• 22 Noyabr 2024

Bəzi dini mövzulara aid sual ve cavablar

sual-cavabSual:Zəkat vermək istəyirəm. Amma bilirəm ki, verdiyim adam o pulu banka verəcək, kreditini örtəcək. Zəkatımı ona verə bilərəmmi?

Cavab: Burada əsas olan həmin şəxsə zəkatın düşüb-düşməməsidir. Əgər zəkat verilən şəxsə zəkat düşürsə, yəni Qurani-Kərimdə (ət-Tövbə, 9/60) sadalanan zəkat veriləcək səkkiz sinifdən birinə daxildirsə, ona vermək olar. Artıq onun verilən pulu harada xərcləməsini zəkat verən şəxs araşdırmaq məcburiyyətində deyil, hətta araşdırması düzgün deyildir. Çünki zəkatın şərtlərindən biri də “təmlik”in gerçəkləşməsi, yəni verilən malın kasıbın mülkiyyətinə keçərək onu necə istəsə xərcləmək səlahiyyətinə qovuşmasıdır.

Sual:Qadınlar öz aralarında bir-birinə imam duraraq namaz qıldıra bilərmi?

Cavab: Qadınların bir-birinə imam durması caiz olsa da, yəni namaz etibarlı sayılsa da, belə hallarda təkbaşına qılmaları daha fəzilətlidir və bir-birinə imam durmaları məkruhdur.

Sual:Bilirik ki, müəyyən şərtlər əsasında insanlar arasında süd qohumluğu yaranır. Bəs birinə qan vermək və ya bir orqanını (böyrək, göz, ürək) bağışlamaq necə? Bu adam ilə arasında dini bir məsuliyyət yaranarmı?

Cavab: Süd qohumluğu Qurani-Kərim və hədislərlə müəyyən edilən bir qohumluq növüdür. Yəni, bu qohumluq növünü qoyan ilahi qanunlardır. Odur ki, Uca Allahın və ya Hz. Peyğəmbərin (s.ə.s) dini bir hökm olaraq qoyduğu bu qohumluq növünə qiyas edərək (müqayisə yolu ilə) başqa qohumluq növləri və hər hansı bir dini məsuliyyət qoymaq caiz deyildir. Yəni bu kimi məsələlərdə qiyas tamamilə etibarsızdır. Ona görə də qan vermək, böyrək bağışlamaq və ya ölən şəxsin orqanlarının bağışlanması caiz olsa da, hətta təşviq edilən xeyirxahlıq olsa da, bu kimi transplantasiyalar nəticəsində hər hansı qohumluq əlaqəsi və dini bir məsuliyyət meydana gəlmir. Təbii ki, donorla xəstə arasında daha isti münasibətlər yarana bilər. Bu, tamamilə insanlıqdan irəli gələn bir məsələdir. Ancaq süd qohumluğu ilə müqayisə edərək hər hansı bir qohumluğun və ya dini məsuliyyətin yaranmasını iddia etmək tamamilə etibarsızdır.

Sual:Zina edənlərin rəcm edilməsi doğrudurmu?

Cavab: Rəcm cəzası dini terminologiyada evli olan zinakarın daşqalaq edilməsi şəklində ifadə edilir. İlk əvvəl vurğulamaq lazımdır ki, rəcm cəzası peyğəmbərimizin dövründə cəmi bir neçə dəfə tətbiq edilmişdir. İlk tətbiqi də belə olmuşdur: Yəhudi bir kişi ilə yəhudi bir qadın zina edərkən tutulmuş və Hz. Peyğəmbərin (s.ə.s) hüzuruna gətirilmişdilər. Peyğəmbərimizin “Mədinə müqaviləsi”nə əsasən yəhudilərə öz kitablarına görə cəza verilməli idi. Hz. Peyğəmbər (s.ə.s) onlardan öz dinlərinə görə bu hərəkətin cəzasını soruşur, ancaq onların gerçəyi gizlətməyə çalışdığı ortaya çıxır. Abdullah ibn Salamın köməyi ilə peyğəmbərimiz Tövratda mövcud olan rəcm hökmünü öyrənir və beləliklə də, onlara rəcm cəzası tətbiq edilir. Bundan sonra bu hökm bir neçə dəfə də müsəlmanlar arasında tətbiq edilmişdir (Müslim, Qəsamə, 26). Qeyd edək ki, Hz. Peyğəmbər (s.ə.s) şəxsən özü rəcmdə iştirak etməmiş, hətta rəcm edərkən qaçmaq istəyən biri haqqında deyiləndə: “Kaş ki, qaçmasına icazə verəydiniz, çünki o, səmimi-qəlbdən tövbə etmişdi” (Əbu Davud, Hüdud, 24 ) – buyurmuşdur.

Bundan əlavə, Nur surəsinin 2-ci ayəsində Uca Allah evli və ya subay fərqi qoymadan zinakarların cəzası ilə bağlı belə buyurur: “Zinakar kişi və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun”. Bəzi alimlərə görə, bu ayə nazil olduqdan sonra “rəcm” cəzası artıq qüvvədən düşmüşdür (nəsx olunmuşdur). Hətta Buxarinin nəql etdiyi bir rəvayətə görə, Abdullah ibn Əvfadan rəcm cəzasının “Nur” surəsi nazil olduqdan sonra, yoxsa əvvəl tətbiq edildiyi soruşulduqda bilmədiyini söyləmişdir (Buxari, Hüdud, 21; Müslim, Qəsamə, 29). Odur ki, səhabə belə rəcm cəzasının “Nur” surəsindən əvvəl, yaxud sonra olmasında tərəddüd edirsə, bu cəzanın qiyamətə qədər dəyişilməz bir cəza növü olmasını müdafiə etmək qeyri-mümkündür. Məhz bu səbəbdən bəzi alimlərə görə rəcm cəzası dəyişilməz bir cəza olaraq yox, təzir cəzası (azarlayıcı, qınama mahiyyətindəki cəzalar) kimi hakimin qərarına həvalə edilən bir cəza növüdür.

Sual:Zəkatla mükəlləf olan şəxs kasıb birinə borc verib. Bu şəxs zəkat verəcəyi zaman onun borcunu bağışlayaraq zəkatını vermiş sayılarmı?

Cavab: Əvvəlcə qeyd edək ki, bir şəxs zəkatı vacib olan bir malın bir qismini yoxsula bağışlasa, öhdəliyindən yalnız həmin qismə aid zəkat düşər. Odur ki, bir varlı yoxsula verdiyi borcu ona bağışlasa, həmin borcun miqdarına aid zəkat borcu onun öhdəliyindən düşər. Burada zəkata niyyət edib-etməməsi nəticəni dəyişdirmir. Çünki bu, malın məhv olmasına bənzəyir. Belə ki, həmin miqdardakı malı məhv olsaydı, o məhv olan mala zəkat vacib olmazdı. Məsələn, bir varlının yoxsulda dörd yüz qram qızıl alacağı borc varsa, bunun hamısını yoxsula bağışlasa, həmin alacağı borca aid “on qram” zəkat borcu öhdəliyindən düşər. Yoxsa həmin dörd yüz qram qızılı digər mallarının zəkatı olaraq saya bilməz.

Onu da qeyd etmək lazımdır ki, zəngin olan bir borcluya belə bir mal bağışlansa və ya həmin borcdan vaz keçilsə, bununla nə o malın, nə də başqa mallarının zəkatı verilmiş olur. Odur ki, mötəbər sayılan rəyə görə, həmin bağışlanan mala və ya borca aid malın zəkatı da verilməlidir.

Mənbə:irfandergisi.com

Read Previous

Yox deməyi bacarmaq

Read Next

Cənnətə aparan əməllər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.