Bizə əmanət verilən bu bədən, can və mal əlimizdə əbədi olaraq qalmayacaq. Şübhəsiz bir gün hamısı ilə vidalaşacağıq və hər şey mülkün həqiqi sahibi olan Allaha qalacaq, yəni ona dönəcək. Bu səbəbdən bir dəfə lütf edilən həyat nemətində bu əmanətləri Allah yolunda lazımı yerlərə təslim etməliyik ki, əbədi mükafata nail ola bilək.
Kainat, min bir naxışla bəzədilmiş ümumi və fani bir iqamətgahdır. Bir imtahan aləmi olan bu dünyada keçirəcəyimiz günlər, ciddilik, incə bir ruh, dərin bir idrak ilə təfəkkür istər. Çünki bizim üçün əsl qalıcı olan nemətlər, baqi iqamətgaha, yəni sonsuz həyata apara bildiyimiz gözəlliklərdir. Qullarının bu əbədi gözəlliklər ilə huzuruna gəlməsini arzu edən Cənabı Allah, öz qatındakı uca mükafatı və razılığı istiqamətində ediləcək əməli-salehlərə verdiyi dəyəri Qur`ani-Kərimdə tez-tez bəyan edir.
Allah Təala, xüsusilə lütf və kərəm, comərdlik və lütfkarlıq kimi ülvi sifətlərinin təzahürü olan sədəqə və infak haqqında israrlı təşviqlər etməkdədir və halı vaxtı yerində olan sərvət sahiblərinə zəkat, öşür və qurban kimi mal ilə edilən ibadətləri qəti olaraq əmr etməkdədir. Bu əmr edilən köməklərin yanında bir də comərtlik və iman həyəcanına bağlı fəzilətlər vardır ki, bunlardan biri də qərzi-həsən, yəni gözəl borcdur.
Allah, rizası üçün veriləcək hər sədəqə və ediləcək hər infakı özünə verilmiş bir borc (qərzi-həsən) olaraq qəbul edir və bunun qarşılığını qat-qat ödəyəcəyini vəd edir. Qur`ani-Kərimdə belə buyurulur: “ Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (əl-Hədid, 11)
Buna görə sədəqələrimizin, möhtacları sevindirmək qədər bir gün qəflətən qarşımıza çıxacaq olan ölümə qarşı bir son nəfəs təminatı olacağı düşüncəsiylə bu barədə daha çalışqan olmalıyıq.
Bilməliyik ki, bu dünyada çətinlik və ya fərahlıq, Allahın təqdirinə bağlıdır. Həqiqi möminlər, Allah özlərinə nemət verdikcə qürurlanıb şişən, Allahın lütf etdiyi neməti Onun razılığı üçün sərf etməyən qafillərdən ola bilməzlər. Onlar qərzi-həsəni hər iki mənasıyla idrak edərək tətbiq edərlər. Yəni:
1. Həm ehtiyac sahiblərinə borc verərlər,
2. Həm də infaq etmək surətiylə Allaha borc verərlər…
Bəli, qərzi-həsənin bir mənası da, Qurani Kərimdə bəhs edilən şəkliyə Allaha borc verməkdir. Bəs siz Allaha borc vermək istəyirsiniz?