• 22 Dekabr 2024

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Şeytanın əsas məqsədi insanları Allahın yolundan uzaqlaşdırmaq, günahlara təşviq etməkdir. O, bu məqsədinə çatmaq üçün müxtəlif üsullardan istifadə edir. Onun əsas üsullarından biri Cəhənnəmə getməyə səbəb olacaq böyük günahları insana kiçik göstərməkdir. Böyük İslam alimlərindən biri şeytanın insan üçün necə böyük təhlükə olduğunu bu sözlərlə dilə gətirir: “Diqqətli ol, (addımını) diqqətlə at, batmaqdan qorx. Bir loğma, bir kəlmə, bir qığılcım, bir işarə və bir öpməklə batma!” Təbii ki, bunların sayını artırmaq da olar. Məsələn, başqasını xor görmək, kimisə qınamaq, jest və mimikalarla həmsöhbətin səviyyəsizliyinə eyham vurmaq və bənzər davranışlar bəzi insanlara görə, əhəmiyyətsiz sayıla bilər. Ancaq Uca Allah dərgahında bu cür əməllər heç də kiçik sayılmır.

Ən təhlükəli şeylər də elə kiçik görünən əməllərdir.

Bəzən bir əqrəb kobradan daha təhlükəli ola bilər. Yəni gəlişi, səs-sədası ilə özünü hiss elətdirən düşmən böyük olsa da, ona qarşı tədbir almaq və təhlükəni azaltmaq mümkündür. Əqrəb isə səssiz-sədasız gəlir. Bəzən yorğanın, bəzən də yastığın altında gizlənə və heç gözləmədiyi anda insanı sanca bilər. Yəni onun verəcəyi zərərdən qorunmaq daha çətindir. Günah və xətalara da bu yöndən baxmaq lazımdır. Günahlar içərisində də daha çox çox kiçik görünənlərdən çəkinmək gərəklidir.

Mömin böyük-kiçik demədən dinin günah saydığı və qadağan etdiyi hər şeydən uzaq durmalı, üstəlik bunlardan qorunmaq üçün həmişə Allaha dua etməlidir. Bəzi kiçik şeylər var ki, böyük şeyləri uda bilər. Qəlb də bunlardan biridir. Qəlbin dünyaları özünə sığdıracaq qabiliyyətləri var. Ancaq kiçik görünən bəzi şeylər onu asanlıqla qaralda bilər. Necə ki, Rəsulullah (s.a.s.) bir hədisində işlənilən hər günahın qəlbdə qara ləkə əmələ gətirdiyini və həmin ləkələrin çoxalaraq qəlbə yayılacağını bildirmişdir.[1]

Şeytan insanları xarakter və vəziyyətinə uyğun əməllərlə günaha təşviq edir. Bunun üçün hər cür üsula əl atır. Onun daha çox istifadə etdiyi müəyyən metodlar var. O, əsasən insanların çarəsiz qaldığı, səbir etməkdə çətinlik çəkdiyi məqamlarda hücuma keçir.

Şeytanın bəzi həmlələri bunlardır:

Şöhrətpərəstlik – şeytan insanı ən çox günaha təşviq etdiyi vasitələrdən biridir. Bunun əlamətləri hər insanda özünü fərqli şəkildə göstərə bilər. Öz lehində danışılmaqdan və yazılmaqdan xoşu gəlmək, bir məclisə girəndə insanlarına ayağa qalxmasını istəmək, əks halda bundan incimək, həmişə insanlardan alqış və təqdir gözləmək kimi əlamətlər şöhrətpərəstlik xəstəliyinin təzahürüdür. Halbuki Rəsulullah (s.a.s.) bir məclisə girəndə ayağa qalxmağı qadağan edərək belə deyirdi:

Əcəmlərin böyükləri üçün ayağa qalxdığı kimi siz də ayağa qalxmayın.”[2]

Rəsulullah (s.a.s.) bu hərəkətilə həm böyük təvazökarlıq nümayiş etdirmiş, həm də möminlər üçün önəmli bir dini qayda qoymuşdur. Alqışdan, tərifdən, özü üçün ayağa qalxılmaqdan xoşu gələn əslində həqiqi xoşlanılacaq şeyləri itirər və axirətdəki haqqından dünyada istifadə etmiş olar.

Öz rahatlığını hər şeydən üstün tutmaq sayılan tənpərvərlik də şeytanın ən çox istifadə elədiyi vasitələrdəndir. Bu da insanı həlaka sürükləyən amillərdən biridir. Yemək-içmək, yatmaq, həddən artıq istirahətə, əyləncəyə düşkünlük, həmişə rahatlığını və bədənin istəklərini fikirləşmək də şeytanın dəyərləndirəcəyi fürsətlərdəndir. Əslində insan bunlar üçün yaradılmayıb. Təbii ki, insan yemək, içmək kimi halal nemətlərdən və ləzzətlərdən itifadə etməlidir. Ancaq bunlar möminin amalına çevrilməməlidir. Onun əsas qayəsi Allaha qulluq, insanları tövhidə, haqq və həqiqətə səsləmək olmalıdır.

Şeytan insanların zəif yönlərini kəşf etməkdə “usta”dır. Hər insana necə yanaşacağını çox yaxşı bilir. Məsələn, bir insan nəfsinə çox düşkündürsə, şeytan onu bu yöndən günaha təşviq edir. Ola bilər ki, onu müxtəlif bəhanələrlə aldadaraq namünasib yerlərə səsləsin. Üzməyin sünnət olduğunu fısıldayaraq çimərliklərə aparsın… Bu və bənzəri şeylərlə onu qəlbindən elə vurar ki, ayağa qalxması çox çətin olar.

Şeytan görür ki, bir başqasının pula qarşı hərisliyi var. Haramlara təşviq edərək, qeyri-qanunu yollaraq sövq edərək onun bu zəifliyindən istifadə edir. Boynuna taxdığı kəndirlə onu istədiyi tərəfə çəkir. Həmin şəxs şeytanın əmri ilə hərəkət elədiyini anlamır. Öz iradəsi ilə qərar verdiyini düşünür. Hətta bəzən qanuni hərəkət elədiyini fikirləşir. Əslində isə çoxdan şeytanın oyuncağına çevrilmişdir.

Şeytanın ən çox istifadə elədiyi şeylərdən biri də həsəd və qısqanclıq hissidir. Həsəd “filankəsdə yox, məndə olsun” şəklində düşünməkdir. Rəsulullah (s.a.s.) bir hədisində həsədin möminə verdiyi zərəri belə bildirmişdir:

Aman, həsəddən uzaq olun! Çünki həsəd odun odunu (və ya otları) yandırıb kül etdiyi kimi, əməl və yaxşılıqları məhv edir.[3]

Həsən Bəsri həzrətləri isə həsəd haqda belə demişdir: “Mən həsəd edəndən daha çox məzluma görünüşlü zalim görmədim.”[4]

Əgər bir insan başqalarının uğurlarından narahat olursa, deməli, şeytan asanlıqla ona oyun oynaya bilər. Öz işində mahir olan şeytan belə bir boşluğu gözdən qaçırmaz. İnsandakı qısqanclıq hissini elə dəyərləndirər ki, nəticədə onun məhvinə səbəb olar.

Doğru istifadə edildiyi təqdirdə faydalı olan qibtə və rəqabət belə şeytan üçün əhəmiyyətli fürsət sayıla bilər. Belə ki, qibtə və rəqabət hissi həsədlə qonşudur. Bir mənada onlar əkiz kimidirlər. Məşru rəqabətin mənası budur: “Qardaşlarım gördükləri gözəl işlərlə Cənnətə tərəf addımlayırlar. Mən də onlara zərər vermədən onlar kimi addımlamalı, xeyir işlərdə onlardan geri qalmamalıyam. Burada olduğu kimi inşallah axirətdə də onlarda bərabər olacağam.” Quran: “(Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! [5] və “Qoy yarışanlar onun üçün yarışsınlar![6] kimi ayələrlə möminləri xeyirdə yarışmağa səsləyir.

Şeytan çox vaxt bu düşüncədən də sui-istifadə etmək istəyir. İnsanın daxilindəki qısqanclıq hissini hərəkətə keçirərək qibtəni həsədə çevirir. Bu dəfə həmin insan: “Niyə o uğur qazanır ki? Əslində onun yerində mən olmalıyam.” şəklində düşünməyə başlayır. Beləcə insanda həsəd hissi baş qaldırır və həsəd apardıqlarının önünə keçməyə, onlara zərər verməyə çalışır. İçindəki rəqabət hissini başqalarına badalaq vurmaqla həyata keçirməyə cəhd edir. Çox vaxt məsələ bununla da bitmir və daha böyük təhlükələrə səbəb olacaq həddə gəlib çatır. Bu da nəticədə insan sırf öz dinindən, məzhəbindən olmayanlara qarşı mövqe almasına qədər gedib çıxır.

Həsəd hissi, başqalarını gözü götürməmək İslam tarixində həzrət Əlinin xilafəti dövründə başlayan və əsrlərlə davam edən müxtəlif qarışıqlıqların da əsas səbəbi olmuşdur. İslam tarixində Xaricilər, Zübeyrilər, Əməvilər, Abbasilər kimi bir çox qruplar ortaya çıxmışdır. Müəyyən şəxs və fikirlər ətrafında birləşən insanlar başqalarına düşmən kəsilmiş və qanlı savaşlara səbəb olmuşlar. “Onun əvəzinə mən başçı olmalı idim” düşüncəsilə hərəkət edən bəzi qruplar bir çox insana qan uddurmuşdur. Çox vaxt müsəlmanlar bir-birləri ilə didişdiklərinə görə də Allah kafir və zalimləri onlara urcah etmişdir. Çünki zalim Allahın qılıncıdır, bəzilərini onunla cəzalandırar. Sonra da zalimin cəzasını Özü verər.

Bütün bu mənfi hislərdən qurtulmağın və şeytanın oyunlarına alət olmamağın yolu güclü iman və Allaha təslimiyyətdən keçir. Mömin imanı tam “həzm etməyi” bacarıbsa, Allahın izni ilə “həzmi” ən çətin şeylərin belə öhdəsindən gələ bilər. Üstəlik bir İslam aliminin dediyi kimi: “Biz məhəbbət fədailəriyik, düşmənçiliyə vaxtımız yoxdur.” deyərək bütün insanlığı qucaqlayar. Məqsədi ancaq pislik etmək olan insanların belə islahı üçün dua edər, hər yerdə sülh və hüzurun hakim olması üçün əlindən gələni əsirgəməz. Başqalarına qarşı mənfi şeylər düşünməz…

Xülasə, şeytanın oyunlarına gəlməmək üçün kiçik şeyləri görməzlikdən gəlməmək lazımdır.  “Bundan heç nə olmaz” düşüncəsinin şeytanın insana oynadığı böyük oyunlardan olduğunu xatırlamaq mömin üçün çox əhəmiyyətlidir.

Mənbə: meneviyyat.az


[1] Tirmizi, Təfsirul-Quran, 83.
[2] Əbu Davud, Ədəb 165.
[3] Əbu Davud, Ədəb 44; İbn Macə, Zöhd, 22.
[4] İbn Abdi Rabbih, əl-İqdül-fərid, II, 158; əl-Qurtubi, əl-Cami li əhkamil-Quran V, 251.
[5] Bəqərə surəsi, 2/148; Maidə surəsi, 5/48.
[6] Mutaffifin surəsi, 83/26.

Read Previous

HÖRMƏTLİ XANIMLAR VƏ BƏYLƏR, BUNLARI ETMƏYİN!

Read Next

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi?