İnsan başda özü olmaqla göylərdə və yerdəki canlıların hər şeyləri ilə Allah Təalaya möhtac olduğunu daim müşahidə etməlidir. Ən sadə bir misal olaraq bunu görməlidir:
Vücudumuzdakı fəaliyyətlərin demək olar ki, hamısı iradəmiz xaricində idarə edilir. Məsələn, ürək döyüntülərimiz, nəfəs alıb verməyimiz, digər bütün orqan və hüceyrə daxili fəaliyyətləri ilə bunlar arasındakı xəbərləşmə və yardımlaşma da belədir. İnsan vücudunda ilahi bir proqram daxilində möhtəşəm bir ahənglə işləyən orqanların və ya təkcə tək bir toxuma hüceyrəsi içindəki yüzlərlə növ biokimyəvi reaksiyanın idarə edilməsi və nəzarəti bir günlük bizim əlimizə verilsəydi, bəlkə bir neçə dəqiqə belə tab gətirə bilməz, kim bilir onu neçə dəfə xarab edərdik.
Necə ibrətlidir ki, bir tərəfdə on tonluq bir filin (Allah Təalanın izni ilə) on yaşındakı bir uşağa tabe olduğunu görürük, digər tərəfdə isə (insanın acizliyinin bir ifadəsi olaraq) gözlə görülə bilməyəcək qədər kiçik bir virusun necə güçlü, qüvvətli cüssələri yerə sərdiyini!..
Deməli, insan Allah Təalanın lütf etdiyi güc və qüdrəti heç bir zaman nəfsinə aid etməməli, əsla böyüklənməməli, nemətin əsl sahibini unutmamalı, daim şükür duyğuları içində olmalı və ilahi qüdrət qarşısında özünün bir toz zərrəsi belə olmadığını dərk edib Haqqa yönəlməlidir.
Xülasə, biz burda insan üzərində nümayiş etdirilən saysız ilahi hikmət və qüdrət təcəlliləri içindən bir neçə misala qısa təmas etdik. İnsan üzərində düşünüldükdə Allah Təalanın ona daha neçə-neçə sirr və hikmətlər verdiyi görünəcəkdir. Yəni insanın hər bir zərrəsi üçün bir kitab yazılsa yenə də azdır.
Mənbə: Osman Nuri Topbaş, Kainat, İnsan və Qur`anda Təfəkkür.