• 03 Noyabr 2024

Kainatda Təfəkkür

Bu aləmdə zərrədən kürəyə qədər nə varsa hər biri ilahi sənət xariqəsidir. Hər tərəfdə insan idrakına təqdim edilən saysız hikmət təcəlliləri ilə kainat, sanki ilahi qüdrət naxışlarının bir sərgi salonu kimidir.

Kainat yaradılışı, nizamı və ahəngi ilə düşünən insanlar üçün mühüm bir ibrət vəsiləsidir. Bunu ifadə edən bir çox ayeyi-kərimə var. Allah Təala belə buyurur:

“Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! (Bütün bunlar Rəbbinə tərəf) dönən hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik.”[1]

“(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır!”[2]

Torpağın üstündə qalan su insanlara xidmət edər. Onların qidalanmağında, təmizliyində və müxtəlif ehtiyaclarının təmin edilməsində istifadə edilər. Ona görə də bir müddət sonra kirlənər. Lakin Allah Təala onu möhtəşəm bir nizam ilə təmizləyib təkrar bəndələrinə ikram edər.

Mövlana həzrətləri suyun dəyişmə macərasını təfəkkür etməyimizi istəyərək belə buyurur:

“Saflığı, paklığı qalmadıqda, yəni bulandıqda su da bizim kimi yer üzündə kirləndiyi üçün narahat olur, çaşıb qalır… Öz-özünə fəryad etməyə və Haqqa yalmarmağa başlayır. Bu fəryadlar və yalvarışlar qarşısında Allah Təala onu buxarlaşdırıb göylərə qaldırır. Orada cürbəcür yollardan keçirərək tərtəmiz edir. Sonra da bəzən yağış, bəzən qar, bəzən də dolu halında yer üzünə yağdırır. Nəhayət onu əngin bir dənizə qovuşdurur.”

Hər mövsüm şahid olduğumuz bu təbii hadisəni nəql edən Həzrət Mövlana insana eyham yolu ilə:

“Suların göydə təmizləndiyi kimi sən də Allah Təalaya yaxınlaşaraq qəlbini bütün kirlərdən təmizlə! Beləliklə, sən də yağış kimi ol, bərəkət və rəhmət saç!” deyə təlqin edir.

Digər tərəfdən, kainatın yaradıldığı andan eti­barən davam edib gedən ahəngli seyri, heç axsamayan nizamı və iç-içə sonsuz hikmət və sirri hər şeyin tək və sonsuz bir qüdrətin əsəri olduğunu dərk etməyə kifayətdir.

Mənbə: Osman Nuri Topbaş, Kainat, İnsan və Quranda Təfəkkür.


[1] Qaf, 6-8

[2] əz-Zumər, 21

Read Previous

Ərəb dili dərsləri – səkkizinci dərs

Read Next

Vücud fabrikini işlədən kimdir?