• 23 Dekabr 2024

ORUC TUTMAQ ÖZÜNÜ TUTMAQDIR

Ey oruc: Gəl bizi tut!

Müasir şəhərlər, acından ölmüş ruhlar qalereyasıdır.
Cazibədar bədənlər, ölü ruhlara tabut olub.
Quran onları “geyindirilmiş odunlar” adlandırır.
Ruh üçün, ‘ölüm’ bir məcazdır. Ruhlar ölməzlər. Zatən, ölüm dediyimiz şey forma dəyişdirməkdən başqa bir şey deyil. Ölüm yoxluq deyil, ölüm yer dəyişdirməkdi. Bu nöqteyi-nəzərdən baxınca ruhun ölümündən bəhs etmək, eynilə ruhunu itirmiş cansız bir cəsəd kimi, həyatı cansızlaşdıran bir ruh yerdəyişməsindən bəhs etməkdir. Yalnız yerdəyişməsindən deyil, eyni zamanda “intiharından”da.

Ruhu acından öləcək qədər ac-susuz buraxmaq, əlbəttə ki, bir intihardır. Fiziki bir intiharın nəticəsi cəsədi məzara gömmək, mənəvi bir intiharın nəticəsi isə ruhu cəsədə gömməkdir. Ruha məzar qılınmış bir cəsədin, yeməkxana, yataqxana, dəstəmazxana və iş arasında gününü bitirməyə razı olmaqdan başqa çarəsi yoxdur. Belə birinin həyatdan anladığı, eyni dünyanı paylaşdığı digər canlılarla ortaq olan bioloji həyatdır. Belə bir həyatın mənası yoxdur. Çünki dünya ilə məhduddur. Zatən, cəsəd tabutunda ruhun cənazəsi yalnız axirəti olmayan tək dünyalı bir həyat anlayışı ilə daşınar. Elə olmasaydı bir insan cəsədini ruhunun məzarı etməyə razı olardımı?
Bu dəhşətli aqibətin qarşısının alınmasının yolu ruhun aclığını idrak etmək, özünü dərk etməklə mümkündür. Yalnız özündə olanlar ruhların da acacağını və susayacağını idrak edərlər. Mədənin aclığını beyinə fermentlər xəbər verir. Sahibini xəbərdar edərək onu qidalanmaq üçün hərəkətə keçməyə yönəldir. Yəni fermentlər, bir növ daxili “rəsul”, yəni “elçi”dirlər. Onlar olmasaydı, insan öz aclığından xəbər tuta bilməzdi.

Allahın Rəsulları da olmadan insan ruhunun aclığından xəbərdar ola bilmir. Onlar bir ruh fermenti vəzifəsini icra edirlər. İnsana ruhunun aclıq və susuzluğunu xəbər verirlər. Onu, ruhun qidasına yönəldirlər. Onu, ruhu var edən və Öz əmrində tutan Allahın təchiz etdiyi mükəlləf “göy süfrəsinə” dəvət edirlər. O süfrə isə vəhydir.

İnsanoğlu, nəyi yeyincə həyat tapacağını, nəyi yeyincə həyatının qaralacağını o süfrəyə baxaraq öyrənir. Varlığı, həyatı və özünü o süfrəyə nisbət edərək oxuyur. O süfrəyə baxıb, süfrənin sahibi və özü haqqında məlumat əldə edir. Ruh, ağıl, iradə, şüur, idrak və inancın necə bəslənib böyüdüləcəyini, necə mühafizə ediləcəyini o süfrədən öyrənir.
Göy süfrələrinin tacı olan Quran vəhyi Ramazan ayında endirildiyi üçün o, ayların sultanı oldu. Vəhyin doğum ayının oruc surətində qeyd olunmasının hikməti ruhların da acacağını, hətta aclıqdan qırılacağını xatırlatmaqdır.
Ruhun aclığını dərk edən, həyatın cansızlaşmasına razı olmaz.
İnsanın cansızlaşmasına razı olmaz.
Özünün cansızlaşmasına razı olmaz.
İnsan, aç ruhunu doydurmaq üçün doğru qidalanmağın yollarını və qaynaqlarını axtarar. Bu axtarış onu öz daxilinə yönəldər, öz ürəyinin qapısına gətirər. Bütün məsələ də bundadır. Modern həyat, bütün ünsürləri ilə insanın özündən uzaqlaşması istiqamətində inşa edilib. Təhrikedici cazibəsi ilə insana özünü unutdurmağı qarşısına məqsəd qoyub. Özünü unudan insan özünü tuta bilməz. Özünü tuta bilməyənin özünü itirməsi alın yazısı, qədərdir.
Oruc tutmaq, məhz buna görə özünü tutmaqdır. İnsan nə ziyan əməl işləyirsə özünü tuta bilmədiyi üçün işləyir. Tuta bilmədiyi dilinin cəzasını, tuta bilmədiyi əlinin cəzasını, tuta bilmədiyi nəfsinin cəzasını, tuta bilmədiyi instinktlərinin cəzasını, tuta bilmədiyi hirsinin cəzasını çəkməkdədir.
Özünü tutmaq, özünün tərəfində olmaqdır. Məlumdur ki, özünü tutanı Allah da tutar. Özünü tutmayanı, Allah niyə tutsun ki? Özünü tutmaq üçün özünə yönələnin, daxili dünyasında ilk qarşılaşacağı Zat, ona şah damarından daha yaxın olandır. Onun fərqinə vardığında, fitrətindəki qul olmaq, qulluq etmək ehtiyacının həqiqi ünvanını tapacaq. Bu onu qula və nəfsinə qul olmaqdan qoruyacaq.

İslam, məhz bunun üçün insanlığın ilk və son sığınacağıdır. Çünki insan-ı kamil [insan-ı mükəmməl deyil] yetişdirmək potensialını daşıyır. Ancaq İslam, insanın cansızlaşmasının qarşısını ala bilər. Kafirlər istəməsə də, bu belədir. İslam var olduğu müddətcə, həyata dair ümidlər daima var olacaq. Həyatı daxildən müdafiə edənlər həmişə var olacaq.
Müsəlman cəmiyyətə döyüş elan edən və Müsəlmanları terörizə edən hakim güclər, İslamın ruhunu qurtarmaqdan danışırlar. Bu çirkin bir ikiüzlülükdür. İnsanlığın ruhuna təcavüz edənlərin, İslamın ruhunu qurtarmaqdan danışmağa haqları yoxdur. Qaldı ki onlar, insanı cansızlaşdıran bir ənənənin varisidirlər. Qurtaracaqlarsa, əvvəl öz ruhlarını qurtarmalıdırlar. Allah üçün oruc tutan tək bir Müsəlman olduğu müddətcə, İslamın ruhu yaşayacaq.
Ey oruc: Gəl bizi tut!

Hazırladı: Əlif / Azerislm.com

Read Previous

MİSİRLİ MƏŞHUR QARİ TİBLƏVİ VƏFAT ETDİ

Read Next

Ərəb dili dərsləri – altıncı dərs