• 21 Dekabr 2024

QURANDA VƏTƏN MÜDAFİƏSİNİN HÖKMÜ

Bir insanın doğulub böyüdüyü, yaşadığı, yeri gələndə ana qucağı kimi sığındığı və uğrunda can verdiyi yerə vətən deyirik. Dilimizdəki “vətən” sözü ərəb dilindəki وَطَنَ / vətənə kəlməsindən götürülmüş və hərfi mənası “bir yeri özünə yurd etmək” deməkdir. Qurani-Kərimdə vətən sözü keçməsə də onun sinonimləri olan مَوَاطِن / məvatin, دار / dar, دِيَار / diyar, بَلَد / bələd بِلَاد / bilad ifadələri keçir. Böyük ərəb mütəfəkkiri və ədəbiyyatçısı əl-Cahiz (ö. 255/869) vətən sevgisinin doğuşdan insanın fitrətində var olduğunu söyləyir və Qurani-Kərimdəki “Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə əmr etsəydik, onlardan az bir hissəsi istisna olmaqla, bunu yerinə yetirməzdilər…”[1] ayəsində vətən sevgisi ilə can sevgisinin bir-birinə tay olduğuna işarə edildiyini qeyd edir.

İslamiyyətdə vətən sevgisi və vətən həsrətinin ilk nümunəsini Həzrət Peyğəmbərin (s.ə.s) öz doğma vətəni olan Məkkədən çıxarılması və bu əsnada kədərli bir halda uzaqdan Məkkəyə baxaraq söylədiyi: “Vallah, sən Allahın yaratdığı yerlərin ən xeyirlisi, Allah dərgahında ən sevimlisisən. Səndən çıxmaq məcburiyyətində qalmasaydım çıxmazdım. Mənim üçün səndən daha gözəl, daha sevimli yurd yoxdur…” sözlərində görürük. Bunun müqabilində Uca Allahdan gələn “(Ey Peyğəmbər!) Şübhəsiz, Quranı (oxumağı və təbliğ etməyi) sənə fərz buyuran Allah səni qayıdacağın yerə (Məkkəyə) mütləq qaytaracaqdır.”[2] buyuruqla Allah Rəsulunun (s.ə.s) təkrar öz vətəninə geri qayıdacağı müjdələnmişdir. Həmçinin “Vətən sevgisi imandandır!” şüarının tarix boyu İslam mədəniyyətində zərbi-məsəl halına gəldiyi də danılmaz bir həqiqətdir. Qurani-Kərimin “Vaxtilə sizdən: “Bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə əhd almışdıq. Sonra şahidlik edərək (bu əhdi) təsdiqlədiniz”[3]“Sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun və həddi aşmayın! Şübhəsiz ki, Allah həddi aşanları sevmir!”[4] ayələrində Allah-Təalanın möminlərə öz vətənlərini müdafiə etmələrini əmr etdiyini görürük. Bu ayələrdən də aydın olur ki, hər hansı bir düşmən hücumuna qarşı Uca Allah bizə düşmənə qarşı vuruşmağımızı və vətənimizi müdafiə etməyimizi əmr edir. Eyni zamanda ayədəki “həddi aşmayın!” ifadəsi ilə bundan on dörd əsir əvvəldən müharibə cinayətləri barəsində möminləri xəbərdar edir.

[1] Nisa, 4/66.

[2] Qəsəs, 28/85.

[3] Bəqərə, 2/84.

[4] Bəqərə, 2/190.

f.f.d. Ələddin SULTANOV

islamveirfan

Read Previous

VİRUSA YOLUXUB VƏFAT EDƏN İNSANIN CƏNAZƏ NAMAZI QILINARMI?

Read Next

18 ÖLKƏDƏKİ 329 TÜRK MEMARLIQ ƏSƏRİ KİLSƏYƏ ÇEVRİLİB