• 08 Oktyabr 2024

Məsuliyyətli bir ata ola bilmək

Uca Rəbbimizin insanoğluna bəxşetdiyi ən qiymətli nemətlərdən biri də ailədir. Çünki ailə güvənməkdir, sığınmaqdır. Yaxşı əməllər işləyə bilmək üçün bir-birinə kömək etmək, iməciliklə pis əməllərə əngəl olmaqdır. Ailə həm də, insanı gələcəyə hazırlayan ən mühim qurumdur. İnsan ilk təhsilini ailəsindən alır. Onun şəxsiyyəti ailə ocağında şəkillənir. Sevgini, sayqını, dürüstlüyü öncə ata-anasından öyrənir.

Bu səbəbdən də ailədə ana ilə birlikdə ataya da önəmli vəzifələr düşməkdədir. Atanın sorumluluğu sadəcə olaraq ailəsinin maddi ehtiyaçlarını qarşılamaqdan ibarət deyildir. Mərhəmətli, gözəl əxlaqlı, milli-mənəvi dəyərlərinə sahib çıxan bir nəsil yetişdirmək hərbir atanın birinci vəzifəsidir. Bir hədisi şərifdə Peyğəmbərimiz (səv) belə buyurmaqdadır: “Heç Bir ata övladına gözəl əxlaqdan daha qiymətli bir miras buraxmış olmaz.

Ata olmaq, Hz. Nuh (əs) kimi, övladının imanla şərəflənməsi üçün səy göstərməkdir. Onun dünya və axirət səadətini qazanması üçün çırpınmaqdır. Hz. Nuh (əs), tövhid gəmisinə minməyi rəddedən oğluna son bir ümidlə belə səslənmişdi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma! (Hud 42)

Ata olmaq, Hz. İbrahim (əs) kimi duanı dilindən düşürməməkdir. İtaətkar bir qul olabilmək üçün Allaha sığınmaqdır. Saleh bir nəsil üçün Ona yalvarmaqdır. İbrahim (əs) Rəbbinə belə dua etmişdi: (İbrahim və İsmail dedilər: ) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!” (Bəqərə 128) Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur! (İbrahim 40)

Ata olmaq, Hz. Yaqub (əs) kimi çətinliklər qarşısında mətanətli olabilməkdir. Hər nə qədər ağır olarsa olsun dünya imtahanını səbr və təvəkkül ilə qarşılamaqdır. Övladına həmişə sevgini, mərhəməti, ədaləti və şəfqəti aşılamaqdır. Səhv işlər gördükdə onları uyarmaq, ama heçbir zaman onlardan ümidini kəsməməkdir. Hz. Yaqub, qısqançlıqları səbəbi ilə qardaşları Hz. Yusuf (əs)-ı quyuya atan övladlarına belə səslənmişdir: Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!” (Yusif 18)

Ata olmaq, Hz. Loğman (əs) kimi övladına şəfqətlə öyüd verməkdir. Ona doğrunu və yanlışı, haramı və halalı öyrətməkdir. Hz. Loğman (əs), oğluna bu gəzəl nəsihətləri etmişdir: (Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)” (Loğman 13) Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir! Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir! (Loğman 13, 17-19)

Ata olmaq, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz (səv)-in izində gedə bilməkdir. Allah Rasulu (səv), nümunəvi bir ailə atası idi. Övladları arasında heçbir ayrı seçkilik etməzdi. Qızı Fatiməni görüncə ayağa qalxar, əlindən tutar, şəfqətlə öpər və Onu öz yerində otuzdurardı. O, sadəcə öz övladlarına deyil, bütün uşaqlara gözəl davranardı. Peyğəmbərimiz (səv)-in tərbiyəsində böyüyən Hz. Enes (ra), Ondan belə bahs edərdi: “Rasulullaha on il xidmət etdim. Vallahi mənə bir dəfə də olsun “Öf!” belə demədi.”

Övladlarımız bizdən şəfqət, qayğı və mərhəmət gözləməkdədirlər. Onların bizlər üçün nə qədər də dəyərli olduqlarını onlara hiss etdirməyimizi istəməkdədirlər. Həyatı öyrənərkən, onlara gözəl bir nümunə olmağımızı arzu etməkdədirlər. Elə isə gündəlik həyatın çətinlikləri ilə üzləşdiyimiz zaman övladlarımızı ehmal etməməliyik. Dininə, vətəninə və bütün insanlığa faydalı nəsillər yetişdirmək üçün hər cür fədakarlığı göstərməliyik. Övladlarımızı sevgimizdən, qayğımızdan və duamızdan məhrum buraxmamalıyıq.

Read Previous

İNSANIN FİTRƏTİ DƏYİŞƏ BİLƏRMİ?

Read Next

QURANA DƏSTƏMAZSIZ TOXUNA BİLƏRİKMİ?