Böyük bir topluluq ya bilərək, ya da bilməyərək ildə bir dəfə «hər yer aşura, hər yer Kərbəla» deyə hayqırıb, bu ifadələri bir şüara, bir duruşa çevirər. Ağlayar, sızlayar, yanar, yandırar. Göz yaşı töküb Hüseyni anar, yezidə lənət deyər.
Günə məhkum olmuş bir çox anlar kimi o günü də yaşayar, bitirər və dönüb gedər. Növbəti aşuraya, bir dahakı Kərbala müsibətinin təqvim ilinə qədər həyatına qaldığı yerdən davam edər… Hüseyn niyə öldü, yezid niyə öldürdü sualını heç vaxt nə özünə, nə də başqasına verməz. Versəydi cavabını bilər, öyrəndiyi dərsdən nəticə çıxarardı. Versəydi dövrünün yezidinin yaşadığı toplumun ‘hüseynlərini’ öldürməsinə izin verməzdi. Yaşadığı məkanın yeni bir Kərbəlaya çevrilməsinə, yeni müsibətlərin yaşanmasına susmaz, yeni yezidlərə qapı açmazdı…
Bir müsəlman, tarixdən dərs almasa hər gün o müsibəti yenidən yaşayar, amma yaşadığının fərqində əsla olmaz. Dövrünün yezidi peyğəmbər nəvəsi Hüseyni qətl edəndə kim hansı safda dayanmışdı? Niyə o safda, niyə o əqidədiə idi? Bu sualın cavabını bilməyənlər yaşadıqları dövrün yezidlərinin safında dayanar, toplumlarının «Hüseynlərini» qətl edər, sonra da gedib ildə bir dəfə Peyğəmbər nəvəsinin ölümünə ağlayarlar. Hələ də Kərbəlada Hüseynlər şəhid edilir. Hələ də toplumu yönəldən yezidlər var. Hələ də Hüseynlər niyə öldürüldüyünü bilmir. Amma müsəlmanlar susur. Birlik olub yezidi taxtından endirmir. Suriya, Misir, Qazzə, Arakan… Kərbala deyilmi? Kərbəla olduğunu anlamamız üçün neçə Hüseyni qurban verməliyik?
Allah bu dini niyə endirdi? Bədrdə ata oğluna qarşı niyə vuruşdu? Əbu Sufyanın nəvəsi Abdulmüttəlibin nəvəsinə niyə düşmən kəsildi? İki əmiuşağının qan davası bir dinin qan davasına kimlər tərəfindən və niyə çevrildi?
Suallar çox, cavablar düşündürücü.
Hələ də 14 əsr öncə həyatımıza girmiş məhərrəm ayının içindəyik. Allah yolunda şəhid edilən Hüseynin qanı üstümüzdədir. Amma biz, intiqam almağı heç düşünmürük. Şəhadət şərbətini içib şəhidlik məqamına yüksələ bilmiş Hüseyinin şəhadətinə üzülürük. Sanki ona o məqamı yaraşdırmadıq. Onun şəhadətinə hələ də ağlayıb, hələ də sızlayırıq.
Hüseynin öldürülmüş cəsədinə duyduğumuz sayğını, onun ölüm səbəbinə duymuruq.
Hüseynin kəsilmiş başına axıtdığımız göz yaşlarını başı bədənindən qoparılmış İslama axıtmırıq.
Xurafatı din deyə bağrımıza basmışıq. Halbuki Hüseyn dinin xurafata çevrilməməsi üçün mücadilə verdi. Yerə düşən sancağı əlimizə alıb yezidə meydan oxumaq əvəzinə yezidin safında dayanıb Hüseynin ölümünə ağlayırıq.
Ömər b. Sad da elə etməmişdirmi? Hüseynin arxasında namaz qılıb, yezindin ordusuna rəhbərlik etmişdi. Biz hansı əməllə ondan fərqlənirik ki? Kimin safında kimə qarşı dayanmışıq?
Hüseyn üçün 14 əsrdir ki, ağlayırıq. Amma Hüseynin safına keçib yezidə qarşı savaşmırıq. Özümüzü döyüb, öz qanımızı axıtmağı fərasət bilirik. Halbuki yezidi döyüb, onun qanını axıtmalıyıq. Bəlkə də bunu bacara bilmədiyimiz üçündür ki, 14 əsr öncə ölmüş Hüseynə ağlayıb, yas saxlayırıq. Dünən ölən Hüseynləri heç xatırlamırıq da.
Səbəb?
Dərs almağı bacarmamağımız.
Hüseynin safında olmadığımızı etiraf edəcək cəsarətimizin olmaması.
Yezidin qarşısına çıxacaq imanımızın olmaması…
Buna görə də daha asan yolu seçdik.
Əlimizdəki qamçını öz başımıza endirib yezidə lənət oxuduq. Hüseyn üçün göz yaşı tökdük. Bir məzlum olub, zülmə uğramağa razı olduq, zülmə baş qaldırmadıq.
Çünki,
Hüseyni heç tanımadıq.
Yezidi isə sevdik. Onun oyunlarına gəldik. Dinimizi oyun və əyləncəyə çevirdik.
P.S. İldə sadəcə bir gün hər yer Kərbəla deyib göz yaşı tökən qardaşım, bacım! O göz yaşını silmək zamanı gəlmədimi?
Başı kəsilmiş qardaşının cəsədi önündə Zeynəbin ağladığını duydunmu? Duymadığından əminəm. Çünki Zeynəb ağlamadı. Sən də, mən də, bizlər hamımız Zeynəbin yezidə meydan oxumasının hekayəsini çox duyduq. Duyduğumuzu anladıqmı? Anlasaq ağlardıqmı, yoxsa ağladardıqmı?
Gəlin birlikdə ağlayaq. Göz yaşımız sel olsun. Amma Hüseyin şəhadəti üçün deyil. Zeynəbin cəsarətinin bizdə olmadığı üçün ağlayaq. O seldə yezidləri boğmaq üçün ağlayaq. 72 şəhiddən biri olmağı bacarmadığımız üçün, şəhadət şərbətini dada bilməyəcəyimiz üçün, yezidə sən yezidsən demədiyimiz, deyə bilmədiyimiz üçün ağlayaq.
Rüzgar Kəskin/azerislam.com