• 22 Noyabr 2024

TALUTUN YOL YOLDAŞLARI

Yolda itirdiyim dostlarıma ithaf edirəm…

Hər Talutun bir Calutu mütləq vardır. Amma bir də Davudu olmalıdır. Yanında Davud kimi biri ilə yola çıxmısansa nə yoldan qorxacaqsan, nə yolun sonundakı düşməndən.

Bu, bir İsrailoğulları hekayəsidir. Yanlarında Rəsul olduğu halda düşmənləri Calutla döyüşməyə getmək üçün bir kral tələb edən İsrailoğullarının hekayəsi. (2/246 – 2/252) Bəhanələrinə son qoyuldu, istəkləri yerinə yetirildi. Allah onlara Talutu göndərdi. Yola çıxmamağa bəhanə axtaranlar bu dəfə də Allahın seçimini bəyənmədilər. Talutu özlərinə layiq bilmədilər. Məcbur olub yola çıxanlar isə bir – bir yoldan çıxdılar.

Talut nə itirdiklərinə baxdı, nə yolun uzunluğuna. Bir çaya varıncaya qədər bir qrup insanla yürüdü. Çaya çatınca şərt kəsdi. “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir” (2/249) Çətin imtahan idi bəziləri üçün, ya da çox yaxşı bir bəhanə…
Sudan içən yolçuluğunu bitirdi. Az məsafə qət etməmişdir. Əsas olan yola çıxmaq idi, dedi. Amma unudurdu ki, vacib olan yola çıxmaq deyil, yolda qalmamaq, yolda yatmamaqdır. Şeytan da yola çıxmışdı. Amma yorulmuş, yolun üstündə oturmuşdu. Sudan içən Şeytanın yanında oturdu. Yol uzun, yolçu yorğun dedi. Onu da çayın sahilində itirdik…

Çayı keçənlər də oldu. Keçib dincəlmək istəyənlər də.
Yol isə sadəcə yürüdükcə qət edilir. Dincələnlər Şeytanlaşırlar. Nə qədər yol getməyi məsələni dəyişmir. Yola çıxmadan yolda oturmaqla, yolun yarısında oturmağın aqibəti eynidir: Şeytanlaşmaq. Harada oturursa otur, şeytan həmən yanına gəlir, yoldaş olur.

Çayı keçib yoluna davam edənlər də oldu. “Ey Rəbbimiz! Bizə səbr ver, dizimizə taqət, qəlbimizə iman ver və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” deyə dua etdilər. Sadəcə bir ovuc insan böyük bir düşmənlə üz-üzə gəldi. Yol gəlmiş, yorulmuş olmaları onları durdurmadı. Durduqları anda uduzacaqlarını bilirdilər.
Calutu Davud öldürdü…

Yola çıxarkən bir Davud axtarışına çıxın. Böyük bir topluluqla yola çıxsanız da sadəcə BİR DAVUD tapacağınızı unutmayın. Əgər bəxtiniz gətirəcəksə Davud sizi tapacaq, sizinlə yoldaş olacaq. Bəlkə yolun sonuna qədər Davudu heç fərq etməyəcəksiniz…
Əsas olan Davudun sizi fərq etməsidir. Sizi tanıyıb yol yoldaşlığı etməsidir. Siz onu sadəcə yolun sonunda görəcəksiniz. Son məqamda düşməniniz Calutun qəlbinə bıçaq saplananda tanıyacaqsınız Davudu.
Hər kəsin bir Davuda ehtiyacı var.
Hər kəs Talut ola bilər. Yola çıxa, yolda yürüyə bilər. Amma yanında Davud olmasa heç kim qələbə çalmaz. Yanındakıları bir – bir itirincə özünü də itirər…

P.S. Mən kiməm: Talutmu, Calutmu ya Davudmu? Talutun ordusunda yola çıxan min nəfərdən birimi?
Kimsə Calut olduğunu qəbul etməz. Talut olmaqsa lider olmaqdır. Bir ordunu yolun sonuna vardıra bilməkdir. Davudluq isə hədəfə varmaqdır…

Yolun sonuna varmadan kimsə Davud olacağına ümid etməsin. Davudluq yolun sonunda bilinəcək. Yatmadan, dincəlmədən, min əziyyətə qatlaşmadan Davud olmaq mümkün deyil. Bütün bəhanələr son qoymadan Talutla yola çıxmaqdır Davud olmaq.
Talutu ittiham etmədən, qınamadan yoldaşlıq etməkdir Davud olmaq.
Çaya varsa da suya tamah salmadan çayı keçməkdir Davud olmaq.
Bütün bəhanələrə son qoymaq, Caluta sinə gərməkdir Davud olmaq.
Bir Davuda ehtiyacım var. Bir Davud olmağa ehtiyacım var. Yol uzun, itirdiklərimiz çox. Kimliyimiz yolun sonunda bilinəcək.
Yolda qalmamaq duası ilə…

Rüzgar Kəskin/azerislam.com

Read Previous

QƏDR GECƏSİ NƏ VAXTDIR?

Read Next

QURANİ-KƏRİMİN ECAKARLIĞI VƏ ÜSLUBU