• 18 Oktyabr 2019

MERAC VƏ NAMAZ

      Merac ve namaz
 Möhtərəm möminlər! Aləmlərə rəhmət olaraq göndərilən sevimli Peyğəmbərimizə (səs) Rəcəb ayının iyirmi yeddinci gecəsində İsra və Merac möcüzəsi verilmişdir. Allah Rəsulunun (səs) gecənin bir anında Məkkədəki Məscid-i Haramdan, Məscid-i Aqsaya aparılmasına İsra; Məscid-i Aqsadan da göylərə yüksəldilib İlahi ayələrin özünə göstərilməsinə də Merac adı verilmişdir. İsra və Merac möcüzəsinin başlanğıcı və sonu Qurani-Kərimdə, geniş açıqlaması da hədisi şəriflərldə mövcutdur . İsra və Merac möcüzəsini inkar etmək ayə və hədisi inkar etmək deməkdir ki, bu da küfrdür. Qurani-Kərimdə adını bu hadisədən götürmüş ayrıca İsra surəsi vardır. Həmin surənin birinci ayəsində belə buyurulur:

 «Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidu’l-haramdan ətrafını mübarək etdiyimiz Məscidu’l-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, eşidəndir, görəndir»

 Başqa bir ayədə isə belə buyurulur:

 “And olsun ki, (Peyğəmbər meracda) öz Rəbbinin ən böyük qüdrət nişanələrindən (möcüzələrindən) bir qismini gördü.” Abdulla bin Məsudun bildirdiyinə görə Peyğəmbərimiz (səs) İsra və Merac səfərindən ümmətinə üç hədiyyə gətirmişdir. Bunlar: 1.Beş vaxt namaz. 2.Bəqərə surəsinin son iki ayəsi. 3.Allaha şərik qoşmayanların bağışlanacağı müjdəsi.

Möhtərəm möninlər! O halda gəlin Allaha bütün varlığımızla təslim olaq. Namaz qılmaqla gündə beş dəfə merac edək. Beş vaxt namazlarımıza diqqət edək. O namaz ki, İslamın ən mühüm əlamətidir. Namaz Peyğəmbərimizin (səs) “gözümün nuru” deyə ifadə etdiyi bir ibadətdir. Namaz dinin dirəyidir. Namaz elə bir ibadətdir ki, Hz. Peyğəmbər (səs) heç bir zaman onda güzəştə getməmişdir. Yeni müsəlman olanlardan namaz barəsində həvəssiz olanlara icazə verməmiş və namazsız bir dinin olmayacağını ifadə etmişdir. Bununla bağlı aşağıdakı bu rəvayət diqqətimizi cəlb edir:

Sakif heyəti onlardan (zəkatın bir növü olan) öşür alınmamasını, cihada çağırılmamalarını və namazın onlara fərz qılınmamasını Allah Rəsulunun qarşısında şərt qoymuşdular. Buna cavab olaraq Allah Rəsulu (səs) belə buyurdu:

 “Sizdən öşür alınmasın, cihada da çağrılmayın. Amma rükusuz (namazsız) bir dində xeyir yoxdur.”

Hz. Peyğəmbər (səs) namaza o qədər əhəmiyyət vermişdir ki, vəfat edərkən belə ümmətinə namaza riayət etmələrini əmr etmişdir. Ümmü Sələmə (r.anhə) anamız belə deyir:

Rəsulullahın (səs) son vəsiyyətlərindən biri də bu oldu: “Amandı, namaza diqqət edin! Amandı, namaza diqqət edin! Əmriniz altındakı insanların haqlarına riayət edin!” Hz. Peyğəmbər (səs) bu sözü o qədər təkrarladı ki, mübarək dili söyləyə bilməyəcək hala düşdüyündən bunları ürəyində təkrarlamağa başladı. Namazın əhəmiyyətindən bəhs edən bir çox ayələrdə vardır. Onlardan bəziləri bunlardır:

“Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” “Əhlinə (ailənə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et”

Digər bir ayədə isə belə buyurulur: “Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; . Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)”. Burada cəhənnəmə düşən insanların etiraf etdiyi ilk günah namazı tərk etmələri olmuşdur. Sonra digər günahlar gəlir. Bu diqqət edilməsi vacib olan mühüm bir xüsusiyyətdir.

 Əbu-Dərda (r.a.) nəql edir: Canımdan çox sevdiyim Rəsulullah (səs) mənə belə tövsiyə etdi: “Parça-parça edilsən də, odda yansan da, əsla heç bir şeyi Allaha şərik qoşma! Heç bir fərz namazını da qəsdən tərk ermə! Kim namazı qəsdən tərk edərsə, həmin adam Allah təalanın himayəsindən, hifz və əmanından uzaq qalar.

” Uca Allah cümləmizi merac hadisəsini lazımınca anlayıb ondan ibrət alan qullarından etsin! Meracda fərz qılınan beş vaxt namazı haqqıyla qılanlardan etsin! O namaz ki bizi çirkin və pis işlərdən çəkindirir: Necə ki bir ayədə buyurulur:

 “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.”

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 242 dəfə.

Müşfiq Xəlilov

Read Previous

ÖVLADIN VALIDEYNLƏRİNƏ QARŞI VƏZİFƏSİ

Read Next

İslamda Borc.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.