizə faydası yoxdur. Bildiklərimizlə əməl etdiyimiz nisbətdə müsəlmanıq. Sabah Allahın hüzuruna çıxanda, Rəsulunun qarşısına keçəndə üzümüzün qızarmaması üçün zərərin yarısından da dönmək kardır.

mənbə:

irfandergisi.com

Read Previous

İŞİD-in misirli komandiri 4 milyon dollar “zəkat” pulunu götürərək, Suriyadan qaçıb

Read Next

Quran ayələri işığında Allahın rəsuluna itatət

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.