• 23 Dekabr 2024

Necə dua edək ki, Allah qəbul etsin?

Ərhamurrahimin (Rəhman və Rəhmli) olan Rəbbimiz: “Mə­nə dua edin, Mən də sizin dualarınıza cavab verim!” (“Ğafir” surəsi, 60) məallı ayədə ilahi dərgaha yönələn yalvarışları cavabsız qoymayacağını bəyan edir. Amma müəyyən şərtlərə riayət duanın qəbul ehtimalını gücləndirir. Dualarımızın Allahın izzətli dərgahında məqbul olması üçün müəyyən məqamlara diqqət yetirməliyik:

Birincisi: hər şeydən əvvəl Allahın böyüklüyü qarşısında kiçikliyimizin, acizliyimizin fərqinə vararaq boynumuzu büküb tə­vazö və ixlasla Ona əl açmalıyıq. Allahın başımıza yağdırdığı saysız-hesabsız nemətlər və lütflərlə müqayisədə iba­dətlərimizin, xeyirli və yaxşı əməllərin heçliyini etiraf edib günah­ və qüsurlarımız üçün əfv diləyərək Onun hüzurunda diz çökməliyik. Əgər camaat halında deyil, tək dua ediriksə, o halda ya ürəyimizdə, ya da ancaq yavaş səslə Rəbbimizə yalvarmalıyıq. Duaya Allaha həmd-səna etmək, Peyğəmbərimizə, Onun ailə və əshabına salət-salam gətirməklə başlamaq və salət-salamla bitirmək də duanın ədəbindən sayılır.

İkincisi: Allahdan bir şey istəyərkən Onun diləyimizi yerinə yetirəcəyinə tam inanmalıyıq. Bu baxımdan zərrə qədər də şübhəmiz olmamalıdır. Çünki O, aləmlərin Rəbbidir. Onun gücü hər şeyə yetər. Peyğəmbərimiz bir hədisində buyurur: “Yer üzündə günah işləmək və qohum-əqrəba ilə əlaqələri kəsməklə bağlı istəklər istisna olmaqla Allahdan bir şey istəyən elə bir müsəlman yoxdur ki, Allah ona dilədiyini bəxş etməsin. Və ya ona dilədiyi şeyə bərabər bir günahını bağışlamaqla cavab verməsin”. (Tirmizi, Daavat 126)  Bu hədisdən də anlayırıq ki, mərhəmət və əfvi sonsuz olan Rəbbimiz qullarının heç bir duasını cavabsız qoymur. Ya olduğu kimi, ya da daha xeyirli şəkildə qəbul edir. Bəzən qul fani dünyası üçün bir şey istəyir, Allah-Təala isə onun axirəti üçün daha yaxşı olanı verir.

Üçüncüsü: Allahdan məşru çərçivədə (şəriətə uyğun, haram olmayan) kiçik-böyük hər şey istəyə bilərik. Səhabələr itirdikləri ayaqqabı bağını tapmaq üçün belə Allaha dua edərmişlər. Ancaq “Rabbənə ətinə fid-dunya hasənətən və fil-əxirati hasənətən və qinə azəbən-nər” (Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də yaxşılıq və gözəlliklər lütf et və bizi cəhənnəm əzabından qoru!) kimi dərin məzmunlu və əhatəli dualarla Allaha yönəlmək daha məqbuldur.

Dördüncüsü: elə vaxt və məkanlar var ki, o vaxt və məkanlarda edilən dualar daha məqbul sayılır. Namazdan sonra, xüsusən, sübh namazından sonra, cümə günü, xüsusən, cavab verilmə (ica­bət) saatı, üç aylar, xüsusilə, ramazan ayı, mübarək gün və ge­cə­lər, ələlxüsus, min aydan daha xeyirli olan Qədr gecəsi belə qızıl vaxtlardır. Məscidlər, camilər, xüsusən, Məscidül-Aqsa, Məs­cidi-Nəbəvi, Kəbeyi-Müəzzəmə kimi müqəddəs məkanlarda edilən duaların da ayrı yeri vardır.

Beşincisi: duada israrlı olmaq lazımdır. Maddi və ya mənəvi ehtiyaclarımız üçün bir neçə dəfə dua edib, sonra da: “Allah duamı qəbul etmədi”, – deyərək vaz keçmək olmaz. Xəstəlik, mü­sibət və ehtiyacların olması eyni zamanda onlar üçün dua vaxtının çatması deməkdir. Dua etsək də, dərdimizə dərman tapılmasa, “demək, duanın vaxtı hələ qurtarmayıb” deyib duaya davam etməliyik. Xüsusən də, Allahın razılığını qazanmaq, rəhmət və məğfirətini (əfvini) diləmək, iman və Quran istiqamətində yaşamaq, nəfs və şeytandan qorunmaq kimi xüsuslarda bir anı da duasız keçirmək olmaz.

Altıncısı: Müsəlmanın müsəlman qardaşı üçün etdiyi dualar da məqbul dualardandır. Peyğəmbərimiz bir hədisi-şərifində: “Bir Müsəlman din qardaşına qiyabi dua edərsə, mələk də “Onun üçün istədiyinin bir misli də sənə olsun” deyə ona dua edər,” – buyurmuşdur. (Müslim, Zikr 86, 88/Əbu Davud, Salət 364)

Yeddincisi: qövlü (sözlə etdiyimiz) dualarımızı feli (iş, davranış, hərəkətlə edilən) dualarla dəstəkləməli, qüvvətləndirməliyik. Allahdan cənnəti istəyən adamın cənnətə aparan yolda addımlaması feli duadır. “Allahım, Səndən Firdövs cənnətini istəyirəm,” – deyə dua edən bir adam əgər müntəzəm olaraq yalan danışır, insanları aldadır, fitnə-fəsad çıxarır, oğurluq, zülm edirsə, deməli, duasında səmimi deyil. Dünyaya aid ehtiyaclar üçün də eyni şeyi söyləyə bilərik. Uğur qazanmaq istəyən planlı və sistemli işləməli, xəstəliyə tutulan  həkimə getməli, dərmanlarını düzgün qəbul etməli, sonra da Rəbbinə dua etməlidir. Bu, eyni zamanda Allaha qulluğun və sayğının tələbidir.

Səkkizincisi: dua bir ibadətdir. İbadətlərdə əsl məqsəd isə Allahın rizasını qazanmaqdır. Belə ki, namaz ruh və bədən sağlamlığı baxımından çox faydalı olsa da, səhhətə və mənəviyyata görə qılınmır, sırf Allahın əmri olduğuna görə qılınır. Bunun kimi dua da Rəbbimizin bir əmridir.

Dünyəvi məqsədlər duanın qayəsi deyil, vəsiləsi və vaxtıdır. Biz o vəsilələrdən istifadə edərək həmin vaxtlarda Allaha yönəlir, çoxlu dua edib yalvarırıq: “Ey bizim Kərim Rəbbimiz, Sən bizi bizdən daha yaxşı tanıyırsan. Ola bilsin ki, biz Səndən əsl istəniləsi şeyi diləmirik. Sən bizə dünya və axirət həyatımız üçün ən xeyirli nədirsə, onu lütf et. Bilərək və ya bilməyərək işlədiyimiz günahları bağışla. Bizə bütün aləmləri əhatə edən mərhəmətinlə müamilə et[1]”.

Xalis qulluq məhz bu səmimi yalvarışlardır. Rəbbimiz bizi bu qulluq şüuru ilə sərəfraz etsin

Mənbə: meneviyyat.az

Read Previous

Səxavət

Read Next

Hikmət nədir?