• 22 Aprel 2019

Camaat namazında topuqları birləşdirmək

Camaatla namaz qılarkən ayaqların birləşdirilməsi haqqında hədislər varmı?

Uca  Allah bütün işlərdə müsəlmanlardan nizamlı olmağı, birliyi və möhkəmliyi istəmişdir. Bu eyni zamanda müsəlmanların ibadətlərində də öz əksini tapmışdır:
“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.” (Səf 4)
Bu ayə bütün əməllərdə, o cümlədən camaatla qılınan namazda da müsəlmanların saflarını sıx tutması, bir-birlərindən aralı durmamalarını da bizlərə xatırlatmaqdadır. Ayrıca Allah Rəsulundan gələn bir çox hədislər də namazlarda səfləri sıx tutmaq, aralarda boş yer buraxmamaq, səfləri düz tutmağı bizə əmr edir.
Allah Rəsulu buyurur: “Səflərinizi düz tutun. Çün ki, səflərin düz olması namazın kamilləşdirən xüsuslardandır.” (Buxari, Müslim, Əbu Davud).
Digər bir hədisdə isə belə deyilir: “Səflərinizi düz tutun. Çiyinlərinizi bir bərabərdə tutun, aralıqları doldurun. Səfi düzəltmək üçün əlinizdən tutup irəli çəkən qardaşlarınızla yumşaq davranın. Aranızda şeytanın girə biləcəyi boşluqlar buraxmayın. Allah səflərini bitişik tutanların könüllərini xoş edər. Səflərini düz tutmayanlara da Allah nemətlərini kəsər. (Əbu Davud)
Ənəs (r.a) rəvayət edir ki, “Allah rəsulu ilə namaz qılmaq üçün iqamə gətirilmişdi. Bu zaman Rəsulullah dönərək belə dedi: “Səflərinizi dümdüz tutun və bir-birinizə sıx dayanın. Çünki mən sizi arxamdan da görürəm”  (Buxari, Müslim)
Yuxarıdakı hədislər namazda səfləri düz tutmağa, eyni zamanda arada yer buraxmayacaq dərəcədə də yaxın, bir-birinə bitişik durmağı buyurmaqdadır.
Konkret ayaqların birləşməsinə gəlincə əvvəla deyək ki, “ayaqlarınızı birləşdirin” deyə açıq-aydın Allah Rəsulundan bir rəvayətə rast gəlmədik.  Fəqət bu barədə səhabələrin tətbiqatı bizə məlumdur. Bunları nəzərlərinizə çatdırırıq:
Buxaridə keçən bir rəvayətdə hz Ənəs belə deyir: Bizim hər birimiz çiynini yanındakı dostunun çiyninə, ayaqlarını da yanındakı dostunun ayaqlarına birləşdirərdi.”. Eyni zamanda Buxari bu hədisi “Səhihində” yerləşdirdiyi babı (fəsili) “Çiyinləri və ayaqları birləşdirilməsi babı” adlandırmışdır.
Ayaqları birləşdirmək barəsində ikinci bir işarət də yenə səhabənin tətbiqatına aiddir.
Numan bin Bəşir deyir: Rəsulullah insanlara tərəf üzünü çevirdi və dedi: “Səflərinizi düzəldin, səflərinizi düzəldin, səflərinizi düzəldin. Vallahi ya səflərinizi düzəldəcəksiniz, ya da Allah qəlbləriniz arasında ixtilaf salacaq.” Sonra Numan bin Bəşir belə dedi: Mən bundan sonra insanların çiyinlərini yoldaşının çiyinləri, dizlərini və topuqlarını da yoldaşının diz və topuqları ilə birləşdirdiyini gördüm.” (Əbu Dabud)
Gördüyünüz kimi bu hədisdə Rəsulullah arxasında dayananlara, səflərini düzəltməyi əmr etməkdədir. Yuxarıda digər bir hədisində də səfləri sıx tutmağı və arada boş yer qoymamağı buyurur. Səhabələr isə Rəsulullahın bu əmrini çiyin, diz və topuqlarını birləşdirmək olaraq anlayırlar və belə də tətbiq edirlər. Və Rəsulullah bunu görür və etirazını bildirmir. Beləliklə namazda yanındakının ayaqları ilə ayaqları birləşdirmək bir sünnət halına gəlmiş olur.
Bu məsələdə bir əhəmiyyətli məsələyə də toxunmaq istərdik. Çox adam bu hədisləri namazda dabanları yanındakının dabanına birləşdirmək olaraq anlayır və bu məsələdə ifrata gedirlər. Əslində bu, ayağı bütünlükdə (yəni dizlərdən topuqlara qədər) yanındakının ayaqlarına birləşdirməkdir ki, ən yuxarı nahiyədə də çiyinlər də bu bərabərdə birləşmiş olur.  Bu məsələdə dabanların birləşməsinə əhəmiyyət verib ayaqlarınızı iki tərəfədə araladığınız zaman əksərən ayaqlarınız həddindən artıq aralanır və çiyinləriniz (bədəniniz) yanınızdakı adamın çiyinlərindən aralanır. Bu isə Rəsulullahın şeytan üçün boş yer buraxmamaq əmrinin pozulmasıdır. Şeytanı buraxmamaq prinsipi isə ayaqları birləşdirməkdən daha əfzəl və daha ehtiyat edilməsi gərəkən bir prinsipdir. Məsələnin digər yönü də bəzi qardaşların namaz vaxtı topuqları birləşdirməyə həddindən artıq diqqət etməsi son nəticədə namazda xüşunun itməsinə səbəb olur. Və ya yandakı adamı rəncidə edir ki, bu da (başqasını rəncidə, narahat etmək) İslamın prinsiplərinə ziddir. Buna görə bu sünnəti yerinə yetirdiyimiz zaman sadaladığımız məsələlərə diqqət etməli, bir sünnəti yerinə yetirərməyimiz digər vacibləri pozmağımıza imkan yaratmamlıdır.
Allah sizdən razı olsun.

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 409 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Quran Həyat Kitabıdır

Read Next

Namaz Və Şeytan

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir