• 26 Dekabr 2024

PANDEMİYA DÖVRÜNDƏKİ DİNİ HÖKMLƏR – 1

Dünyanı çulğalayan kovid-19 adlı koronavirus nəticəsində insanların gündəlik həyatında məcburi şəkildə bir sıra dəyişikliklər meydana gəldi. Əvvəla qeyd edək ki, sözügedən bu yoluxucu xəstəliyi insanlar müxtəlif formada, hər biri öz dünya görüşü çərçivəsində qiymətləndirdi. Belə ki, kimisi tarixin müəyyən vaxtlarında oxşar yoluxu xəstəliklərin ortaya çıxdığı reallığını nəzərə alaraq təbii olduğunu, kimisi qəsdən labaratoriyada hazırlandığını, kimisi ümumiyyətlə, belə bir yoluxucu virusun olmadığını və tamamilə uydurma olduğunu, kimisi də Uca Allah tərəfindən gələn bir sınaq olduğunu və bu sınaqdan ibrət alıb alnıaçıq çıxmanın mühüm əhəmiyyət kəsb etdiyini səsləndirdi. Ancaq bütün bunlara baxmayaraq insanların əksəriyyəti həm özlərinə, həm də digər insanlara zərər verməkdən ehtiyat edərək, izolyasiya və sosial məsafə qaydalarına əməl etməyə başladılar. Beləliklə də, izolyasiya nəticəsində insanların gündəlik həyatında, xüsusilə dindarların insanlararası münasibətlərində, ictimai ibadət yerlərində və dini ayinlərində zəruri məhdudiyyətlər və kəskin dəyişikliklər meydana gəldi.  

Bu kimi yeni məsələlərlə qarşılaşan müsəlmanlar mövcud fiqhi hökmlər baxımından müəyyən qədər çətinlik çəkmiş və müasir İslam hüquqşünasları sözügedən vəziyyət qarşısında meydana gələn dini-hüquqi məsələlərə fərdi və yaxud Fiqh Akademiyası kimi dini bir təşkilat müstəvisində müəyyən fikirlər səsləndirilərək çıxış yolları axtarılmış və müəyyən tövsiyələr və qərarlar almaq məcburiyyətindən qalmışlar. Ümumiyyətlə, müsəlman alimlər və dini məsələlərlə bağlı fitva verən təşkilatlar bu virusa hazırlıqsız yaxalanmaqla yanaşı, fərdi və ya təşkilati səviyyədə müxtəlif münasibətlər bildirilmiş və bəzi məsələlərdə həmfikir olmaqla yanaşı, bəzi məsələlərdə isə fərqli fikirlər irəli sürmüşlər. Odur ki, burada Beynəlxalq Fiqh Akademiyası tərəfindən kovid-19 adı verilən yeni növ koronavirus nəticəsində təşkil edilən qurultayda geniş müzakirələr əsasında İslam alimləri tərəfindən alınan qərar və tövsiyələr müəyyən qədər ixtisarla qeyd olunacaqdır:  

  1. Məlumdur ki, İslam dininin və onun hökmlərinin özünə məxsus xüsusiyyətləri vardır. Sözügedən xüsusiyyətlərdən ən mühüm olanı məşəqqətin aradan qaldırılıb asanlığın gətirilərək öhdəliklərin azaldılması və yüngülləşdirilməsidir. Belə ki, dini-hüquqi bir məsələdə çətinlik yaransa və bu, zərurət dərəcəsinə gedib çıxsa, Uca Allah mükəlləflər üçün qadağaları halal edən müəyyən rüxsətlər qoyur və həmin zərurət aradan qalxana qədər onlara vacib olan şey öhdəliklərindən götürülmüş olur. Şübhəsiz ki, bu, Uca Allahın bəndələrinə olan mərhəmətidir. Odur ki, İslam hüququnda bu kimi məsələləri əhatə edən fiqhi qaydalar vardır. Sözügedən qaydalardan ən mühüm olanları da məşəqqətin aradan qaldırılmalı olduğu, məşəqqət nəticəsində asanlığın gətirilməli olduğu, bir iş daraldıqda, yəni çətinləşib çıxılmaz vəziyyət yarandıqda, genişliyin qaçınılmaz olduğu, insanları qorumaq üçün əzimətlərə yox, məhz rüxsətlərə əməl etməyin vacibliyi, həm zərər verməyin, həm də zərərə zərərlə qarşılıq verməyin qadağan edildiyi, ictimaiyyətlə bağlı məsələlərdə mütləq onların mənafəyinə üstünlük verməyin vacib olduğu, rəhbərin insanların mənafeyini gözləmək məqsədilə mübah olan məsələlərdə müəyyən məhdudiyyətlər qoyma səlahiyyətinin olduğu qaydalarıdır.
  2. Odur ki, canın qorunması və insanın sağlamlığının mühafizəsi baxımından zərurət yaranmışdır. Məhz bu səbəbdən müsəlmanlar bacardıqları qədər özlərini xəstəliklərdən qorumalıdırlar. Çünki İslam dini insanları məhvə aparan hər bir şeydən insanların xilas edilməsini fərz buyurmuşdur. Belə ki, həm xəstəliklərdən qorunmaq, həm də xəstəliklərə məruz qaldıqdan sonra müalicəyə müraciət etmək surətilə canı mühafizə etməklə bağlı hər bir fərdin öhdəlik daşıdığını müəyyən etmişdir. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Ey Allahın bəndələri, müalicə olunun! Çünki Uca Allah qocalıq və ixtiyarlıq istisna olmaqla, hər bir xəstəliyin əlacını vermişdir”. (Əbu Davud, Tibb, 1). Çünki canın qorunması, dinin qorunması, ağlın qorunması, nəslin qorunması və malın qorunması olmaqla bu beş əsasın qorunması İslam dinin ən başlıca məqsədlərindəndir. Uca Allah “Maidə” surəsinin 32-ci ayəsində belə buyurur: Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar.
  3. Hər bir dövlətin insanların mənafeyinə yönəlik olduğu müddətcə – izolyasiya, sosial məsafə, karantin, eləcə də kağız və dəmir pullardan istifadə etməmə qaydalarını tətbiq etmək kimi onların azadlıqlarına müəyyən məhdudiyyətlər qoymaq səlahiyyəti vardır. Şübhəsiz ki, orada yaşayan vətəndaşlar da bu qaydalara əməl etməlidirlər.

f.f.d. Anar Qurbanov

islamveirfan.com

Read Previous

İyul 2020

Read Next

VƏTƏNİ SEVMƏK İMANDANDIR?!