• 25 Noyabr 2024

ORUCLUNUN İKİ SEVİNC ANI

Iftarİslamın beş şərtindən biri olan oruc bizdən əvvəlki iki səmavi dində də mövcud olmuşdur. Bunu orucun fərziyyəti haqqında nazil olan ayədən də görürük[1].

    Ancaq bizdən öncəki ümmətlərin də bizim tutduğumuz kimi oruc tutduqlarını deyə bilmərik. Hələ Rəsulullahın (s.ə.s) zamanında belə oruc ibadəti ilk dəfə vacib buyurulanda bir sıra çətinliklər var idi. Məsələn: ilk dönəmlərdə oruc yatsı namazı qılındıqdan sonra başlanırdı. Yatsı namazını qıldıqdan və yatdıqdan sonra yemək, içmək və cinsi əlaqəyə girmək caiz deyildi. Bu hal müsəlmanlara çox ağır gəlmişdi. Sonralar isə Allah öz rəhməti sayəsində bu ibadəti yüngülləşdirdi və imsak vaxtına qədər yemək-içməyə və qadınlara yaxınlaşmağa icazə verdi. Bu icazəni də “Bəqərə” surəsinin 187-ci ayəsi ilə də təsdiqlədi. Artıq bundan sonra da müsəlmanlar Ramazan ayında imsak vaxtına qədər sərbəstlik əldə etdilər.

Uca Rəbbimizə sonsuz şükürlər olsun ki, bu ibadəti də bizim üçün çox asanladıraraq fərz buyurub. Necə ki, namaz ibadətində digər ümmətlərə nəzərən asanlıq var, eləcə də oruc da belədir. Bu asanlıqlardan biri də sahurdur. Sahur imsak vaxtından əvvəl qalxıb oruc tutmaq üçün yemək yeməyə və ya çay, su içməyə deyilir. Allah Rəsulunun (s.ə.s) sahura qalxmağı təşviq edən bir çox hədisləri vardır. Bir hədisində belə buyurulur: “Sahura qalxın, çünki sahurda bərəkət vardır” (Buxari, Savm, 20; Müslüm, Siyam, 45). Sahura qalxmaq insana həm maddi, həm də mənəvi baxımdan bir çox faydaları vardır. Sahura qalxan insan qidalanıb o günün orucuna gücü çatmasını təmin edərək bir bərəkət əldə etdiyi kimi, eyni zamanda oyaq olduğu, dua və ibadətlə də məşğul olduğu üçün mənən də qidalanır. Yəni imanının güclənməsi, dualarının qəbul olunması üçün əvəzolunmaz bir vaxtdır.

Yenə Rəsululllahın (s.ə.s) əhli-kitabın orucu ilə bizim orucumuz arasındakı yeganə fərqin sahura qalxmaq olduğunu bildirməsi də[2] bizi bir növ sahura qalxmağa təşviq və biz ümmətə nə qədər mərhəmətlə yanaşdığını göstərməkdədir.

Başda qeyd etdiyimiz kimi, orucu asanlaşdıran amillərdən biri də iftar etmə, yəni oruc açmaqdır. Axşama qədər Allah rizası üçün dözüb, ürəyinin çox istəməsinə baxmayaraq heç bir nemətə əl uzatmayan mömin qullar iftar vaxtının gəlməsi ilə birlikdə Allahın əmrinə itaət edib, o günün orucunu tutduqları və qəzasız-bəlasız bir günlük oruc ibadətini yerinə-yetirdikləri üçün böyük bir sevinclə oruclarını açırlar. Allah Rəsulu (s.ə.s) bu sevinc anını öz hədisi-şərifində belə bildirmişdir: “Əziz və Cəlil olan Allah: “İnsanın oruc xaricindəki hər bir əməli özü üçündür. Oruc mənim üçündür, mükafatını da mən özüm verəcəyəm. Oruc bir qalxandır. Sizdən biri oruc tutarsa, pis söz danışmasın və heç kimlə savaşmasın. Əgər bir nəfər ona söyər və sataşarsa, -Mən orucluyam- desin. Muhammədin canı əlində olan Allaha and içirəm ki, oruclunun ağız qoxusu, Allaha müşk qoxusundan daha gözəldir. Oruclunun iki sevinc anı vardır; Biri iftar etdiyi vaxt, digəri də orucunun səvabı ilə Rəbbinə qovuşduğu andır” (Buxari, Savm 9; Müslüm, Siyam, 163).

Bəli, oruclunun iki sevinc anı vardır. Birincisi, maddi və müvəqqəti mədəsi doyana qədər olsa da, ikincisi isə mənəvi və davamlıdır. Amma hər ikisi də oruclu olana aiddir. Eyni zamanda burada ixlas və səmimiyyətlə oruc tutan şəxs üçün bir müjdə də vardır. Bu da Allaha qovuşacağı andakı görəcəyi mükafatlarla sevinəcəyi andır.

Bundan əlavə, iftar vaxtı edilən dualar qəbul edilir. Sevimli Peyğəmbərimiz (s.ə.s) bu mövzuda belə buyurmuşdur:

“Üç şəxsin duası geri çevrilməz, qəbul edilər:

1- Oruçlunun iftar vaxtında etdiyi dua,

2- Ədalətli hökmdarın duası,

3- Məzlumun duası” (Tirmizi, Dəavat, 115).

Ramazan ayında edilən ən fəzilətli və savablı əməllərdən biri də oruclulara iftar yeməyi verməkdir. Bu xeyirli bir davranış olduğu kimi, iftar süfrələrində qonaq qəbul etmək unudulmaması mühüm olan gözəl adətlərimizdəndir. Sevimli Peyğəmbərimiz (s.ə.s) buyurur: “Hər hansı bir oruc tutana iftar verən şəxsə o oruclunun savabı qədər savab verilər. Ancaq o oruclunun savabından da heç bir şey əksilməz” (Tirmizi, Savm, 82).

İftar süfrələrində bir yerə toplaşan möminlər arasında sevgi məhəbbət və qardaşlıq duyğuları daha da güclənir. Beləliklə də, iftar sayəsində islamın hədəfəaldığı birlik və bərabərlik şüuru formalaşır.

 


[1] Bəqərə, 183

[2] Müslüm, Siyam, 46; Əbu Davud, Savm, 25

Mənbə:

irfandergisi.com

 

Read Previous

Vücudun duası ORUC

Read Next

Məscidi Nəbəvidə türkcə xütbə oxunacaq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.