• 24 Avqust 2019

Əri ölən vəya boşanan qadının iddət müddəti (sual-cavab)

imagesSUAL:Bilirik ki, dinimizə görə əri ölən və ya boşanan qadın iddət müddəti gözləməlidir. Bunun əsas səbəbi də əvvəlki ərindən hamilə olub-olmadığını bilməkdir. Müasir dövrümüzdə tibbin inkişafı nəticəsində isə bunu asanlıqla öyrənmək mümkündür. Belə olan təqdirdə yenə iddət müddəti gözlənməlidir, yoxsa zamanın dəyişməsi ilə hökmün də dəyişməsi reallaşır?

CAVAB:Uca Allah Qurani-Kərimdə əri vəfat etmi və ya boşanmış hər bir müsəlman qadının iddət müddəti gözləməli olduğunu əmr etmişdir. Əri vəfat etmiş qadın dörd ay on gün (Bəqərə, 2/234), boşanmış qadın üç heyz (ay başı) və ya üç təmizlik müddəti (Bəqərə, 2/228), hamilə qadın isə, əri vəfat etmiş və ya boşanmışsa, uşağı dünyaya gətirənə qədər (Talaq, 65/1) iddət gözləməlidir. İddət müddəti gözləmənin bir sıra səbəb və hikmətləri vardır. Bunlardan birincisi və ən əsası həmin müddət ərzində qadının hamilə olub-olmadığı aydınlaşır və beləliklə dünyaya gələcək uşağın nəsli, yəni atalığı müəyyən edilmiş olur. Digər səbəbi isə, (boşanma zamanı) ər-arvadın bir-birlərinə yaxınlaşmadan eyni evdə və ya başqa evlərdə bir müddət yaşayıb fikirləşməklə bir-birlərini sevib-sevmədiklərinə, təkrar birləşmək istəyib-istəmədiklərinə qərar vermələri imkanını təmin etməkdir. Ər-arvad bəzi anlaşılmazlıqlar səbəbilə əsəbi halda boşanmış ola bilərlər, sonradan da etdiklərinə görə peşmançılıq çəkə bilərlər. Məhz bu səbəbdən boşanma, yəni bir və ya iki talaqla boşanma ailənin dağılmaması üçün uzun bir müddətə bağlanmış və evlilik bağı tam qopmamaşdır. Odur ki, iddət gözləmənin ən mühüm hikmətlərindən biri də ər-arvadın bir müddət evlilik münasibətlərindən uzaqlaşıb düzgün düşünərək barışmaları üçün zəmin hazırlanması və onlara fürsət verilməsidir. Bundan əlavə əri vəfat etmiş qadının iddət müddəti gözləməsi həyatının yeni bir mərhələsinə psixoloji cəhətdən hazırlanmasına da köməklik edir. Qeyd etmək lazımdır ki, İslamın gətirdiyi əməli hökmlər ibadətlər və müamilələr olmaqla iki qisimdir. Bunlardan birincisi olan ibadətlər sırf Allahın razılığını əldə etmək üçün yerinə yetirilən və şəkli Uca Allah tərəfindən müəyyən edilmiş namaz, zəkat, oruc və s. kimi ibadətlərin şüurlu şəkildə edildiyi əməllərdir. Müamilələr isə, insanların həm bir-biriləri ilə, həm də cəmiyyətlə olan münasibətlərini tənzimləyən hökmlərdir. Buna da nikah, boşanma, əqdlər, vərəsəlik, alqı-satqı kimi müamilələr misal verilə bilər. Belə olan təqdirdə hökmü ayə və hədislərdə açıq şəkildə mövcud olmayan məsələlər haqqında qiyas etmək üçün, qiyasın ən mühüm rüknü olan illətin (səbəbin) müəyyən edilməsinə ehtiyac vardır. Məhz bu səbəbdən üsulşünaslar (fiqh üsulu alimləri) İslamda illəti təsbit edilə bilən və ya əqlin illətini dərk edə bilmədiyi nəsləri bir-birindən fərqləndirmişlər. Beləliklə də illəti müəyyən edilən nəslərin hökmü, onlarla eyni hökmü daşıyan digər məsələlərə də tətbiqi mümkün olarkən, təəbbüdi deyilən, yəni təlil edilməyən, illəti təsbit edilə bilməyən hökmlərdə isə qiyas etmək mümkün deyildir və bu kimi qiyas etibarsızdır. Məhz iddət məfhumu da təəbbüdi hökmlərdən olduğu üçün, hərçənd ki, bir sıra hikmətlərini ortaya qoymaq mümkündür, lakin tam şəkildə illəti, yəni hökmün qoyulma səbəbi bilinmədiyi üçün, dövrümüzdə onun əsas səbəblərindən biri ortadan qalxdığı üçün iddət gözləmə hökmünü ləğv etmək caiz deyildir. Nəticə etibarilə, müamilələr sahəsində də təəbbüdi qəbul edilən və sırf Allah əmr etdiyi üçün yerinə yetirilməli olan hökmlər vardır. Məhz iddət də bu hökmlərdəndir. Hərçənd ki, ağıl bu hökmü düşündükdə, yuxarıda qeyd edilən müxtəlif səbəblər və hikmətlər ortaya qoyur, dövrümüzdə tibbin inkişaf etməsi ilə həmin səbəblər ortadan qalxsa belə bunun iddət müddətinə hər hansı təsiri yoxdur. Çünki qadınların gözləmə müddətləri olan iddət və bunun müddəti Uca Allah tərəfindən əmr edilmişdir.

mənbə:

irfandergisi.com

Oxunub: Bu gün - 2 dəfə, Cəmi - 858 dəfə.

calal calalov

Read Previous

“Halal” komissiya yaradıldı.

Read Next

Suriyada çəkilən bu fotoşəkil bütün dünyanı şoka saldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.