• 23 Dekabr 2024

KÖYNƏYİNİ GÖSTƏR, KİM OLDUĞUNU DEYİM

Köynək misalı, Quranın bizə təqdim etdiyi ən gözəl qissənin [əhsəni qissas] bir hekayəsidir: Yusufun 3 köynəyinin hekayəsi. Üçü də fərqli hekayə, üçü də Yusufun köynəyi. Birin qanlı, biri iffətli, biri şəfalı…

Yusuf qissəsinə, Allah, “ən gözəl qissə“ deyir. Bu qissənin gözəlliyi hər halda Yusufun sima gözəlliyindən qaynaqlanmır. Yusuf gözəl idi, yaraşıqlı idi buna bir sözümüz yox, amma Yusuf eyni zamanda ədalət timsalı, iffət misalı, şəfqət ocağı idi.

Kiçik yaşda böyük qardaşlarının xəyanətinə uğrasa da, onları bağışlayan bir Rəsulun qissəsidir bu. Qissə gözəlliyini də buradan da almış ola bilər, özəlliyini də. Çünki bağışlamaq hər igidin hünəri deyil. Həm də kiçik yaşda sənə böyük tələ quran qardaşları bağışlamaq…
Yusuf ona edilən xəyanəti əfv edərək bəlkə də ən böyük cəzanı yaşatmışdı qardaşlarına. Bəlkə də ən gözəl örnəyi vermişdi sonrakı nəsillərə. Bizi quyuya salanlarla necə davranmalı olduğumuzu öyrətmişdi bizlərə. Həyatın quyuda bitmədiyinin, əksinə quyudan başladığının canlı örnəyi idi Yusuf. Quyudan hicrət etmənin məktəbidir Yusuf qissəsi.
Verdiyi dərs: quyudan çıxarkən intiqam üçün geri deyil də, Rəbbin hicrətinə qoşarsansa məqamın sultanlıq olar, mesajı idi.

Yusufun bir də mədrəsəsi vardı. Mədrəseyi Yusuf olan zindanı…
Yusufun zindan həyatı da örnək alınacaq bir həyatdır. Hər zaman sadəcə Allaha yönəlməyimizi xatırladan ibrətlik bir hekayədir. Yardımı Allahdan deyil, başqasından umarsansa Allah da ona səni xatırlamağı unutdurar. Mədrəseyi Yusuf “ən gözəl qissə“ olmaq üçün bəlkə də yetərlidir. Allahdan başqasından yardım istəməyin cəzasının unudulmaq olduğunu yaşayaraq öyrənən Yusufun hekayəsi…
Verdiyi dərs: Yardım sadəcə Ondan istənilir, çünki qulluq da sadəcə Ona edilir…

Amma Yusufun başqa bir imtahanı da vardı: Züleyxa. İffətlə şəhvətin hekayəsi.
Bəlkə hər iki imtahanından daha çətin olan, nəfsə daha xoş gələn, qaçınılması haradasa imkansız olan bir imtahan. Yusufun qissəsi bu qaçışın hekayəsidir: haramdan qaçışın, zinaya arxa çevirməyin, köynəyi arxadan yırtdırmağın hekayəsi. Köynəyin yırtılsa belə dönüb arxaya baxmadan qaçmanın hekayəsidir bu. Mənə görə qissə gözəlliyini də burdan alır, özəlliyini də.
Çünki,
quyudan da, zindan da daha çətin idi Züleyxa ilə olan imtahan. Züleyxa özü meyl etmişdi Yusufa. Gənc idi, gözəl idi, sevirdi, sevilmək ehtiyacı vardı. Züleyxanı qınayanlar əllərindəki bıçaqla əllərini kəsmədən anlaya bilməzdilər bu eşqi, bu tutqunu. Yusuf isə Züleyxanı deyil, Allahı düşünürdü. Qaçarkən “yardım et, ya Rəbbim! Yoxsa nəfsimə yeniləcəm“ deyirdi və arxasına baxmadan qaçırdı…
Rəbbinin yardımı zindanla yetişdi…
Züleyxaya arxa çevirdiyi anda Allaha üzünü dönmüşdü Yusuf. Qaçışı Allaha idi.
Sadəcə Zuleyxadan deyil, eyni zamanda öz nəfsindən də qaçırdı…

Bu qaçışın sonu məhbəslə bitdi. Yusuf zindana qədər qaçdı. Nəfsindən qurtulmanın yeganə yolu, məhbus olmaq idisə Yusuf məhbəsi nəfsinə yenilməkdən üstün bildi.
Kimiləri üçünsə zindan məhbəs idi, Yusuf üçün mədrəsə oldu.
Kimləri üçünsə zindan cəzadır, Yusuf üçün mükafat oldu.
Kimiləri üçünsə zindan qorxulu röya idi, Yusuf üçün sonu səadətlə bitən həqiqət oldu.

Sınandı Yusuf; qardaşla, qadınla, qazamatla…
Qazandı Yusuf, bağışlamaqla, qaçmaqla, səbr etməklə…
Məhz buna görə Yusufun qissəsi “əhsəni qissas“ ola bildi.

P.S. 1. Allah hər Rəsulunu sınadı. “Sınanmadan cənnətə girəcəyinizimi sandınız?“ deyərək bizə də xəbərdarlıq etdi. Ey iman edənlər! Sınanacaqsınız… Rəsullarımı sınadığım kimi sizi də sınayacam; xəstəliklə, sərvət və iqtidarla, övladla, Züleyxalarla… Allah, bir alaraq sınayacaq, bir də verərək. Sınağı keçənlər mükafatlanacaq. Bəlkə hekayəsi “ən gözəl qissə“ olaraq anılmayacaq, amma Yusufun məqamına yüksəlməklə mükafatlanacaq. Yusuf kimi bağışlamağı bacaran varmı? Yusuf kimi qaçan olacaqmı? Qaça biləcəklərmi? Qaçmaq istəyəcəklərmi?

P.S. 2. Yusufa həsrət, Züleyxası bol dünyada yaşayırıq. Yusufları yetişdirmək üçün Yaqub kimi bir ataya ehtiyacımız var…

Rüzgar Keskin/azerislam.com

Read Previous

DİN XADİMİNDƏN KREATİV ADDIM: QONUŞLARINA TƏRAVİH NAMAZI QILDIRIR

Read Next

MİSİRLİ MƏŞHUR QARİ TİBLƏVİ VƏFAT ETDİ