Ruhun əslini və təfsilini Rəbbimiz bilir (İsra 85).
Tərif; Ruh insanın öncə özünü, sonra Allahı tanıması sayəsində doğru yolu taparaq məsud olması üçün ona yüklənən nurani və şərəfli cövhərdir. Ruh insana verilmiş elə bir mayakdır ki, ətrafını çox qatı dumanlar qaplamadığı müddətcə insana yol göstərər. Lakin insan öz cahilliyi və zalimliyi ilə qara dumanlara qərq olarsa o zaman mayak aciz qalar və nəticədə insan əmanətə xəyanət edər. (Əhzab 72)
Nəfs kəlməsi Quranda bir çox mənada işlədilsə də biz ruhla əlaqəli olan mənasını izah edəcəyik.
Tərif; Nəfs ruhun insan bədəninə üfləndikdən sonrakı halıdır. Yəni ruh bədənə üfləndikdən sonra nəfs adlanır. Ruh insana ana bətnindəykən üflənir və bu ərəfədə nəfs olaraq mütmainnə məqamında öz seyrinə başlayır. Bu məqam Quranda ən gözəl məqam “əhsən-i təqvim” olaraq adlanır (Tin 4). Təəsüflər olsun ki, insan böyüdükcə onun seyri daha da ucalara deyil çox vaxt aşağıya doğru, Quran təbiri ilə “əsfəl-i səfilin”ə tərəf davam edir (Tin 5).
Mələklər ölüm anında zalimlərə “çıxarın nəfslərinizi!….” deyirlər (Ənam 93). Ölüm və yuxu anında bədəndən çıxan şeyi Rəbbimiz nəfs adlandırmışdır (Zümər 42). Nəfs bədəndən çıxdıqdan sonra ruh adlanır və bunun hədislərdə də dəlilləri çoxdur (Nəsai, Cənaiz 9).
Ruhlar bədənə üfləndiyində pak ikən həyatı boyunca insanlar onu kirləndirirlər. Rəbbini tanımayanların nəfsləri, yəni ruhları bədənlərində daralır, qaralır, öz təravətini itirir və nəticədə ölümdən sonra bu cür ruhlar Allah tərəfindən qabul olunmur və əzaba düçar edilir. Bunun tam əksinə Rəbbini tanıyan və paklığını qoruyan nəfs isə öldükdən sonra Allah tərəfindən hüzura qəbul olunur. İnsan Allaha yaxınlaşdıqca nəfsin/ruhun ülviliyi və nuru artır, beləliklə onun qəlbi genişlənir və o insan hikmət və mərhəmət qaynağına çevrilir. İnsan Allahdan uzaqlaşdığında nəfsi/ruhu cılızlaşaraq taqətdən düşər beləliklə, sahibinə dəstək yox, yük olmağa başlayır. Zamanla insanda mənəvi xəstəliklər əmələ gəlir və nəfsin/ruhun səsi sayılan vicdan artıq lallaşır.
Allah ruhumuzu nurlandırsın, ağlımızı artırsın və qəlbimizi genişlətsin. Amin.
Rəşad Manafov
islamveirfan