• 25 Avqust 2019

Aşurə və Kərbala facisəi

Aşurə və Kərbəla faciəsiMöhtərəm müsəlmanlar! bu il Noyabr ayının iyirmi beşinə təsadüf edən Aşurə günü Məhərrəm ayının onuncu günüdür. Bu günün fəziləti ilə əlaqədar Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur: “Ramazan orucundan sonra ən fəzilətli oruc, Məhərrəm ayında tutulan (Aşura) orucudur”[1]

Əziz qardaşlar, Məhərrəm ayı tarix boyunca insanlıq üçün sevindirici və kədərləndirici hadisələrin baş verdiyi bir aydır.  Məhərrəm ayının İslam dünyasında bu qədər məşhurlaşmasının səbəbi bu ayda Kərbala faciəsinin baş verməsidir. Hicri tarixlə altmış birinci ildə Peyğəmbərimizin (səs) nəslindən gələn bir qrup seçkin insan Kərbalada vəhşicəsinə şəhid edilmişdir. Bu faciə İslam tarixinin gördüyü ən dəhşətli hadisələrdən biridir. Bu cinayətin İslam dünyasının bağrında açdığı yara hələ də qanamaqdadır. Peyğəmbərimizi və onun mübarək əhli beytini sevən hər bir müsəlmanı bu hadisə dərindən kədərləndirməkdədir. Hz. Hüseyn, Peyğəmbərimizin həm əmisi oğlu, həm də kürəkəni olan Hz. Əli ilə cənnət qadınlarının anası Hz. Fatimənin övladıdır. Hz. Hüseyn, Hz. Peyğəmbərin: “Dünyanın iki çiçəyi, axitətdə də cənnətdəki uşaqların əfəndiləri”[2] dediyi iki nəvəsindən biridir. Hz. Hüseyn, Peyğəmbərimizin: “Allahım! Mən onları sevirəm, sən də onları sev!”[3] deyə dua etdiyi və  adını şəxsən qoyduğu nəvəsidir.

     Əziz müsəlmanlar! Əhli beyt, yəni “Ev xalqı” Hz. Peyğəmbərin ailə fərdləri deməkdir. Onlar Hz. Peyğəmbərin xoşbəxt ailəsində yetişən, Onun məhəbbətlə dolu olan könlündən feyz alan müstəsna şəxsiyyətlərdir. Onların hər biri bir ulduzdur. Uca Allah, onlar haqqında belə buyurur: “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər![4] Hz. Peyğəmbər də əhli-beyti, səhabələri sevməyimizi və onları özümüzə rəhbər tutmağı tövsiyə etmişdir. Əhli-beyti sevmək və onları hər zaman xeyirlə yad etmək hər  bir müsəlmanın vəzifəsi olmalıdır. Hz. Peyğəmbər (səs) belə buyurur: “Allah Təalanı sizi nemətləri ilə təmin etdiyi üçün sevin. Məni, Allahı sevdiyiniz üçün sevin. Əhli-beyt də məni sevdiyiniz üçün sevin!”[5] Əhli-beyt sevgisi o qədər mühümdür ki Hz. Peyğəmbər, namazlarımızda belə ət Təhiyyat duasından sonra oxuduğumuz Salli Barik dualarında da Ali-Muhamməd deyərək əhli-beyt üçün dua etməyimizi istəmişdir.

   Möhtərəm Qardaşlar! İslam tarixinin silinməz yaddaşına həkk olan Kərbala faciəsinin səbəbkarları və bu cinayəti işləyənlərin hər biri Allahın qəzəbinə düçar olmuşdur. Onun üçün bu gün bizlərə yaraşan qardaşlıq havası içində bu cinayəti törədənləri qınamaq, Kərbala faciəsi haqqında kitablar oxuyaraq Hz. Hüseyni yad etmək, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün Uca Allaha dua etmək və bu hadisədən ibrət almaqdır. Sinə döymək, qan çıxartmaq vs. kimi insana əziyyət verən davranışlar dinimizə görə heç də doğru deyildir.

Hz. Hüseyn şəhid edilməsindən bir müddət əvvəl, öz sevimli bacısı seyyidə Hz. Zeynəbə onun ölümü uzərinə bu cür matəm saxlamamsı üçün nəsihət edərək belə demişdir: “Mənim əziz bacım! Sənə and verirəm (Allaha), mən ölsəm paltarlarını yırtma,  üz-gözünü cırma,   mənə görə kiməsə lənət oxuma, öz ölümünü istəmə!”[6] Necə ki Hz. Peyğəmbər (səs) belə buyurmuşdur: “(ölən adamın arxasınca) özünü döyən, sinə paltarını cıran bizdən deyildir.”[7]

Hz. Hüseynin qarşısında iki yol var idi: zillətlə yaşamaq, şərəflə ölmək! Hz. Hüseyn ikincisini üstün tutdu. Döyüşə girdi, dostları, qohum-əqrabası və altı aylıq südəmər körpəsi ilə birlikdə şəhid oldu.  O bu qərarı verməklə islamın təhrif olunmasının qarşısını aldı. Bəzilərinin düşündüyü kimi O bu mübarizəni hakimiyyət uğrunda aparmırdı. O islamı yaşatmaq üçün bu mübarizəni apardı və şəhidliyi seçdi. O, mübarək babasının Hz. Muhammədin (s) yolunu davam etdirmək üçün bu mücadiləni apardı və haqqın rəhmətinə qovuşdu. O, bu tarixi savaşı yenilməz iradəsi ilə sanki bütün insanlara demək istəyirdi ki, İslamı təhrif etmək istəyən qüvvələr var, onlara boyun əyməyin izzət-nəfsinizi qoruyun, şərəflə yaşayın.

Əziz möminlər, Hər bir müsəlman  Kərbala faciəsini geniş bir şəkildə təhlil edən müəyyən kitabları oxumalıdır. Çox təəssüflə qeyd edim ki, əhli-sünnə camaatına mənsub olan bir müsəlman kimi bu faciə haqqında yetərincə məlumatımız yoxdur. Əhli-beyti sevdiyini iddia edən hər bir mömin bu hadisəni dərindən öyrənməli və bundan ibrət almalıdır. Onun üçün bu barədə geniş bir bilgiyə sahib olmayan qardaşlar mütləq bu barədə bir kitab oxusun. Hz. Hüseynin Kərbala çöllərində niyə və kimlər tərəfindən şəhid edildiyini oxusun. Hz. Hüseynin haqsızlığa boyun əymədiyini Zalimə itaət etmədiyini oxusun. Başda Hz. Hüseyn və altı aylıq südəmər körpəsi olmaqla birlikdə 72 müsəlmanın faciəvi bir şəkildə şəhid edildiyin oxusun. Peyğəmbərimizin (s) bağrına basdığı O başın nə üçün kəsildiyini oxusun.

   Möhtərəm möminlər,  bu hadisəni oxuduqda görəcəyik ki, bu faciənin nə şiəliklə nə də sünniliklə heç bir əlaqəsi yoxdur.  Bu hadisədən çox bəhs etmək şiəlik, heç söz açmamaqda sünnilik deyildir. Bu faciə qəlbində əhli-beyt sevgisi olan hər bir müsəlmanın bağrını yardığı bir faciədir. Bu faciə Allahı bir, Peyğəmbəri bir, qibləsi bir olan milyonlarca müsəlmanın faciəsidir. Bu faciə Əhli-beytdən bir fərd olan Hz. Hüseyni sevənlərin faciəsidir.

Nəticə olaraq bunları deyə bilərik ki, özünü müsəlman olaraq qəbul edən hər bir kəs bu hadisəni geniş bir şəkildə oxuyub təhlil etməli və ondan ibrət almalıdır.

      Kerbala Faciesi 2

 

 

23  Noyabr  2012 /8 Məhərrəm 1434


[1] Müslim, Siyam 202, 203. Əbu Davud, Savm 56.

[2] Buxari, Mənaqib, 22.

[3] Tirmizi Mənaqib, 31.

[4] əl-Əhzab, 33.

[5] Tirmizi, Mənaqib, 3, 3789.

[6] əl-Kamil, İbn Kəsir IV.

[7] Buxari, əl-Cənaiz, 1294.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 602 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Hicrət və Məhərrəm ayı.

Read Next

Aşura və Kərbala

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.