• 21 Dekabr 2024

MEHMET GÖRMEZDEN KORONAVİRUS XƏBƏRDARLIĞI – 1

Türkiyənin sabiq Diyanət işləri başqanı, İslami Dşüncə İnstutunun sədri Prof. Dr. Mehmet Görmezin koronavirus təhlükəsinə qarşı videomüraciəti yayılıb.  “Koronovirus üzərindən müsibətləri oxumaq” və “İslamda çətin günlərin əxlaqı” başlıqları altında hazırlanan 2 videomüraciət xüsusi olaraq Türkiyə, ümumi olaraq dünya müsəlmanlarına ünvanlanıb.

İlk müraciətdə Mehmet Görmez, bu fəlakətləri necə başa düşməliyik? Bu bir ilahi əzabdırmı, yoxsa rəhmətdirmi? Bəzilərinin iddia etdiyi kimi qiyamətdirmi, yoxsa ibrətdirmi? və s. bu kimi suallara Quran ayələrinin və Peyğəmbər (SAV) hədislərinin işığında cavab verib.

Tarixdəki yoluxucu epidemiyalardan örnəklər verən Görmez, bu gün yaşananların əvvəlkilərdən fərqli olduğunu bildirib. İnsanlığın ən güclü olduğu, elm və texnika sahəsində inqlablar yaşandığı, bütün dünyanı yox edəcək kimyəvi silahların istehsal edildiyi, nano texnologiya ilə insanların yeni gələcək hədəflədiyi, tibbin və dərman sənayesinin pik həddə çatdığı, ölümsüzlüyün çarəsinin axtarıldığı, kosmosda həyat axtarıldığı bir vaxtda, həmçinin təkəbbürün və azğınlığın yayıldığı bir dünyada ancaq mikroskopla görünən bir mikrobun qarşısında bəşəriyyətin çarəsiz qalmasının ibrət verici olduğunu deyib.

Yaşanan problemin sadəcə səhiyyə məsələsi olmadığını deyən Görməz, alimlərin, fəlsəfəçilərin və din xadimlərinin bu mövzunu öz mövqelərindən dəyərləndirdiyini deyib. Sədr bildirib ki, tarixdə qorxuları məğlub etmək, təşvişləri zərərsizləşdirmək, ölüm qorxusunu aşmaq sadəcə dinin verdiyi yüksək məna ilə mümkün olmuşdur.

“Əziz dostlar!

Əlbəttə əl açıb böyük Yaradana yönəlmək, Ona dua edib yalvarmaq çox önəmlidir. Günümüzün bir vaxtını hökmən ailəmizlə birlikdə Allaha yalvarmağa ayırmalıyıq. Amma ən məqbul dua tətbiqi duadır. Bu gündən etibarən dualarımızı böyük bir yaxşılıq hərəkatına çevirək. Bu çətin günlərdə ev və mağaza sahiblərinin kirə pulunu verə bilməyən qardaşından pul götürməməsi ən böyük duadır. İş sahibinin işə gəlməyən işçisinə maaş verməyə davam etməsi ən böyük duadır. Bir kimsənin kasıb qonşusuna ərzaq alması böyük duadır. İlahi rəhməti cəlb edəcək, bəla və müsibətləri uzaqlaşdıracaq ən böyük dua, bu çətin günlərdə yardım səfərbərliyi başlatmaqdır, hamının bir-birinə yaxşılıq etməsidir. Sözlərimizi həzrəti Əyyub peyğəmbərin duası ilə yekunlaşdırıram: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!” (Ənbiya-83)” – deyərək Mehmet Görmez müraciətini bitirib.

Mənbə: www.islamveirfan.com

Read Previous

Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?

Read Next

MÜSƏLMAN DEPRESSİYAYA DÜŞƏRMİ?