• 21 Dekabr 2024

XEYİRLİ AİLƏ BAŞÇISI NECƏ OLMALIDIR?

Həyatdakı rahatlığımızın və xoşbəxtliyimizin əsaslarından biri də ömrümüzü içərisində keçirdiyimiz evimizdir. Ortaq həyatı paylaşaraq bölüşdüyümüz ailə fərdlərimizdir. Ümumi mənada ailənin xoşbəxtliyin mənbəyi olması şübhəsiz ki ailənin əsas təməl ünsürü olan bəylə xanımın qarşılıqlı münasibətləri ilə yaxından əlaqədardır.

İndi bəylərə 2 sual soruşaraq onların necə bir ailə başçısı olduqlarını özlərinin təsbit etmələrini istəyəcəyik.

Birinci sual: Siz həqiqətən yaxşı ailə başçısısınız yoxsa pis? Özünüzü heç də çətinə salmayın. “Mən bilmərəm” deməyin. Bunu müəyyən etməyin sadə yolu var. “Siz evə gəldiyiniz zaman xanımız narahat olmağa başlayır, evdən çıxdığınız zaman da rahatlayırmı?” bu sualı vicdanınızla dəyərləndirib cavabı özünüz verin. Evə gəldiyiniz zaman həyat yoldaşınız sıxılır və narahat olursa yaxşı ailə başçısı deyilsiniz, bunu bilin və özünüzə çəki-düzən verin. Bunun dəlili səhabələrin həyatında vardır. Bir söhbətində Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “İnsanların ən pisi ailəsinə (haqsız yerə) sıxıntı verəndir!”

Bu sözə heyrət edən səhabələrdən biri Hz. Peyğəmbərdən (s.ə.s) soruşur: Ya Rəsulallah! Ailəsinə sıxıntı vermək necə olur?” bu suala Hz. Peyğəmbər (s.ə.s) belə cavab verir: “Ailə başçısı evinə gəldiyi zaman həyat yoldaşı ürpərər, övladları qorxar, evdən çıxdığı zaman da həyat yoldaşının üzü gülər və ev əhli rahatlayarsa bu hal ailəsinə sıxıntı verməsinin işarəsi və xeyirsizliyin dəlilidir!”

Bəli, hədisi-şərifin bu hissəsində biz sualımızı yenidən təkrarlayır və deyirik ki: Ailə başçıları! Öz-özünüzü kontrol edin! Siz gündüz çalışdığınız işinizdən evə qayıtdığınız zaman evdə belə bir panika yaşanır, “Yenə gəldi bu xeyirsiz!” deyiləcək şəkildə bir məmnuniyyətsizlik meydana gətirirsinizmi? Səhər işə gedərkən evi tərk etdiyiniz zaman uşaqlar və həyat yoldaşınız “Nə yaxşı oldu, rədd olub getdi bir az nəfəs alarıq!” deyiləcək kimi bir hissin doğmasına səbəb olursunuzmu? əgər belə bir hal yaşanırsa bu heç də xeyirə əlamət deyil. Özünüzə təcili çəki-düzən verməyiniz lazımdır.

Bu prinsipi başqa hədisi-şərifdə də görürük: “Sizin ən xeyirliniz, ailəsinə xeyirli olandır!”

Ailə rəislərinə ikinci sualımız bu olacaqdır: İşdən qayıtdığınız zaman dərhal evinizə gəlirisinizmi? Yoxsa çayxana və ya başqa yerlərdə vaxt öldürüb sonra evə qayıdırsınız? Əgər bu kimi yerlərdə əylənib qalır və evi başsız qoyursunuzsa növbəti bir ailə rəisliyi mükəlləfiyətinizə qarşı laqeydlik edirsiz və xeyirsizlik işarələrindən birini də işləmiş olursuz.

Beləliklə bunun dəlili də Hz. Peyğəmbərdəndir (s.ə.s). Səhabələr belə nəql edir ki, “Biz Rəsulullahın (s.ə.s) söhbətlərində iştirak edərdik. Söhbətimiz qurtarar-qurtarmaz Rəsulullah (s.ə.s) bizdən ayrılar, dərhal evinə, ailəsinin yanına gedərdi, başqa yerdə əylənib vaxt keçirməzdi”.  

Deməli məcburi işlərimiz bitib gündəlik çalışmalarımız qurtardığı zaman başqa yerlərdə vaxt keçirməyib dərhal evə qayıdıb gün boyu evdə tək qalan həyat yoldaşımızın yalnızlığını aradan qaldırmalıyıq. Həyat yoldaşının da hüquqlarını düşünmək ailə rəisinin əsas vəzifələrindəndir. Bütün bunları nəzərə almayıb, sadəcə öz əyləncəsini düşünmək ailə rəisinin vəzifə səhlənkarlığından başqa bir şey deyildir.

Son olaraq bəylərə yenidən soruşaq. Necə düşünürsünüz? 1-Evdə ailənizə haqsız basqınız varmı? 2- İşiniz bitdiyi zaman başqa yerlərdə əylənərək evinizi unudursunuzmu?

Unutmayın! Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bütün bədbəxt ailələr isə özlərinə xas yollarla  bədbəxtdir.

Dr. Eldar Kərimov

Read Previous

Qurani-Kərim Oxumağı Əmr Edir

Read Next

Oktyabr 2020