• 21 Dekabr 2024

Hər haqsızlıq zülmdür

Ədalətin ziddi olan zülm bir şeyi olması layiq olduğu şəkildə deyil, layiq olmadığı şəkildə etmək, haqqı lazımi yerinə qoymamaqdır.

Həmçinin zülm haqsızlıq etmək, başqasının haqqı üzərində haqsız bir göstəriş vermək və hər hansı bir mövzuda həddi aşmaqdır.  

Allah təala bir ayədə iman gətirməyənləri, Rəsulunu qəbul etməyənləri, Qurana tabe olmayanları, əmr və qadağalarına uymayanalrı, pislik edənləri “zalım” deyə adalandırmışdır.[1]

Hər haqsızlıq zülmdür. Haqsız yerə başqasının malını almaq, namusuna sataşmaq zülmdür. Yalan vədlə və ya halal olmayan hər hansı bir yolla insanların haqqını qəsb etmək zülmdür. Silahsız insanlara silah qaldırmaq zülmdür. Günah və düşmənlik etmək zülmdür. Özünü haqlı, başqasını haqsız görsərmək üçün mubahisə etmək və qarşısındakını alçaltmağa çalışmaq zülmdür. “Varlının borcunu ödəməyi gecikdirməsi zülmdür.”[2] Keçmişdə baş verən hadisələrdən ibrət almamaq da zülmdür. Zülmə səbəb və vasitə olmaq da zülmdür…

Digər tərəfdən bu dünyada zülm edənlərin qısa bir müddət rahat gəzib dolaşdıqlarına aldanılmamalıdır. Çünki Allah təala onlara tövbə edərək haqsızlıqdan əl çəkmələri üçün möhlət verir. Belə ki Rəsulullah (səs): “Heç şüphəsiz ki, Allah zalıma möhlət verər. Onu yaxaladıqda isə qaçmasına fürsət verməz.” buyurdu. Sonra da bu ayəni oxudu.

“Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!”[3]

Yuxarıdakı hədis və ayədə ifadə edildiyi kimi Uca Allah bu möhlətin sonunda onları şiddətlə yaxalayacaqdır. Bu vaxt artıq onların bir yerə qaçmaları mümkün deyildir.

Allah təala bəndələrinə qarşı mərhəmətli olduğundan günahkarları cəzalandırmağa tələsməz. Onlara zülmlərindən və pisliklərindən tövbə etmələri üçün möhlət verər. Hətta bir çoxunun cəzası  o qədər ağırdır ki, onu axirətə saxlayar. Zalımlar buna heç bir zaman aldanmamalıdırlar. Etdikləri əməllərin qazanc kimi qalacağını zənn etməməli, tez bir zamanda qəflətdən oyanmalıdırlar. Bunu bilməlidirlər ki, “Allah möhlət verər, lakin laqeyd qalmaz”. Yəni müəyyən bir müddət üçün möhlət verər, ancaq vaxtı gələndə lazım olanı edər. Bir ayədə buyurulur:

“Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar).[4]

Başqa bir ayədə isə belə buyurulur: “(Ya Rəsulum!) Allahı zalımların etdikləri əməllərdən əsla qafil sanma! (Allah) onların cəzasını yubadıb elə bir günə saxlayar ki, həmin gün gözlər hədəqəsindən çıxar.”[5]

Zülm heç bir zaman əbədi deyildir, sonu puçdur. Zülm edən kim olursa olsun, nə qədər güclü olursa olsun, hansı müasir silahlara sahib olursa olsun möhlət vaxtı bitəndə cəzasını çəkəcəkdir. Zalımların əsl acı aqibətləri isə axirətdədir. Bir ayədə zülm edənlərin cəhənnəmdə saxlanılacağı xəbər verilərək belə buyurulur: “Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!”[6]

Çox təsüflər olsun ki, bu cür zülmü yalnız qeyri müsəlmanlar deyil, müsəlmanlar da edir. O halda dərhal zülmdən tövbə edib haqsızlıq etdiyimiz insanlara haqlarını geri verməli və halallıq almalıyıq. Əks halda qiyamət günü halımız heç də yaxşı olmayacaq. Allah Rəsulu (səs) belə buyurur: “Kimin üzərində din qardaşının namusu, vicdanı və ya malıyla bağlı bir zülm varsa, qızıl və gümüşün olmayacağı qiyamət günü gəlmədən əvvəl o kəslə halallaşsın. Əks təqdirdə onun saleh əməlləri varsa, etdiyi zülm müqabilində savablarından alınıb (haqq sahibinə veriləcəkdir). Əgər yaxşılıqları yoxdursa, zülm etdiyi qardaşının günahlarından götürülərək onun üzərinə yüklənəcəkdir.”[7]

Başqa bir hədisi-şərifdə isə belə buyurulur: “Kim bir qarış boyda yerə zülmlə sahib olarsa, o yer yeddi qat altıyla birlikdə boynuna dolanar.”[8] Hədisdən başa düşüldüyü kimi haqsızlıq bir qarış da olsa, insanı zalım etməyə və şiddətli əzaba düçar etməyə kifayətdir. Zahirən bir qarış kimi görünən o torpağın altı yeddi qatdır. Zalımın nəzərindəki kiçik bir zülm əslində çox böyük və dərin yaralar açır. Torpaq xüsusunda haqsızlıq etmək insanlar arasında çox yayılan bir zülmdür. Bir qarış torpağa görə neçə-neçə canlar alınır və bir çox ailələr pərişan edilir. Ona görə Hz. Peyğəmbər (səs) bu zülmə xüsusilə diqqət çəkmiş və cəzasının şiddətli olduğunu bəyan etmişdir.

Digər bir hədisi-şərifdə isə belə buyurulur: “Qiyamət günündə haqqlar sahibinə mütləq veriləcəkdir. Hətta buynuzsuz qoyun üçün buynuzlu qoçdan qisas alınacaqdır.”[9]

Yuxarıdakı hədisdə zülmün əsla qarşılıqsız qalmayacağı, istər kiçik olsun, istər böyük bütün haqların mütləq sahiblərinə geri veriləcəyi bildirilir. Bunun daha aydın olması üçün Rəsulullah (səs) bir misal çəkmiş və buynuzsuz qoyunun onu vuran buynuzlu qoçdan haqqını alacağını bildirmişdir. Məsul olmayan heyvanlar belə, etdikləri haqsızlıqların cəzasını ödəmək məcburiyyətində qalırsa, hər hərəkətində məsul olan insan etdiyi haqsızlığın cəzasını mütləq çəkəcəkdir.

Xülasə, zalımlar bu dünyada göründükləri kimi deyil, əksinə acınacaqlı bir haldadırlar. Onlara kömək etmək insanlıq borcudur. Zalıma edilə biləcək ən böyük kömək isə onun zülmünə mane olmaqdır.

Bir gün Rəsulullah (səs)-: “Din qardaşın zalım da olsa, məzlum da olsa ona kömək et!” buyurdu. Bir nəfər: “-Ya Rəsulallah! Əgər qardaşım məzlumdursa ona kömək edərəm. Ancaq zalımdırsa, necə kömək edə bilərəm?”-deyə soruşdu. Allah Rəsulu (səs)-: “-Onu zülmdən çəkindərər, zülmünə mane olarsan. Şüphəsiz ki, bu ona kömək etməkdir”.- buyurdu.[10]                                            

Müşfiq Xəlilov  


[1] Bax, Bəqərə, 2, 229, 254; Maidə, 5, 45. Furqan, 25, 8. 

[2] Buxari, Havalat, 1, 2; İstiqraz, 12.

[3] Hud, 11, 102. Buxari, Təfsir, 11, 5.

[4] Həcc, 22, 48.

[5] İbrahim, 14, 42.

[6] Məryəm, 19, 72.

[7] Buxari, Məzalim, 10; Riqaq, 48.

[8] Buxari, Məzalim, 13.

[9] Müslim, Birr, 60.

[10] Buxari, Məzalim, 4.

Read Previous

ÇOX ÇALIŞMAQ, YOXSA DOĞRU ÇALIŞMAQ?

Read Next

DUALARIMIZ VƏ DƏSTƏYİMİZ AZƏRBAYCANLI QARDAŞLARIMIZLA BİRLİKDƏDİR