• 22 Dekabr 2024

NAMAZ VƏ ZƏKAT

Namaz və Zəkat iki əkiz qardaş. Əkiz çünki, Quranda cüt səslənirlər, bərabərdirlər, vəhdət halındadırlar. Ruh və cism kimi…

“Qurandan sizə müyəssər olanı oxuyun, namaz qılın və zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün verdiyiniz xeyirlərin, Allah qatında daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmanızı diləyin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir” (Muzzəmil, Örtüb bürünən, 20)

Namaz və Zəkatın adı Kərim olan Quranımızda 34 dəfə birlikdə səslənir.

Namaz və zəkat…Namaz ruhu təmizləyir, zəkat cismin istifadə etdiyi malı təmizləyir. Namazla ruhunu qidalandırmaq həzzini ala bilən, zəkat verməklə malın artmasını yaşayacaq…
Zəkatın lüğəti mənası böyümə, artma anlamına gəlir… Əkin böyüdü deyə məna verən zəkat yalnız bitkilərə deyil, mala da aid edilir. Zəkat həm də əkiz qardaşı namaz kimi təmizlənmə mənasını da verir. Artma anlamı daşıyan zəkat həm malın artmasına işarə edir, həm də insanın savabının. Zəkatın bu mənasını açıqlayan bir çox ayə və hədislər də mövcuddur. Hədislər həm də zəkatın insanın nəfsini hərislik, simiclik, acgözlülük kimi kirlərdən təmizləyəcəyinə, günahlardan paklayıb təslimiyyatını artıracağını da ifadə etmişdir. Namaza yol dəstəmazdan başlayır, zəkata isə halal qazancdan.

Dəstəmazsız namaz olmayacağı kimi, halaldan olmayana zəkat da yoxdur. Çünki dəstəmaz da bir əmr, halallıq da bir əmr. Dəstəmaz təmizlik, halallıq- təmizlik… Ruhi və cismi. Yaradan hər şeyi cüt yaratmışdır. Ağ və qara, qadın və kişi, yer və səma. Hər bir cütlük öz davamını, təkamülünü bir-biri ilə vəhdətdən qazanır. Ağ və qara – rənglər doğulur, qadın və kişi -insan nəsli davam edir, yer və səma-dünya həyatı var olur… Ruh və cism kamilliyə aparan yolda vəhdət halında çalışmalıdırlar. Ruhi arınma və cismi arınma halında ruhun qidası nur, nurun sahibi Yaradan Allah, torpaqdan yaranan cismin qidası maddiyyat, torpaqdan yaranan mal və mülk. Mal və mülkün sahibi Allah. Kamiliyə aparan yol səni Yaradan Sahibinin əmrinə tabe olmaq və sonunda həqiqi sevgiyə və xoşbəxtliyə nail olmaq lütfünə çatdıracaq. Ey Adəm övladı, sən sevgidən yarandın və həqiqi xoşbəxtlik sənin nəsibindir. Elə isə səni sevən və xoşbəxtliyin yollarını göstərən Rəbbinə təslim ol və “Ümmətim, ümmətim” deyərək səni gözləyən Rasulallahla görüşə tələs. Necəmi? arınaraq, təmizlənərək, sevərək, Onun əxlaqı ilə əxlanaraq, kamilləşərək.

“O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdaır. Allah Sizi Öz əzabımdan çəkindirir,çünki Allah bəndələrə qarşı mərhəmətlidir! De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir!”Söylə: “Allaha və Peyğəmbərinə itaət edin! əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!” (Ali-İmran,30-32)

Tələs… Zaman tələsir. Sabahdan öncə bu gün var. Bu gün də bu an, bu saniyədən başlaya bilər. Düşün: Namaz, Zəkat, Ramazan, Oruc. Ramazan bir fürsətdir. Təmizlənmək üçün… Oruc da təmizləyəndir. Təmizlən… namazla, zəkatla, orucla, Ramazandan istifadə edərək. Təmizlən və Yaradan Allahın üfürdüyü təmiz, almaz kimi saf Ruhunun qəlbinin üzərində fəthinə yardım et…

Namaz qoruyursa, zəkat da qoruyucudur, namaz qalxandır, düşməndən qoruyan bir qalxana bənzər qalxandır. Oruc da bir qalxandır. Demək zəkat da qalxan kimi qoruyur… Yarım xurma ilə də olsa atəşdən qorunun. Yarım xurma atəşdən necə qoruyur? Çox sadə… Yaradanın və Allah aşiqi olan Rasulun paylaşın əmrinə tabe olmaqla. İman, namaz və Allah yolunda xərcləmək – atəşdən qorunmağa bir vəsilə…

Namaz pisliklərdən təmizləyir, zəkat da malı təmizləyir. Təmiz ruh və təmiz cisim. Allah da təmizlənənləri sevir…
Namaz niyyətdən başlayır. Zəkat da niyyətdən başlayır. Oruc da. Yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım diləyirik, Bizi doğru yola yönəlt…Yalnız Allah üçün, kimsə üçün deyil… Pak niyyətdən uzaq olan namaz sahibinin bədən hərəkətlərindən başqa bir nəsibi yox, kiminin orucdan qazanacağı aclıq və susuzludan başqa bir şey deyil, kiminin malı müsibətlərinə vəsilə…

Allahım, Sənə sığınırıq… Hər ibadətimizdə saleh niyyət sahibi olmamaqdan Sənə sığınırıq. Hər niyyətimizdə doğru istiqamət götürüb Sənə tərəf yönəlməyə yardım et. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən yardım diləyirik. Bizi doğru yola yönəlt. Allahu Əkbər deyibən bütün dünya həzzlərindən uzaqlaşaraq, təmizlənərək Sənə ucalmağa yardım et.
Namaz və zəkatın əkiz olması nə böyük hikmət! Düşün: Hər kəsə bərabər surətdə Namaz və Zəkat əmr olunur. Demək, namaza gücün yetdiyin qədər zəkata da gücün yetəcək. Özünü kasıb belə adlandırsan. Çünki, sənin biliyin var, qabiliyyətin var, mütləq Allahın öyrətdiyi nəyəsə sahibsən, ən azından təbəssüm… Olanından, sənə verilən nemətlərdən sədəqə ver, zəkat ver.

Namazın hissələri var. Ruku və səcdə kimi. Zəkatın da hissələri var. Sədəqə və fitrə kimi. Bir təbəssümdən sədəqə ver. Sevgidən payla. Namaz əmrinə tabe olan qul, qəlbindəki Allah sevgisi ilə paylaş. Sevgin təmizlənəcək, artacaq. Artaraq Vədud Allahın Sevgi dənizində doymadan üzəcəksən.

İslam vəhdət dinidir. Hər şeyi vəhdətdə görür. İslam səni yalnız gözəl axirətə çağırmır. Bir müsəlman kimi bu dünyanı da gözəlləşdirmək sənin borcun. Bu dünyada Cənnət yaradanlar, Cənnətə çatacaqlar. Dünyan və axirətin. İslam səni bunları bir arada görməyə çağırır. Müəllimimiz Allah Rasulunun ifadəsiylə Zəkat islamın körpüsüdür. Körpü… Axirət və dünyanı, fani və əbədini, maddə ilə mənəvini, kasıbla dövlətlini, Allahla qulu birləşdirən körpü. Zəkat zəngin birinin malını kirdən təmizlədiyi kimi, kasıbın da qəlbini kindən təmizləyir. Beləcə, cəmiyyətin iki qolu bu körpü vasitəsilə sülhə qovuşur. Zənginin qəlbi mərhəmətlə dolaraq, Mərhəmətli Allahın sevgisinə nail olur, kasıbın da qəlbi zənginə hörmət və məhəbbətlə dolaraq, şükranlığı artar ki, şükr edənləri Sevən Allahın sevgisinə nail olar. Bir cəmiyyətin hüzura çatmasının və səadəti üçün şərt olan ictimai sülhün başqa bir yolu mümkünmü? İnsanların qəlbini hüzura aparan namaz və cəmiyyəti hüzura aparan zəkat. Müsəlmanları hüzura, birliyə aparan Ramazan. Ramazan -Allaha aparan vəhdət yolu.

Nədən təravihlər Ramazanda, zəkatlar Ramazanda, oruc Ramazanda. Ramazanımız sən nə böyük Sultansan!
Uca Allahımız, səxavətli Rabbimiz, yaratdıqlarını Sevən və daima onların gözəlliyə yönəlməsini istəyən, bu məqsədlə də müxtəlif yollar var edən Ucalardan uca Mövlamız onun razılığını qazanmaq üçün edilən ibadətləri Özünə bir borc kimi qəbul edir və geniş xəzinəsinin qapısını açaraq qulunu qat-qat artıqlamasilə mükafatlandırar.

Ya Rabbim, Sən, Sən Ucalardan ucasan, İbadət olunmağa da, qarşısında heyranlıqla səcdəyə gediləcək həqiqi Varlıq da yenə Sənsən. Allahım, yardım et bizə. Yardım et Ramazan ayımızda, orucla, namaza, zəkatla, sədəqələrlə təmizlənməyə, qorunmağa, nəhayət pak və almaz kimi bir ruhla Sənin qarşına çıxmağa. Bizi əfv et, Səni layiqincə tərif edib tanıya bilmədiyimizdən dolayı. Rasulun Səni gözəl tanıdı və sevdi, eşitdi və təslim oldu. Bizlərə də Səni belə sevdirdi. Və belə öyrətdi: “Allah üçün sədəqə verdiyiniz mal, sizin öz malınızdır, yerdə qalan mal sizin deyil, varisindir. Belə ki, verilən sədəqə malı azaltmaz, bərəkətləndirir“

Namaz və zəkat. Namazın zirvəsi səcdə. Səcdə heyranlıqla dolu Rukudan doğulan sevgi göstərişi. Səcdə ali eşqin göstəricisidir. Zəkatın zirvəsi də sevgidir. Allah qorxusundan deyil, Allah sevgisindən paylaşmaq. Qəlbi sevgi ilə qaynayan biri çox gözəl anlayır ki, verdiyi şey onun özünün etdiyi bir yaxşılıq deyil, üzərində kasıbın haqqıdır. Allah zənginlərin malı üzərində kasıblara haqq ayırmışdır. Bu haqqı verirkən, nə zəngin qürurlanmalı, nə də kasıb əzilməlidir. Çünki mal-mülkün həqiqi sahibi Allahdır. Allah bəzi insanları öz malı üzərində vəkil qoymuşdur. Malın görünən sahibi, həqiqi sahibinin əmrini unutmazsa, Sevdiyi Rabbinin əmrini sevə-sevə yerinə yetirər və huşu ilə qıldığı namazdan aldığı zövq kimi bir zövq alar, vəzifəsini yerinə yetirdiyi üçün qəlbi hüzurla dolar. Allahı sevən qulun cibində əqrəb yoxdur, qorxmadan əlini cibinə salaraq Allahın verdiyi hər şey ilə paylaşır və xəzinəsi geniş olan, daim bəxşişlər verən Vəhhab Allahın sevgisinə ucalar.
“Həqiqətən, Rabbim bəndələrindən istədiyinin ruzisini bol edər, azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır.” (Səba, 39)

“De: Ey mülkün Sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! Gecəni gündüzə, gündüzü gecəyə bükürsən. Ölüdən diri, diridən ölü çıxararsan.İstədiyin şəxsə saysız – hesabsız ruzi verərsən” (Ali – İmran,26,27)

Inanmaq, namaz qılmaq, Allah yolunda xərcləmək… İslam binasının üzərində durduğu üç bünövrə. Ey Adəm övladı, bu dünyadan köçüb getdikdən sonra malın insana faydası yoxdur. Unutma verdiyin sənindir. Malının faydasını dadmaq istəyənlər onu Allah yolunda sevərək, sevinərək xərcləyirlər. Tələs… Hər gününü bir Ramazan et. Zəkat verərək, təmizlənərək, pak halda bayrama hazırlaş. Fitrə və Ramazan ayı. Bayramda sevinmək üçün ətarafındakı ehtiyac içində olanlara baxmalı, onları sevindirməlisən. Hər gününü bir Ramazan, hər gecəni bir Qədr etməyə çalış ki, qarşıdakı hər günü də bayram yaşayaraq sevinəsən. Allahın sevdiyi qullarını sevindir ki, Allah da səni hər iki dünyada sevindirsin. Tələs, bacı və qardaşlarının dərdləri ilə dərdlənməyə tələs… Dinlə, gör, Allahın sevimli qulu bizə nə miras qoymuşdur… “Fitr sədəqəsi, oruclunun yanılaraq söylədiyi yanlış, çirkin sözlərdən təmizləyir, kasıblara bir ruzi olur.Kim onu bayram namazından əvvəl vermiş olursa, özü üçün məqbul bir sədəqədir, kim onu bayram namazından sonra verirsə, o da onun üçün normal sədəqədir ”

Ey Adəm oğlu, tələs Ramazan ayında və hər zaman imkansızlara süfrə açmaqla onların şükranlıqlarını artırasan ki, mal – mülk sahibi Səndən razı olsun.

Müəllimimiz olan Allah Rasulundan daha gözəl kim bilir həqiqəti? Muhamməd sevərlər, onun hər kəlməsini inci kimi qoruyurlar. Zatən Müsəlman üçün həqiqi inci sözdür. Allah Rəsulu bizi belə öyrətmişdir:

Mallarınızı zəkatla qoruyun, xəstələrinizi sədəqə ilə müalicə edin. Bəlaya dua ilə qarşı durun.
Malının zəkatını verdinmi, üzərindəki borcu ödədin deməkdir.
Sədəqə malın miqdarını azaltmaz, artırar.
Malınızın zəkatını verməyiniz, İslamınızı tamamlar.
İslamınızın kamalı zəkatın ödənməsilədir.
Zəkatı ödəyən, müsafirə qulluq edən, müsibətdə olanlara verən simiclikdən xilas olar.
Allah zəkatını ödəməyən birinin namazını qəbul etməz, ta ki, ikisini birlikdə edincəyə qədər. Belə ki, Yaradan Allah namazla zəkatı birləşdirmişdir, siz aralarını açmayın.
Allah imanı və namazı ancaq zəkatla qəbul edər.
Kimin zəkat verəcək malı yoxsa belə deyərək dua etsin: “Allahım, qulun və elçin Muhammədə, mömin kişilərə və mömin qadınlara, müsəlman kişilərə və müsəlman qadınlara salat, rəhmətnəsib et.” (Allahummə salli ala Muhamədin abdikə və Rasulikə və alalmuminine vel muminat vel muslimine vel muslimat)… Bu söz onun üçün zəkat yerinə keçər.
Əgər zəkatını versən, üzərindəki borcu ödəmiş olarsan. Kim haram malı toplasa, sonra da tamamilə sədəqə vermiş belə olsa, o maldan özünə bir savab çatmaz. Üstəlik vəbalı da üzərində qalmış olar.

Allahım, haramdan Sənə sığınırıq.
Ey bacım və qardaşım, unutma Zəkat əmri Məkkə surələrində yer alır. Bu o deməkdir ki, namaz kimi nübüvvətin ilk məşəqqətli illərində, Peyğəmbərə və bir ovuc təslim olmuş müsəlmanlara artıq əmr olunmuşdu Zəkat. Qəlbi iman və inam sevgisilə dolu olan hər insan üçün namaz və zəkat insanlıq vəzifəsidir. Bu gün mənim üçün hələ tezdir, deyib zamanını öldürərək intihar etmə, bacarmıram deyib səviyyəni, qiymətini azaltma. Övladlarını diri diri basdıran bədəvi insanlar eşitdilər və təslim oldular. Sənə həyat verənə təslim ol!

“Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, Sənin dərgahına qayıdacağıq!” (əl-Bəqərə,285)

Təslim ol və kamilliyə tələs.

Tərtib etdi: Yeganə Mirzəyeva / Azerislam.com

Read Previous

LAÇIN RAYONUNUN İŞĞALINDAN 28 İL ÖTÜR

Read Next

QƏDR GECƏSİ NƏ VAXTDIR?