• 22 Sentyabr 2020

Azərbaycanda “28 May” Respublika Günü qeyd olunur

1918-ci il May ayının 28-də, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 2020-ci may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu və Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş verib.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri də tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.

Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ildə Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

Yüz iki il əvvəlki müstəqil Azərbaycanın taleyinə uzunömürlülük yazılmayıbmış. İlk cümhuriyyətimizin doğuluşu tarixin dolaşıq vaxtına düşmüşdü. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.

Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinəşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu.

Bütün Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə, minber.az komandası adından səmimi qəlbdən təbrik edirik.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 10 dəfə.

calal calalov

Read Previous

MAYIN 29-DA AYASOFİYADA CÜMƏ NAMAZI QILINACAQMI? – ERBAŞDAN AÇIQLAMA

Read Next

Sizdən daha çox verən var