Səhərdən axşama qədər çalışıb daha çox pul qazanıb, övladlarımızın sosial rifahını yaxşılaşdırmaq üçün dəridən qabıqdan çıxırıq. Bununla da çox vaxt elə düşünürük ki, bir valideyn olaraq öz vəzifəmizin öhdəsindən layiqincə gəlirik. Ancaq bu heç də belə deyil. Bu dəfə sizə uşaq tərbiyəsində valideynlərin etdiyi ən böyük 5 səhv haqqında danışacam.
1. Nə qədər böyüsələr də onları uşaq kimi görmək
Doğurdan da belədir. Uşaqlar hansı yaşda olursa-olsun onlar öz valideynlərinin gözündə uşaq kimi görünür. Çox vaxt valideynlər uşaqlarının heç böyümədiyini zənn edərək həyatda onların qarşılaşdıqları çətinlikləri özləri dəf etməyə çalışır. Müəyyən bir yaşdan sonra valideynlərinin hesabına həyatın heç bir çətinliyini görməyən gənclər valideynlərinin yoxluğunda öz ayaqları üzərində durmağa çətinlik çəkir. Əgər övladlarınızın gələcəkdə belə bir problemlə qarşılaşmalarını istəmirsinizsə hər yaşda qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmələrinə şərait yaradın və onlara güvənin. Çünki həyatda qarşımıza çıxan çətinliklər bilov daşı kimidir, biz ona sürtüldükcə itilənirik…
2. Evliliyi həyatın mərkəzinə almamaq
Həyat yoldaşınıza münasibətiniz, uşaqlara bəslədiyiniz münasibətdən aşağı olmamalıdır. Həyat yoldaşınız və övladlarınız arasında quracağınız tarazılıq çox önəmlidir. Gün ərzində həyat yoldaşınıza ayırdığınız vaxt və ona qarşı xoş münasibətiniz uşağınızın diqqətindən yayınmayacaq. Ana-atanın bir-birinə verdiyi dəyəri, duyduğu sevgini uşağın da hiss edəcəyini görəcəksiniz. Və nəhayət, həyat yoldaşınızla qurduğunuz bu isti münasibət övladınızın xarakterinə müsbət təsir göstərəcəkdir.
3. Uşaqların sosial fəaliyyətlərini düzgün qurmamaq
Son zamanlar hamı bir-birinin bəhsinə girib öz dərsləri azmış kimi uşağı bir neçə fəaliyyətlə o cümlədən xarici dil, musiqi və rəqs kimi əlavə işlərlə də məşğul olmağa məcbur edir. Bütün günü dolu olan uşaq nə normal uşaqlıq həyatını yaşayır, nə də ailə fərdləri içərisində istədiyi qədər vaxt keçirə bilir. Bu da ailədaxili ünsiyyət probleminin əsasını təşkil edir. Əslində biz özladlarımızı özümüzdən bu şəkildə uzaqlaşdırırıq. Günün əksər hissəsinin ailədən uzaqda keçirən uşaq istər-istəməz başqa düşüncələrin təsiri altına düşür. Uşağın daha yaxşı gələcəyinin olmasını istəyiriksə sevgidən uzaq onu daha çox şeyi öyrənməyə deyil ona öz sevgimizi verərək daha faydalı şeyləri öyrənməyə istiqamətləndirməliyik.
4. Valideyn olduğumuz unutmaq
Uşaqlarımız bizdən onlara dost olmağımızı deyil həqiqi ata-ana olmağımızı istəyir. Unutmayın ki, uşaqlarını böyüdükçə onların kifayət qədər dostları olacaq, ancaq valideynləri əsla. Valideynin vəzifəsi də uşaqlarla araya divar hörmədən, hər işdə onlara əmr vermədən onlarla həyatı sevgi içərisində yaşamaqdır. Hər bir valideyn öz uşağının maddi ehtiyaclarını qarşıladığı kimi mənəvi ehtiyaclarından da məsuldur.
5. Uşaqlarımızdan bizim xəyallarımızı gerçəkləşdirmələrini gözləmək
Uşaqlarımızın genetik olaraq bizlərdən fərqli olduğunu qəbul etməliyik. Onların bizdən fərqli xarakterləri və potensiyalları var. Uşaqlarımızı öz qəliblərimizin içərisinə həbs etməyə isə haqqımız yoxdur. Biz əgər xəyalımızdakı həkim, hakim və mühəndis ola bilməmişiksə uşaqlarımızı bu sahələrə məcbur edib özümüzü tətmin etməyə çalışmaq haqsızlıqdır. Bir şeyi də unutmayaq ki ən xoşbəxt insan sevdiyi işlə məşğul olan insandır.
Son olaraq bir müdrikin sözləri ilə bitirmək istəyirəm. “Övladlarımızın gələcəyinin yaxşı olması üçün onlara yedirdiyimiz qidaların halal və haramlılığına diqqət edin. Əgər uşaqlarınıza halal qazancınızla yedirirsinizsə onların gələcəkləri ilə bağlı narahat olmağa dəyməz. Harda olurlarsa olsunlar mayaları sağlam olduğu üçün istiqamətləri dəyişməz”.
Eldar Kərimov
islamveirfan.com